Məhkəmə qərarları › İş №e-2(001)-567/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-567/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-567/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı “vərəsə qismində tanınma və kredit borcu üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik qaydasında və kredit borcu üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik qaydasında və kredit borcu üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 24 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri qismində tanınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 6886,93 manat əsas borc, 613,48 manat faiz borcu və 200 manat dəbbə borcu olmaqla, cəmi 7700,41 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 97,4 manat dövlət rüsumunun əvəzinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli GARA-1876-21678 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 18.57% faiz olmaqla 36 ay müddətinə 9 000.00 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, X8 və Cavabdeh2 arasında 28 oktyabr 2022-ci il tarixdə GARA-1876-21678+GARA-1878 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 328.00 manat ödəniş etməli idi. X8 24 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. AR Bakı ŞİH MKTD-nin 3 saylı XT MKTB-nin 145 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 108 nömrəli Arayışından bəlli olur ki, mərhum X2 ailə üzvləri arvadı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X1 ibarətdir. X2 10 sentyabr 2024-cü il tarixi üçün verilmiş kredit üzrə 6 886.93 manat əsas borc, 613.48 manat faiz borcu və 200.00 manat dəbbə borcu olmaqla, cəmi 7 700.41 manat borcu borcu yaranmış və ödənilməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirilmişdir ki, borclu vəfat edən tarixə faiz borcu 98.10 manat təşkil etmişdir. Əsas borclu vəfat etdikdən sonra 4 dəfə ödəniş edilmiş və həmin ödənişlər əsas və faiz borcundan silinmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında və yazılı ərizəsində bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu ilə razı deyil, faiz borcunun silinməsini xahiş edir. Həyat yoldaşı xəstə olduğundan müalicəsi ilə bağlı kredit götürülmüşdür. Onların yaşadığı mənzil mülkiyyət hüququ əsasında mərhum yoldaşının adına olmamışdır. Özü əmək fəaliyyəti ilə məşğul olmadığından yaşadıqları mənzildə olan dəyərli əşyaları mərhum həyat yoldaşı tərəfindən alınmışdır. Yaşadıqları mənzildə olan əşyaların ümumi dəyəri tələb edilən kredit məbləğinə yaxın miqdardadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında və yazılı ərizəsində bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu ilə razı deyil, faiz borcunun silinməsini xahiş edir. Tələb edilən məbləği birdəfəlik ödəmək üçün maddi imkanı olmadığını, hissə-hissə olmaqla ödəyə biləcəklərini qeyd etmişdir. Cavabdeh4 digər cavabdehlər vasitəsi ilə məhkəməyə yazılı ərizə ilə müraciət edərək iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu ilə razı deyil, faiz borcunun silinməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, kredit müqaviləsi üzrə əsas borclu ilə yaxın dostluq münasibətləri olduğundan zamin kimi bankla arasında müqavilə bağlamışdır. X12 ailə üzvləri borc məbləğinin ödənilməsindən yayınmır. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, GARA-1876-21678 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X4 illik faiz dərəcəsi 18,57% faiz olmaqla 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, X8 və Cavabdeh2 arasında 28 oktyabr 2022-ci il tarixdə GARA-1876-21678+GARA-1878 saylı Zaminlik müqaviləsi bağlanmışdır. - Portaldan çıxarışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - 10.04.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6886,93 manat əsas borc, 613.48 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 7700,41 manat borcu mövcuddur. - 145 saylı MKİS-nin tərəfindən verilmiş 108 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, X9 və X10 Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. - 16.08.1993-cü il tarixdə verilmiş 11-87 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri ünvan 1 yaşayış sahəsi X3 istifadəsinə ayrılmışdır. - 16.04.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 xx.xx.2022-ci il tarixli, GARA-1876-21678 saylı kredit müqaviləsi üzrə 6886,93 manat əsas borc, 98,37 manat faiz borcu və 92 manat cərimə borcu olmaqla, cəmi 7077,3 manat borcu mövcuddur. Bank, cavabdehlərə xx.xx.2024-cü il tarixədək borcunun ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsini xx.xx.2024-cü il tarixədək müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək cavabdehlərin əsas borc hissəsində iddianı etiraf etməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 bankla borclu X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kreditin təminatı kimi bankla zaminlik müqaviləsi bağlamaqla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X16 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, iş üzrə digər cavabdehlər Samir Yaqubov, Salman Yaqubov və Cavabdeh1 əsas borclunun ailə üzvü olmaqla sonuncuya məxsus daşınar əşyaları faktiki qəbul etməklə vərəsələri qismində çıxış edir. Bank qarşısında öhdəliklər lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas və faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, faiz borcu hissədə pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin ödənişlərini gecikdirmələri işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixli, GARA-1876-21678 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 6886,93 manat əsas, 98,37 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 7015,3 manat borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehlərdən iddiaçının хeyrinə tutulmalıdır. V. Nəticə: Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, GARA-1876-21678 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 6886,93 manat əsas, 98,37 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 7015,3 (yeddi min on beş manat otuz qəpik) manat borc və və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar