Məhkəmə qərarları › İş №e-2(001)-591/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-591/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-591/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 02 noyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3118,51 manat məbləğində əsas borc, 512,48 manat məbləğində faiz borcu və 56,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01MK002721 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 34 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 01MK002721-Z saylı xx.xx.2021ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehlərin "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixinə 3118,51 manat əsas, 512,48 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, Bankdan kredit götürdüyünü və maddi imkanı olmadığı üçün ödənişlər edə bilmədiyini bildirmişdir . Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 29 aprel 2021-ci il tarixli 01MK002721 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında borcluya 24 ay müddətinə, illik 34 faiz olmaqla 5.000 (beş min) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli 01MK002721 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişlər 290 manat olmaqla, xx.xx.2023-cü il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 oktyabr 2022-ci il tarixə 3118,51 manat məbləğində əsas borc və 512,48 manat məbləğində faiz borcu olmaqla, cəmi 3630,99 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan "xxxx" BOKT MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 01MK002721-Z №-li Zaminlik Müqaviləsindən görünür ki, “Bokt” ilə “Kredit alan” arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “Zamin” tərəfindən “Müqavilə” üzrə təminat alınan tələb limiti 5000 (beş min) AZN təşkil edir. İş materiallarında olan bildirişlərdən görünür ki, borclular borcun ödənilməsi barədə xəbərdar edilmişdirlər. 02 noyabr 2022-ci il tarixli********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 56,31 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər ("xxxx" BOKT MMC - ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin (əsas borcun və faiz borcun) icrasının (ödənilməsini) təmin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 3118,51 manat məbləğində əsas borc və 512,48 manat məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda məhkəmə digər cavabdeh zamin Cavabdeh2 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 01MK002721 saylı kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 29 aprel 2021-ci il tarixli 01MK002721-Z №-li Zaminlik Müqaviləsi bağlanmış, lakin Zaminlik müqaviləsində, müqavilənin mühüm şərtləri, yəni Cavabdeh1 verilmiş kreditin müddəti və faiz dərəcəsi qeyd edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (müddət, faiz dərəcəsi) barəsində razılıq əldə edilməklə bağlanmadığından, zaminə aid hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyətinin artmasına və onun üçün digər əliverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ” 25 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, 3118,51 manat əsas borc və 512,48 manat faiz borcu olmaqla, cəmi 3630,99 manat məbləğində borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hisədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia Cavabdeh1 aid hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 56,31 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3118,51 (üç min yüz on səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 512,48 (beş yüz on iki manat 48 qəpik) manat məbləğində faiz borcu, 56,31 (əlli altı manat 31 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 3687,7 (üç min altı yüz səksən yeddi manat 70 qəpik) manat məbləğində borc tutulub, iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar