Məhkəmə qərarları › İş №e-2(001)-5743/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5743/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5743/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə nağd kredit üzrə 9147,42 manat borc, kart limiti üzrə isə 4545.13 manat borc və ödənilmiş 131.08 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şərifzadə filialı ilə X4 arasında bağlanmış BPM**********67 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kart limiti verilmişdir. Yasamal filialı ilə X4 arasında bağlanmış BPM**********33 nömrəli, xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 20 faizlə 48 ay müddətinə 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 195116 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Osmanov Həsən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, XK-122/19 saylı məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Yasamal filialının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş nağd kredit üzrə 9147,42 manat borc, kart limiti üzrə isə Şərifzadə filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü ilədək 4545.13 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-20924/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmənin xx.xx.2024-cü il iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, oğlu X4 vəfat etməzdən əvvəl ödənişlər etmişdir. Həmçinin hazırda ödəniş etmək qabiliyyətində olmadığını, iddia ərizəsində qeyd olunan məbləği 50-100 manat olmaqla aylara bölünərsə ödəməyə biləcəyini bildirdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. "xxxx" ASC-nin Şərifzadə filialı ilə X4 arasında bağlanmış BPM**********67 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kart limiti verilmişdir. Yasamal filialı ilə X4 arasında bağlanmış BPM**********33 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən X3 illik 20 faizlə 48 ay müddətinə 10000 manat məbləğində nağd kredit verilmiş, X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək hər ay 304.31 manat (sonuncu ay 303.71 manat) ödəməyi öhdəsinə götürmüşdür.

7. Bankın Şərifzadə filialının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş kart limiti üzrə 4545,13 manat borcu, nağd kredit üzrə isə Yasamal filialının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş 9147,42 manat borcu vardır.

8. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 541 nömrə ilə qeyd edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

10. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə üzrə verilən miras əmlak isə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli AD590910 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2013-ci il olan “HYUNDAİ AZERA MİNİK” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

12. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X4 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

15. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

17. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X4 öldükdən sonra buraxılış ili 2013-ci il olan “HYUNDAİ AZERA MİNİK” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçı ilə X4 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Belə ki, vərəsəlik haqqında şəhadətnamədən görünür ki, cavabdeh mərhumun mirasını tam şəkildə qəbul etmişdir.

18. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh nağd kredit üzrə 9147,42 manat məbləğində borc, kart limiti üzrə isə 4545.13 manat məbləğində borc tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

19. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 131.08 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh nağd kredit üzrə 9147,42 (doqquz min yüz qırx yeddi manat qırx iki qəpik) manat məbləğində borc, kart limiti üzrə isə 4545.13 (dörd min beş yüz qırx beş manat on üç qəpik) manat məbləğində borc və ödənilmiş 131.08 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar