Məhkəmə qərarları › İş №e-2(001)-5815/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5815/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5815/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə GTC-16513İB/2019 saylı Razılaşma imzalanmışdır. X3 ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Həmin Ərizənin daxilində AVNS894 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 24% olmaqla, şəxsi istehlak məqsədi ilə 400 (dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi AVNS894 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 418.94 (dörd yüz on səkkiz manat doxsan dörd qəpik) manat əsas borc, 54.87 manat faiz borcu, 180.25 manat cərimə borcu olmaqla, cəmi 654.06 manat təşkil edir. 41010AZNFK********** saylı kart hesabı üzrə 18.94 manat məbləğində overdraft borcu formalaşmışdır. Gecikmə günlərinin sayı 629 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Nəticədə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 418,94 manat əsas, 54,87 manat faiz, 180,25 manat cərimə borcu olmaqla, cəmi 654,06 manat məbləğində borcun, 18,94 manat overdraft əməliyyatı üzrə borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsindən məlum olur ki, cavabdehə xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 24% olmaqla, şəxsi istehlak məqsədi ilə 400 manat məbləğində kredit xətti açılmışdır.

5. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 418,94 manat əsas, 54,87 manat faiz, 180,25 manat cərimə borcu olmaqla, cəmi 654,06 manat borcu vardır.

6. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 418,94 manat əsas, 54,87 manat faiz, 180,25 manat cərimə borcu olmaqla, cəmi 654,06 manat yaranmış borcu 7 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsini 7 iş günü müddətində ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

7. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas və faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

13. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

14. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

16. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 418,94 manat əsas, 54,87 manat faiz, 21 manat cərimə borcu olmaqla, cəmi 494,81 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 18,94 manat overdraft əməliyyatı üzrə borc və ödənilmiş dövlət rüsumunun 26 manat hissəsi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır. İV. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 418,94 manat əsas, 54,87 manat faiz, 21 manat cərimə borcu olmaqla, cəmi 494,81 (dörd yüz doxsan dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti, 18,94 (on səkkiz manat doxsan dörd qəpik) manat overdraft əməliyyatı üzrə borc və 26 (iyirmi altı) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar