Məhkəmə qərarları › İş №e-2(001)-560/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-560/2024

15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-560/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8244 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 104 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8448 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY-73 saylı “X1” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 Minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD780538 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA049988, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 8244 manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də, o, həmin vaxt avtomobil “RS Avtoservis”-də 8244 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 8244 manat zərər dəymişdir. Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən cavabdehdən 8244 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 104 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8448 manat pul vəsaiti tutulmalıdır. Həmçinin onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndinə əsasən tərəflər onlar arasında gələcəkdı yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, məbləğ çox şişirdilib, o, həmin məbləğin bir qismini ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli X1ndən və ona 1 saylı Əlavədən görünür ki, lizinq verən “Ravon R3” markalı avtomobil lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, birinci “Ravon R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya icarəyə vermişdir. Müqaviləyə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; Nəqliyvat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə; Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə; Nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə; Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər,akkumlyator. və.s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə: Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə; Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, N.Babayev küçəsində “Ravon R3” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozulmuş, nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “RS” AvtoServis tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ravon Nexia R3 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər cəmi 8244 manat təşkil edir. Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh avtomobilə dəymiş 8244 manat məbləğində zərəri xx.xx.2023-cü il tarixinədək müqavilə ödənilməsi, əks halda aralarında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7060,0 manat müəyyən edilir. Buraxılış ili 2020-ci il olan “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyyat hissələrinin təqdim edilmiş avtomobilin fotoşəkilləri ilə müqayisədə uyğunluq ekspert əmtəəşünaslıq predmetinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmadı. Qeyd edilir ki, nəqliyyat vasitəsələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası xx.xx.2015-ci il tarixli 422-li məktubundan göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(001)-6172/2023 №-li mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktı əsasında hesablanır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 14 saylı Vəkil bürosunun hesabına 100 manat məbləğində hüquqi xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 104 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən icarəyəgötürən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya nasaz halda verməsinə baxmayaraq, nasaz hala salınmış hissələrinin dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri, N.Babayev küçəsində hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Hazırda iddiaçı həmin zərərin və ödənilmiş rüsumların cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından, həmçinin Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7060 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 1000 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Göründüyü kimi, müqaviləyə əsasən cavabdeh 1000 manat ödəniş etmişdir. Belə olan halda, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya vurduğu zərəri, yəni 6060 manat məbləği iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6060 manat məbləğində maddi ziyan, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 104 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6060 (altı min altmış) manat məbləğində maddi ziyan, 100 (yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 104 (yüz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar