Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5832/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: delikt, qanunsuz qoşulma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “K@TV1”əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 250.14 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 430.54 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslanırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Nəsimi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AN-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 31, M3, mənzil 2-nin mülkiyyətçisi cavabdeh olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan müəyyən olur yuxarıda qeyd edilən mənzil xx.xx.2015-ci il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2019-cu ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2019-cu ildə borcsuz şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8541 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə göründüyü kimi adıçəkilən ünvana akt tərtib edilmiş və tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin şəbəkədən ayrıldığı xx.xx.2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixə qədər olan müddət 758 gün, təşkil edir. 758 günün hər gün üçün 33 qəpik olmaqla ümumilikdə 250.14 manat abunə haqqı qismində vurulmuş maddi ziyan təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqavilə əsasında 150 (yüzəlli) manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub qəbuledilsə də zərər ödənilməmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, o, həmin mənzildə yaşayarkən hər ay televiziya yayımına ödəniş etmiş, ödəniş vaxtı ötürüldükdə internet və televiziya yayımı avtomatik bağlanmışdır. Hər ay nəzarətçinin binanı və mənzili yoxladığı halda kənar müdaxiləni görməməsi mümkün deyil. Bundan başqa kənar müdaxilə mövcud olduqda xəttin bloklanmaması iddiaçı tərəfindən əsaslandırılmayıb. Heç bir vətandaşın KATV1 binada yerləşən paylayıcı qurğusuna müdaxilə etmək imkanı yoxdur. Özü KATV-1 nümayəndəsinə dəfələrlə xidmətdən istifadədən imtina etmişdir. Həmçinin xx.xx.2021-ci ildən həmin mənzildən köçmüşdür, həmin mənzilin sahibi başqa şəxsdir. Ona görə də ona qarşı qaldırılan pul iddiası qeyriqanunidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 31/31, mənzil 98 (yeni qaydada mənzil 2) xx.xx.2021ci il tarixdə Cavabdeh tərəfindən X1. - İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2021-ci il tarixli 8541 saylı aktın surətindən müəyyən olunur ki, xx.xx.2021ci il tarixdə “Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 31/31, mənzil 98 (yeni qaydada mənzil 2) sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyülmüş, lakin mənzil sakini özünü təqdim etməmiş və aktı mənzilin qapısına qoymuşlar. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2019-cu il tarixədək isə son ödəməsini edərək xx.xx.2019-cu il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 31/31, mənzil 98 (yeni qaydada mənzil 2) xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən X1, bununla belə Cavabdeh iddiaçıya maddi zərər vurmasına dair hər hansı sübutun iddia ərizəsinə əlavə edilmədiyi halda, hazırkı iddia tələbinin hansı əsaslarla Cavabdeh qarşı irəli sürüldüyü iş materiallarından anlaşılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmasını iddia etsə də və bunu sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübut etməyə çalışsa da, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-5832/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5832/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver