Məhkəmə qərarları › İş №e-2(001)-5758/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5758/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5758/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 26 fevral 2020-ci il təvəllüdlü X3 adlı uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-1174/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin artırılaraq, cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə-bir hissəsindən əlavə, 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumunu nəzərə alıb həm də sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 23 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-1174/2021 saylı qətnaməsinə əsasən, uşağın saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə-bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qərara alınmışdır. Həmçinin, həmin məhkəmənin 26 may 2021-ci il tarixli, 2(001)-4133/2021 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdehin hazırda işlədiyi yerdən alimentə görə tutmanın məlbəği cəmi 136,82 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə göstərilənləri təsdiq edib, izahatında göstərdi ki, hazırda cavabdehin işlədiyi yerdən ona aliment olaraq hər ay 136,82 manat pul verilir. Halbuki, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Aldığı alimentlə uşağın heç bir maddi tələbatını qarşılamaq mümkün deyil. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı alimentin minimumu yaşayış miqdarı həddinə çatdırmaq üçün qalan məbləğin sabit olaraq 100 manat məbləğində cavabdehdən tutulmasını xahiş etdi və iddia tələbinin dəqiqləşməsinə dair ərizəsini təqdim etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək aliment kimi hər ay aylıq qazancının dörddə-bir hissəsinin tutulmasına etiraz etmədiyini və əlavə olaraq elə bir məbləğin müəyyən edilməsini xahiş etdi ki, uşaqların saxlanması üçün qanunla nəzərdə tutulmuş minimum məbləğdən artıq olmaması nəzərə alınsın. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsas vardır. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)- 1174/2021 saylı qətnaməsinə əsasən, 26 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatana qədər saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə-bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(001)- 4133/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X4 arasında 23 dekar 2018-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlarla müəyyən olunmuşdur ki, cavabdeh hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində mühəndis işləyir və aylıq əmək haqqı 717,6 manat təşkil edir. Mübahisə ilə bağlı tətbiq etdiyi hüquq: Alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehin aylıq əmək haqqı 717,6 manatdır və bu məbləğin dörddə-bir hissəsi 179,4 manat təşkil edir. Nəzərə alınmalıdır ki, göstərilən əmək haqqı məbləğindən sığorta haqqı, vergi və s. bu kimi zəruri tutmalar aparıldıqdan sonra qalan məbləğin dörddə-bir hissəsi iddiaçıya aliment olaraq ödənilir. Bu isə o deməkdir ki, iddiaçı faktiki olaraq uşağın saxlanması üçün hazırda müəyyən edilmiş minimum məbləğdən - 235 manatdan az aliment alır. Məhkəmə uşağın üstün mənafeyini, habelə tərəflərin mövqeyini nəzərə alaraq, alimentin miqdarının uşaqlar üçün nəzərdə tutulmuş minimumu yaşayış həddi miqdarı ilə uyğunlaşdırmaq üçün, həmçinin cavabdehin aylıq qazancından mümkün tutulmaları nəzərə almaqla iddiaçının xeyrinə hər ay əlavə olaraq 65 manat sabit pul məbləğində aliment tutulmalı, bu qətnamə ilə müəyyənləşdirilmiş miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 65 manat) 1000 manatdan az olduğuna (65 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iddia təmin edildiyinə görə, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüseynli (Təhməzova) Tərgül Fərhad qızı ilə Cavabdeh birgə nikahlarından olan 26 fevral 2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-1174/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirikməklə, Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə-bir hissəsi (1/4) miqdarında və əlavə olaraq 65 (altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bu qətnamə ilə müəyyənləşdirilmiş miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar