Məhkəmə qərarları › İş №e-2(001)-5754/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5754/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5754/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə 915,36 manat əsas borc, 537,12 manat faiz borcu olmaqla, cəmi 1452,48 manat borc və ödənilmiş 34,53 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şərifzadə filialı ilə X5 arasında bağlanmış BPM**********24 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 27 faizlə 36 ay müddətinə 1550 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 mirasını qəbul etmiş vərəsə Cavabdeh müraciəti əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş borcu – 915.36 manat əsas borc, 537.12 manat faiz borcu olmaqla, cəmi 1452.48 manat borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

3. Daha sonra iddiaçı iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh iddiaçının xeyrinə 915,36 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 915,38 manat borc və ödənilmiş 34,53 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. "xxxx" ASC ilə X1 arasında bağlanmış BPM**********24 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən sonuncuya illik 27 faizlə 36 ay müddətinə 1550 manat məbləğində kredit verilmiş, Ş.Məmmədbəyov xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hər ay 63,30 manat (sonuncu ay 62,16 manat) ödəməyi öhdəsinə götürmüşdür.

7. Maliyyə arayışına əsasən X7 xx.xx.2024-cü il tarixə 915,36 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 915,38 manat borcu vardır.

8. Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cü il tarixdə 2205 nömrə ilə qeyd edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

10. 1 saylı Bakı “ASAN” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, 589 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X3 adına qızı - Cavabdeh ərizəsi əsasən xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. Lakin vərəsələrə həmin vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

11. Cavabdeh xx.xx.2019-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlakı qəbul etmiş və mirasın tərkibi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 31 saylı fərdi yaşayış evindən ibarətdir. Həmçinin ərizədə qeyd olunmuşdur ki, ondan başqa qanun üzrə vərəsə olaraq X6 vardır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

12. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

13. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X5 xx.xx.2019cu il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

16. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

17. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

18. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X5 öldükdən sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 31 saylı fərdi yaşayış evi miras qalmışdır. İddiaçı ilə X5 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Belə ki, Cavabdeh xx.xx.2019-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, mərhumun mirasını qəbul etmişlər.

21. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 915,36 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 915,38 manat məbləğində borc tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

19. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

20. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 34,53 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 915,36 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 915,38 (doqquz yüz on beş manat otuz səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 34,53 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar