Məhkəmə qərarları › İş №e-2(001)-5600/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5600/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5600/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 vərəsəsi olan cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit üzrə 2795,51 manat əsas borc və 92,16 manat faiz borcu olmaqla, cəmi 2887,67 manat borc və ödənilmiş 47,95 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********94 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 2800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, V-353 nömrəli vərəsəlik işinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 X4 qanun üzrə vərəsələridirlər. Yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli, BPM**********94 nömrəli tam kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borca görə 2795,51 manat, faiz borcuna görə 92,16 manat olmaqla, cəmi 2887.67 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək hazırda həmin borcu tam şəkildə ödəmək qabiliyyətində olmadığını bildirdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. "xxxx" ASC ilə borclu X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********94 saylı nömrəli tam kart müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla 2800 manat məbləğində kredit verilmişdir.

7. Maliyyə arayışına əsasən X4 xx.xx.2024-cü il tarixə 2795,51 manat əsas borcu və 92,16 manat faiz borcu olmaqla, cəmi 2887,67 manat borcu vardır.

8. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 132 nömrə ilə qeyd edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

10. 3 saylı Bakı “ASAN” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1591 nömrəli cavab məktubundan görünür ki, X4 vəfatı ilə əlaqədar vərəsəsi oğlu Cavabdeh1 müraciəti əsasında V-353/2023 saylı vərəsəlik işi açılmışdır. Qanunla nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunduqdan sonra Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə veriləcəkdir.

11. Cavabdeh1 **********057 nömrəli, xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X3 qalmış miras əmlakı qəbul etmiş və mirasın tərkibi digər daşınar əmlakdan ibarətdir. Həmçinin ərizədə qeyd olunmuşdur ki, ondan başqa qanun üzrə vərəsə olaraq Cavabdeh2 vardır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

12. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

13. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X7 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X7 xx.xx.2023cü il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

16. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

17. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

18. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X7 öldükdən sonra digər daşınar əmlak miras qalmışdır. İddiaçı ilə X7 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehlər iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Belə ki, Cavabdeh1 **********057 nömrəli, xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, cavabdehlər mərhumun mirasını qəbul etmişlər.

21. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2795,51 manat əsas borc və 92,16 manat faiz borc olmaqla, ümumilikdə 2887,67 manat məbləğində borc tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

22. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 47,95 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2795,51 manat əsas borc və 92,16 manat faiz borc olmaqla, ümumilikdə 2887,67 (iki min səkkiz yüz səksən yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc, ödənilmiş 47,95 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar