Məhkəmə qərarları › İş №e-2(001)-561/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-561/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-561/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X1 (işçi) və Nümayəndə2 (vəkil) iştirakları ilə İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 fevral 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş zərərin əvəzi kimi 22000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qapı-pəncərə ustasıdır. 2021-ci ilin oktyabr ayında vətəndaş Rövşən Qənbərovun mənzilinə plastik qapı-pəncərə və buna aid digər zəruri materialların alınması ilə bağlı ona təqdim edilmiş 22000 manat pul müqabilində cavabdehdən “Rehau” firmasına mənsub plastik qapı-pəncərə və ona aid digər zəruri materialları almışdır. Qapı-pəncərənin özü üçün 8000 manat, ona aid hissələr və təmir üçün 14000 manat pul verməklə həmin materialları almışdır. Qapı-pəncərəni sifarişçinin, yəni Rövşən Qənbərovun evinə quraşdırdığı vaxtdan təxminən 3-4 ay keçdikdən sonra Rövşən Qənbərov ona alınan materialların keyfiyyətsiz olduğunu, qüsurlar aşkarlandığını və nəticədə maddi zərər çəkdiyini bildirmişdir. İddiaçı quraşdırmanı mövcud standartlara uyğun apardığını və zərərin məhsuldaki qüsrularla bağlı olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etdikdə, ilk öncə cavabdeh zərəri aradan qaldıracağını bildirsə də, sonradan bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya hansı forma və qaydada zərər vurulduğu mülahizə şəklində verilmiş, heç bir fakt və ya rəsmi sənədlə öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçının ərizəsinin hüquqi əsası, onun iddia olunan zərərin ödənilməsinin mülki qanunvericilikdə nəzərdə tutulan hüquqi əsası ilə uyğun gəlmir. Belə ki, ərizəçi iddia edir ki, cavabdehdən mal-material almışdır və qüsurlu mal-materiala görə cavabdeh məsuliyyət daşıyır. Halbuki, iddia həmin iddia ərizəsində özü etiraf edir ki, usta fəaliyyəti ilə məşğul olur və 2021-ci ilin təxminən oktyabr ayında vətəndaş Rövşən Qənbərovun mənzili üçün plastik qapı-pəncərə və buna aid digər zəruri materialların alınması ilə bağlı Cavabdeh MMC-yə müraciət etmiş və REHAU firmasına mənsub plastik qapı-pəncərə materialı və ona zəruri digər materiallar almışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasda alğı-satqı hüquq münasibətləri yaranmışdır. Ərizəçi özü tərəfindən sifarişçi Rövşən Qənbərovun mənzilində quraşdırılan, montaj edilən qapı-pəncərənin qüsurlu və keyfiyyətsiz olmasına görə, emal olunmamış şəkildə, yəni xammal kimi mal – material aldığı satıcını təqsirləndirə bilməz. Mülki Məcəllənin podrat müqaviləsi münasibətlərinə görə icraçı sifarişçinin qarşısında məsuliyyət daşıyır. Ərizəçi cavabdehdən aldığı mal-materialı digər bir müəssisədə, sexdə (və ya özünün sexində) kəsmiş (kəsdirmiş), montaj və quraşdırma işlərini özü icra etmişdir. Belə olduğu halda, onun tərəfindən alınan mal-materialın bütövlüyü, tamlığı pozulmuş, həmin mal-material kənar müdaxiləyə, emal proseduruna məruz qalmışdır. Belə olduğu halda, mal-materialın qüsurundan yox, onun emala məruz qaldığı anda qeyri-standart dəzgahlardan, avadanlıqlardan, emal prosesindən, saxlama şəraitindən, keyfiyyətsiz iş görülməsindən və s. danışıla bilər. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, Rövşən Qənbərov qüsurlu işi aşkar etdikdən sonra, özü birbaşa cavabdeh şirkətə müraciət etmiş, onunla müqavilə bağlanmış və həm mal-materialın verilməsi, həm də podrat işinin (kəsim, montaj, quraşdırılma) cavabdeh tərəfindən icra edilərək ona təhvil verilməsi təmin olunmuşdur. Əgər cavabdehin satdığı profillər və materiallar keyfiyyətsiz olmuşsa, onda nə üçün sifarişçi yenidən bizim mal-materialdan istifadə etmişdir? Həmçinin ikinci dəfə montaj işini də bizə gördürmüşdür. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, o, cavabdehdən aldığı mal-materialı sifarişçinin mənzilinə uyğun emal etmiş, lakin, qapı-pəncərə quraşdırıldıqdan bir müddət sonra materialın qüsurlu olduğu aşkarlanmışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 da iddia ərizəsində göstərilənləri təsdiq edib, iddiaya etirazda göstərilənlərin əsassız olduğunu, cavabdeh tərəfindən iddiaçıya satılmış keyfiyyətsiz məhsula görə iddiaçının 22000 manat zərərə məruz qaldığını bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etirazda göstərilənləri təsdiq edib, iddianı qəbul etmədiklərini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, iddiaçının tələb etdiyi 22000 manatın 8000 manat hissəsini materialın qiyməti təşkil edir. Qalan 14000 manat isə alınmış vintlər və digər xırda hissələr, həmçinin iddiaçının usta kimi əmək haqqı kimi cavabdehdən tələb edilir. İddiaçı tərəfindən yalnız 8000 manatlıq məhsulun cavabdehdən alınmasına dair sübut məhkəməyə təqdim edilmişdir. Məhsulların qüsurlu olmasına münasibətdə isə bildirilir ki, cavabdeh şirkət uzun illərdir ki qapı-pəncərə və s. satışı ilə məşğuldur. İddiaçı özü də deməsinə görə ustadır və onun cavabdehdən məhsulu alarkən keyfiyyətini, qüsurlu olub-olmamasını yoxlamaması ağılasığan deyil. Həmçinin, cavabdeh şirkətin müvafiq işçiləri də məhsul satışı həyata keçirərkən onu əvvəlcə özləri yoxlayıb, qüsursuz olduğuna əmin olduqdan sonra satırlar. İddiaçı özü də etiraf edir ki, o, cavabdehdən aldığı malı sirafişçinin evinə uyğunlaşdırmaq üçün emal etmişdir. Güman ki, məhz iddiaçının özünün gördüyü emal işlərinin nəticəsi olaraq məhsul keyfiyyətsiz hala qalmışdır. Əgər cavabdeh şirkətin satdığı mal, gördüyü iş keyfiyyətsiz olsaydı, işdə adı sifarişçi kimi qeyd edilən Rövşən Qənbərov sonradan şirkətə müraciət edərək evinə yeni məhsullar sifariş etməzdi, həmçinin quraşdırma xidmətini də onlara həvalə etməzdi. Sonda Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 digər nümayəndəsi Nümayəndə2 izahatına uyğun izahat verib, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli “Malzeme teklifi” adlanan siyahıdan görünür ki, iddiaçıya ümumi dəyəri 8000 manat olan bir neçə adda məhsul təklif edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 20 fevral 2022-ci il tarixli “Təhvil və Qəbul Aktı”ndan görünür ki, Rövşən Qənbərov cavabdehdən ümumi dəyəri 18271,2 manat olan PVC qapı və pəncərə işlərinin görülməsi üçün sifariş vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. - 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. - 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Tərəflər arasında plastik qapı-pəncərə və buna aid digər zəruri materialların alğısatqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklərinin yaranması işin mübahisəziz halıdır. İddiaçı alınan materialların keyfiyyətsiz olduğunu, qüsurlar aşkarlandığını və nəticədə maddi zərər çəkdiyini iddia edir, cavabdeh alınmış malların iddiaçı tərəfindən quraşdırılma işləri üçün yenidən emala məruz qaldığı üçün yararsız hala düşdüyünü qeyd edərək iddiaya etiraz edir. İlk növbədə məhkəmə qeyd edir ki, alınmış malların qüsurlu olması iş üzrə müəyyən edilməməklə yanaşı, iddiaçı bu qüsurların sifarişçi Rövşən Qənbərovun mənzilində montaj işlərinin aprılması zamanı meydana gəldiyini özü də etiraf edir. Bu quraşdırma-montaj işlərinin isə ilkin alınan materialların müvafiq olaraq yenidən emal ediləndən sonra mümkün olduğu üçün satıcı tərəfindən lazımi keyfiyyətli olmayan materialların satılması kimi qiymətləndirməyə əsas vermir. Qanunvericiliyin yuxarıda sadalanan müddəlarından da göründüyü kimi, əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırki halda isə iddiaçı tərəfindən cavabdehdən alınmış məhsulların yenidən emala məruz qalmadanda keyfiyyətsiz olması sübuta yetirilmir. Həmçinin, iddiaçı usta olduğunu, cavabdehdən məhsulu Rövşən Qənbərovun sifarişinə görə aldığını bildirmiş, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Rövşən Qənbərov sonradan özü şəxsən cavabdeh MMC ilə qapı-pəncərə quraşdırılması ilə bağlı razılaşmış, cavabdehə bu xidmətə və aldığı məhsullara görə 18271,2 manat pul ödəmişdir. Göründüyü kimi, Rövşən Qənbərovun evinə iddiaçı tərəfindən quraşdırılmış məhsulların cavabdeh MMC-dən alındığını bilə-bilə R.Qənbərovun yenidən eyni işlərin görülməsi ilə bağlı cavabdeh MMC-yə müraciət etməsi ağlabatan deyil. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən 22000 manat pul tələb edildiyi halda, nə iş materialları ilə nədə işin məhkəmə araşdırılması ilə cavabdehin iddiaçıya həmin məbləğdə pul ödəməsi sübuta yetirilmir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar