Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5593/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3371,84 manat-bundan 1076,21 manat əsas, 686,81 manat faiz, 1454,02 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesbalanmış 154,80 manat faiz borcu və iş üzrə ödənilmiş 53,72 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış E-54-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə ödəmək şərtilə 4000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında E-54-14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 180 nömrəli, 310921 SSUDA hesablı Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən bank müştəriyə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. D/T 180 AZN saylı, xx.xx.2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin E54-14 saylı, xx.xx.2014- cü il tarixli Kredit müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişikliyə dair xx.xx.2017-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısında olan D/T 180 AZN saylı, xx.xx.2014 tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə qalıq 609,47 AZN borc və E54-14 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə qalıq 502,88 AZN borc öhdəliklərinin məbləğlərini xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə birləşdirilərək həmin müqavilənin müddətini uzatmaqla əlavə və dəyişikliklər olunmuşdur. Həmin müqavilə üzrə Borcalanın Kreditor qarşısında olan öhdəliklərinin əsas borc məbləqlərinin qalığı cəmi 1112,35 AZN hesablanmışdır. Kreditin müddəti 24 ay uzadılmışdır. xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1112,35 AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək hesablanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********622 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3371,84 (üç min üç yüz yetmiş bir manat, 84 qəpik) AZN təşkil edir. Bundan 1076,21 (bir min yetmiş altı manat, 21 qəpik) AZN əsas, 686,81 (altı yüz səksən altı manat, 81 qəpik) AZN faiz, 1454,02 (bir min dörd yüz əlli dörd manat, 02 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 154,80 (yüz əlli dörd manat, 80 qəpik) AZN faiz borcu təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi restrukturizasiyaya düşmüşdür.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, xx.xx.2014cü il tarixdə bankdan 4000 manat kredit götürmüşdür. Zamin olan digər cavabdeh isə onun dostudur. Məhkəmədən əvvəl banka müraciət edərək əsas borcu qəbul etdiyini və onu ödəyə biləcəyini desə də, bank onunla razlaşmamışdır. Hazırda banka olan əsas borcu qəbul edir. Lakin faiz və cərimə borcunu qəbul etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. “Dəmirbank" ASC ilə X2 arasında bağlanmış 17 mart 2014-cü il tarixli, E54- 14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 30% faiz hesablanmaqla 24 ay müddətinə, aylıq ödəniş 224 manat olmaqla, 4000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2014-cü il, sonuncu ödəniş tarixi xx.xx.2016-cı il olaraq müəyyən edilmişdir
7. “Dəmirbank" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 17 mart 2014-cü il tarixli, zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2014-cü il tarixli, E54-14 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
8. 18.03.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 4000 manat məbləğində kredit verilmişdir.
9. “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, № D/T180 AZN (“Dəmir Taksit” kredit kartı) müqaviləsindən görünür ki, bank müştəri üçün 24 ay müddətinə kart buraxır, müştəriyə 300 manat məbləğində, 36 ay müddətinə kredit xətti açmağı, müştəri isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürür.
10. E54-14 saylı, 17 mart 2014-cü il tarixli Kredit Müqaviləsi və D/T180 AZN saylı. xx.xx.2014-cü il tarixli Dəmir Taksit Kredit kartı müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 31 avqust 2017-ci il tarixli, № 1 saylı Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında E-54-14 saylı, 17 mart 2014-cü il tarixli Kredit müqaviləsi üzrə 609,47 manat təşkil edən əsas borc, № D/T180 AZN saylı, 11 sentyabr 2014-cü il tarixli Dəmir Taksit Kredit kartı müqaviləsi üzrə 502,88 manat təşkil edən əsas borc məbləğlərinin qalıqları bu saziş üzrə birləşdirilir. Sazişin 1.2-ci bəndinə əsasən bu saziş üzrə borcalanın kreditor qarşısında kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi 1112,35 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır.
11. Saziş əsasında verilən ödəniş cədvəlindən görünür ki, 1112,35 manat borca görə ilkin ödəniş tarixi xx.xx.2017-ci il, sonuncu ödəniş tarixi xx.xx.2019-cu il, aylıq ödəniş məbləği isə 53,93 manat müəyən edilmişdir.
12. “Dəmirbank" ASC ilə zammin- Cavabdeh2 və Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli ZM1/036T08170087 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləsinin predmeti xx.xx.2017-ci il tarixli, 036T08170087 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir.
13. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixliŞ xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borca görə 1076,21 manat, müqavilə müddəti üzrə faiz borcuna görə 686 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə borcuna görə 1454,02 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 1032 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 154,80 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 3371 manat hesablanmışdır.
14. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən cavabdehlərə xx.xx.2022ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir.
15. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh1 E54-14 saylı, 17 mart 2014-cü il tarixli Kredit Müqaviləsi və D/T180 AZN saylı. xx.xx.2014-cü il tarixli Dəmir Taksit Kredit kartı müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 31 avqust 2017-ci il tarixli, № 1 saylı Əlavə Saziş kredit borcundan 36,14 manatı güzəştli kompensasiya məbləği kimi nəzərə alınaraq kredit borcunun qalıq hissəsinə yönəldilmiş və restrukturizasiya olunmalı məbləğ 1076,21 manat məbləğində müəyyən edilmişdir.
16. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün tərəfidən 53,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
17. İddiaçı ilə cavabdehlər arasında kredit müqavilələrindən və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 1) Cavabdeh1 ilə bank arasında E-54-14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə 4000 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə Cavabdeh2 ilə Bank arasında E-54-14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 2) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 180 nömrəli, 310921 SSUDA hesablı Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqavilə bağlanmış və bank tərəfindən müştəriyə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. 3) daha sonra D/T 180 AZN saylı, xx.xx.2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin E54-14 saylı, xx.xx.2014- cü il tarixli Kredit müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişikliyə dair xx.xx.2017-cı il tarixli Əlavə Saziş imzalanmış və hər iki müqavilə üzrə qalıq borc məbləğləri birləşdirilməklə, 1112,35 AZN cəmi borc hesablanmış, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. 4) borc məbləği barədə maliyyə arayışı xx.xx.2022-ci il tarixinə aiddir, 5) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və kredit müqaviləsi üzrə restrukturizasiya məbləği 1076,21 manat müəyyən edilmişdir, 6) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir, 7) borcalan isə iddia tələbini əsas borc məbləğinə münasibətdə qəbul etsə də, tələb edilən faiz və cərimə borcuna münasibətdə iddia tələbini qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir
26. Lakin məhkəmə tələb olunan borc məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Mərkəzi Bankının kompensasiya məbləğinin sorğulanması barədə məlumatından görünür ki, manatla olan kredit müqaviləsi fərmanın restrukturizasiya hissəsinə düşmüş və qalıq borcu 1076.21 manat müəyyən edilmişdir.
27. Bu baxımdan məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir.
28. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
29. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir.
30. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir.
31. Həmin qaydaların 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur.
32. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
33. Odur ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı borcalana kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
34. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
35. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
36. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
37. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır.
38. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
39. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il (illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.
40. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
41. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin banka olan əsas kredit borcu məbləği iş materiallarında ola maliyyə arayışı ilə öz təsdiqini tapır. Həmçinin cavabdeh tərəfindən ondan tələb edilən əsas borc məbləği mübahisələndirilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında əsas borc məbləğini ödəmək niyyətində olduğunu, əsas borcu qəbul etdiyini bildirmiş, lakin tələb edilən faiz və cərimə borclarını qəbul etmədiyini bildirmişdir.
42. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin Cavabdeh2 tutulması hissəsində də iddianı əsaslı hesab etmir.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
44. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
45. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
46. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır.
47. Göründüyü kimi zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı (E54-14 saylı, 17 mart 2014-cü il tarixli Kredit Müqaviləsi və D/T180 AZN saylı. xx.xx.2014-cü il tarixli Dəmir Taksit Kredit kartı müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 31 avqust 2017-ci il tarixli, № 1 saylı Əlavə Sazişə əsasən) 31 avqust 2019-cu il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, iddia tələbi ilə 25 avqust 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
49. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
50. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
53. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 1076,21 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. İş üzrə ödənilmiş 53,72 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 1076,21 (bir min yetmiş altı manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 53,72 (əlli üç manat, yetmiş iki) manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev