Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5763/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İş üzrə Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli, 061A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsinə yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 48 aylıq müddətə, hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4682.15 manat ödəniş etmiş və 12317.85 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 268 gün üçün hesablanmış faiz borcu 2207.77 manat təşkil edir. Müqaviləyə əsasən, borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 268 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 416.59 manat təşkil edir. Bundan başqa Cavabdeh AccessBank» QSC ilə bağladığı xx.xx.2023- cü il tarixli 061KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə "Visa OK Credit Cards" növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 497.58 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 148 gün üçün hesablanmış faiz borcu 106.45 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi üzrə 12317.85 manat məbləğində kredit borcu, 2207.77 manat məbləğində faiz borcu və 416.59 manat məbləğində cərimə olmaqla, cəmi 14942.21 manat, xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı kredit müqaviləsi üzrə 497.58 manat məbləğində kredit borcu, 106.45 manat məbləğində faiz borcu olmaqla, cəmi 604.03 manat, ümumilikdə cəmi 15546 (on beş min beş yüz qırx altı) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun və ödənilmiş 136.64 məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, bankla müqavilə bağlamış və şəxsi ehtiyacları üçün kredit götürmüşdür. Əvvəllər işləməsinə baxmayaraq, hazırda uzun müddətdir ki, işsizdir. Başqa banka da borcu var, qərar qəbul olunarkən maddi vəziyyətinin nəzərə alınmasını və faizlərin, cərimələrin aşaı salınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 48 aylıq müddətə, hissə-hissə qaytarmaq şərti ilə 17000 manat məbləğində kredit götürmüşdür. 08.2023-cü il tarixli 061KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh "Visa OK Credit Cards" növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12317.85 manat məbləğində kredit borcu, 2207.77 manat məbləğində faiz borcu və 416.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14942.21 manat, 08.2023-cü il tarixli müqavilə üzrə 497.58 manat məbləğində kredit borcu, 106.45 manat məbləğində faiz borcu olmaqla, cəmi 604.03 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “... ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12317.85 manat məbləğində kredit borcu, 2207.77 manat faiz borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 497.58 manat məbləğində kredit borcu, 106.45 manat məbləğində faiz borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 300 manat dəbbə pulunun tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 12317.85 manat məbləğində kredit borcu, 2207.77 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 497.58 manat məbləğində kredit borcu, 106.45 manat məbləğində faiz borcu, cəmi 15429,65 manat borc həmçinin, dövlət rüsumu üçün ödənilmiş məbləğin 136.29 (yüz otuz altı manat, iyirmi doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı QSC-yə verilsin. Qalan hissədə (cərimə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-5763/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5763/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver