Məhkəmə qərarları › İş №e-2(001)-5687/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5687/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5687/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı 8300 manat məbləğində pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 8400 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hazırki iddia ərizəsinin məhkəmə aidiyəti üzrə kommersiya məhkəməsində baxılmasının mümkünlüyü nəticəsinə gəlməmişdən öncə yuxarı instansiya məhkəməsinin aidiyyət məsələsinin müəyyən edilməsi zamanı diqqət yetirilməli məqamlara, yəni mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət üç qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığını araşdıraraq hazırkı işin mahiyyətindən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını aşkarlayır. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, hər iki tərəf fərdi sahibkar kimi qeydiyyata alınmışlar. Məhkəmə yuxarıda sadalanan hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlı olmasını, baxılan hazıki məsələ üzrə gələcəkdə çıxarılacaq məhkəmə qərarının tərəflərin bir sahibkar kimi həyata keçirmiş olduqları kommersiya fəaliyyətinə birbaşa təsir imkanını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsinə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsinin qanunauyğunluğu səbəbindən ərizə geri qaytarılmalı, iddiaçıya ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessaul Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 8300 manat məbləğində pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 106 manat məbləğində dövlət rüsumu (qəbz №: **********99; xx.xx.2025-ci il) geri qaytarılsın. İddiaçıya izah edilir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar