Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5643/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi Alızadə Gəray Rəfail oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı – “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X1 Azərbaycan” QSC) ilə Cavabdeh arasında xx.xx.2023-cü tarixli, 289158 nömrəli Kredit müqaviləsi rəsmiləşdirilmiş və cavabdehə 25000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdehin 48 ay müddətinə kreditin əsas məbləği və ona illik 14% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməsi müəyyənləşdirilmişdir.
2. “X1 Azərbaycan” QSC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3091/2024 saylı qətnaməsi ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilərək cavabdehdən 21728,43 manat məbləğində əsas borcun, 1410,05 manat məbləğində faiz borcunun, 224,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23363,07 manat məbləğində pul vəsaiti və ödənilmiş 160,09 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. İddiaçı Cavabdeh 23523,16 manat pul vəsaitinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 1309,19 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 33,09 manat məbləğində pulun öz xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 289158 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 25000 (iyirmi beş min) manat məbləğində pul ayrılmışdır və о, 48 (qırx səkkiz) ay müddətində illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər Cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə cəmi 23523.16 manat pulun tutulması qət edilmişdir. Cavabdeh(lər) xx.xx.2024-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 1309.19 manat məbləğində Banka maddi zərər dəymişdir.
Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə daxil edilməmişdir.
Tərəflərin izahatları:
7. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etmədiyini, indiyə qədər borcu ilə bağlı az-az ödənişlər etdiyini, 2023-cü ilin noyabr ayından etibarən işləmədiyini, işləmədiyinə görə ödənişlər edə bilmədiyi bildirmiş, həmçinin əlavə etmişdir ki, bu tip iddianın verilməsi onun maddi vəziyyətini daha da ağırlaşdırır, çünki iddiaçı qətnamə üzrə borcumu ödəyib qurtaranadək istədiyi vaxt bu tip iddialar qaldırmaqla ondan yenə də pul tələb edə bilər ki, bu da onun tərəfindən borcun ödənilib bağlanmasına imkan verməyəcəkdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3091/2024 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilərək cavabdehdən 21728,43 manat məbləğində əsas borcun, 1410,05 manat məbləğində faiz borcunun, 224,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23363,07 manat məbləğində pul vəsaiti və ödənilmiş 160,09 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 289158 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5%-lə hesablanmış, ümumilikdə 1309,19 manat məbləğində borcu yaranmışdır.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən qalan 1309,19 manat borc məbləğinin 3 gün ərzində ödənilməsi, əks təqdirdə həmin məbləğin alınması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
12. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdehin (CİF kodu 349078) xx.xx.2025-ci il tarixinə gecikdirilmiş (5% tələbi) borc məbləği 1309,19 manat təşkil edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (Kreditor) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli: - Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. - Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. - Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. - Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. - Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli: - Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. - Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. - Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. - Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
17. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış və cavabdehə istehlak məqsədilə 25000 manat məbləğində pul verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və sözügedən məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3091/2024 saylı qətnaməsi ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilərək cavabdehdən 21728,43 manat məbləğində əsas borcun, 1410,05 manat məbləğində faiz borcunun, 224,59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23363,07 manat məbləğində pul vəsaiti və ödənilmiş 160,09 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Mülki işin tədqiqi zamanı müəyyən edilmişdir ki, borc məbləğinin ödənilməsi ilə bağlı cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticə etibarı ilə dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsi icrasız qalmışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
19. Belə ki, Konstitusiya Məhkəməsinin istinad edilmiş 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd edildiyi kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.
20. Məhkəmə qeyd edir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Mülki qanunvericilikdə pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanuvnericilikdə qeyd edilən tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
22. Beləliklə də məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulan pul məbləği cavabdehlər tərəfindən qətnamə qəbul edildikdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək olan dövr ərzində iddiaçıya ödənilmədiyindən iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, cavabdehdən 1309,19 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə həmçinin iddianın 33,09 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin pul öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
24. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1309,19 manat məbləğində pul vəsaiti və iddia qaldırmaq üçün ödənilmiş 33,09 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi yaranmış 1309,19 (bir min üç yüz doqquz manat on doqquz qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,09 (otuz üç manat doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev