Məhkəmə qərarları › İş №e-2(001)-5843/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5843/2025

31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5843/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 7175,87 manat və ödənilmiş dövlət rüsumuna görə 91,76 manat, cəmi 7267,63 manat pul vəsaitinin onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “VAZ 21061” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixində idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu ərazisində "xxxx" ASC tərəfindən MVC0878/21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Mercedes Benz S500” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz S500” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 12135 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Sabunçu RPİ DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən subroqasiya tələbləri ilə bağlı 4959,13 manat sığorta ödənişi ödənilmiş, qalıq məbləğ olan 7175,87 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-3295-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir, iddiaçıya olan borcunu hər ay əmək haqqından ödəyəcək. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli MV-C 00130-21 saylı Avtomobillərin tam sığortası növü zrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı ** AB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” minik markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın qüvvəyə minmə tarixi xx.xx.2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2022-ci ildir. xx.xx.2021-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində, saat 00:10-da “VAZ 21061 minik” markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticədə hadisə törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz S500” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12235 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, “Mercedes Benz S500” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S500” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12135 manat məbləğində zərər dəymişdir. 12135 manat məbləğində sığorta ödənişini alan şəxs X3. Ödəniş qəbzindən görünür ki, 12135 manat "xxxx" ASC tərəfindən X4 hesabına ödənilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, sonuncuya 7175,87 manat məbləğində sığorta ödənişinin 7 iş günü ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 91,76 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış ** AB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” minik markalı avtomobil zədələnmişdir. Hadisə nəticəsində ** AB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” markalı avtomobilə dəymiş 12135 manat məbləğində zərər iddiaçı tərəfindən qarşılanmışdır. Belə ki, iddiaçı tərəfindən avtomobil həmin məbləğə təmir edilərək səlahiyyətli şəxsə verilmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən subroqasiya tələbləri ilə bağlı 4959,13 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı qalıq məbləğ olan 7175,87 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq, həmçinin cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7175,87 manat məbləğində sığorta ödənişi və ödənilmiş 91,76 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7175,87 (yeddi min yüz yetmiş beş manat, səksən yeddi qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar