Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5642/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Muğanbank” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı «Muğanbank” ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 5000 ABŞ dolları, cərimə borcu üzrə 871,91, faiz borcu üzrə 311.61 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 399.31 ABŞ dolları olmaqla, ümumilikdə 5710.92 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 117.09 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 196/M saylı müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədləri üçün illik 12 % hesablanmaq şərtilə 12 ay müddətinə 10.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin bitmə tarixi xx.xx.2023-cü ildir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 196/M saylı kredit xətti müqaviləsi (xx.xx.2022- xx.xx.2023) üzrə xx.xx.2025-ci il tarixə yaranmış borc tələbi: 5.000 ABŞ dolları məbləğində əsas, 311,61 ABŞ dolları məbləğində faiz borcu, 399,31 ABŞ dolları AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 5.710,92 ABŞ dolları məbləğində təşkil edir. İddiaçının nümayəndəsi iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, (sms məlumat, elektron kabinet) məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: «Muğanbank” ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 196/M saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana illik 12 ay, illik 12% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)- 54/2023 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi, "xxxx" ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əməkhaqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır . xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 5000 ABŞ dolları məbləğində əsas borcu, 311.61 ABŞ dolları faiz borcu, 399.31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “... ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. İddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 5000 ABŞ dolları əsas borc, 331.61 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 5381.61 ABŞ dolları məbləğində borc tutularaq iddiaçı «Muğanbank” ASC -yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 ABŞ dolları əsas borc, 331.61 ABŞ dolları faiz borcu, 399,31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 5381.61 ABŞ dolları məbləğində borc olmaqla ümumilkdə 5381.61 ABŞ dolları məbləğində borc Mərkəzi Bankın ödəniş gününə olan manat məzənnəsinə uyğun olaraq, həmçinin dövlət rüsumu üçün ödənilmiş məbləğin 117.09 (yüz otuz iki manat, doxsan beş qəpik) manat hissəsi alınaraq iddiaçı ləğv prosesində olan «Muğanbank” ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(001)-5642/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5642/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver