Məhkəmə qərarları › İş №e-2(001)-5668/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5668/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5668/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 795,37 manat məbləğində əsas borc, 39,65 manat məbləğində faiz borcu, 9,17 manat gecikdirilmiş vaxta görə hesablanmış cərimə borcu olmaqla cəmi 844,19 manat məbləğində pul vəsaitinin və həmçinin, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 32080***-*******01L saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə 32FİZAM174469003 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 xx.xx.2023cü il tarixinə İddiaçı ASC-yə 795,37 manat əsas kredit borcu, 39,65 manat kreditdən istifadəyə görə faiz borcu, 9,17 manat gecikdirilmiş əsas borc üzrə cərimə borcu olmaqla, cəmi 844,19 manat borcu qalmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan xx.xx.2021-ci il tarixdə bağlanmış 32080***-*******01L saylı kredit limiti müqaviləsindən görünür ki, İddiaçı ASC borclu Cavabdeh1 120 ay müddətinə, illik 30%-dən ödəmək şərti ilə 100000 manat məbləğində kredit limiti ayırmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 32FİZAM174469003 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2021-ci il tarixli 32080***-*******01L saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin icrası üçün üzərinə məsuliyət götürmüşdür. xx.xx.2021-ci il tarixli 32080***-*******01L saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli Razılaşmadan görünür ki, müqavilə çərçivəsində Cavabdeh1 illik 22%-lə, xx.xx.2022-ci il tarixədək 7500 manat məbləğində kredit verilmiş və zamin Məmmədov X1 ilə tanış olmuşdur. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış 32080***-*******01L saylı müqavilə üzrə borclu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə ödənişləri lazımi qaydada həyata keçirmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin aylıq məbləğinin gecikdirilmiş hissəsi 22% + 5% gecikmə faizi ilə hesablanır.Borcalan müqaviləyə əsasən, verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədikdə yaxud yaxud lazımi qaydada icra etmədikdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin hər ay 492,3 manat olmaqla xx.xx.2022-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 32FİZAM174469003 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bağlanmış 32080***-*******01L saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrası üçün məsuliyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə bağlanmış 32080***-*******01L saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Banka 795,37 manat əsas, 39,65 manat faiz, 9,17 manat əsas borc üzrə hesablanmış cərimə borcu olmaqla, cəmi 844,19 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan və onun göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh1 ilə bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə borclunun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin, Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliklərinin icrası üçün üzərinə məsuliyyət götürmüşdür. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 795,37 manat məbləğində əsas borc, 39,65 manat məbləğində faiz borcu, 9,17 manat məbləğində cərimə borcu olmaqla, cəmi 844,19 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 795,37 (yeddi yüz doxsan beş manat 37 qəpik) manat məbləğində əsas borc, 39,65 (otuz doqquz manat 65 qəpik) manat məbləğində faiz borcu, 9,17 (doqquz manat 17 qəpik) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 874,19 (səkkiz yüz yetmiş dörd manat 19 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar