Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5918/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayev Töğrul Faiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019cu il tarixli, K-183A-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixli, K-183A-PCC- 19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh iddiaçıdan “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 28.451,29 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 4.350 manat olan hissəsini ilkin ödəniş olaraq icra etmişdir. Qalan 24.101,29 manat pulun hissə-hissə olmaqla 48 ay müddətinə ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh 2-3 ay ödəniş etdikdən sonra müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş və ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehə öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edilməsinə və bununla bağlı onunla danışıqlar aparılmasına baxmayaraq cavabdeh bu günə qədər öhdəliklərini icra etməmişdir. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyd edilən nəqliyyat vasitəsini özündə saxlayaraq İddiaçı MMC-yə geri qaytarmaqdan imtina edir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.3-cü bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımnca icra etmədikdə iddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etdiyi üçün iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, avtomobilin alınması üçün iddiaçıya ilkin ödəniş olaraq 6.000 manat məbləğində pul ödəmişdir. 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayına kimi aylıq ödənişlərini mütəmadi olaraq etmiş və ümumilikdə 2.500 manat məbləğində ödəniş etmişdir. Sonradan pandemiya olduğundan ödənişlərini vaxtında edə bilməmişdir. Hazırda iddiaçıya olan borcunu ödəmək niyyətindədir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AD seriyalı, 587103 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “RAVON R4 LTZ” minik markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı MMC-dir; Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, K-183A-PCC-19 nömrəli “Avtomobilin müddətli satışı üzrə” müqavilədən görünür ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində göstərilmiş texniki spesifikasiyaya uyğun olan “Ravon R4” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki saz halda alıcıya satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 nömrəli Əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə edilmiş 2 nömrəli Əlavəyə əsasən avtomobilin dəyəri 28.451,29 manat, ilkin ödəniş 4.350 manat, qalan məbləğin isə 48 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur; xx xxxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avtomobili İddiaçı MMC-dən texniki baxımdan saz vəziyyətdə təhvil almışdır; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncudan müqavilə öhdəliklərinin 7 gün ərzində icra olunması tələb olunmuş, əks təqdirdə məhkəyəyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərarasında xx xxxxxxxx 2019-cu il tarixli, K-183A-PCC-19 nömrəli “Avtomobilin müddətli satışı üzrə” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan “RAVON R4 LTZ” minik markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə cavabdehin sahibliyinə vermişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən hazırda iddiaçı müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı məhz yuxarıda qeyd edilən müqaviləyə əsaslanmaqla müvafiq iddia tələbləri ilə çıxış etmiş, onun tələbinin faktiki əsasını həmin müqavilə təşkil etməkdədir və belə olan halda məhkəmə hesab edir ki, belə bir tələbin olub-olmamasından asılı olmayaraq ilk növbədə tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, K-183A-PCC-19 nömrəli “Avtomobilin müddətli satışı üzrə” adlanan müqavilənin qanunvericiliyin imperativ normalarına uyğun olaraq bağlanıbbağlanmamasına qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər, yox əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, avtomobil rəsmi reystrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alqı-satqısına dair müqavilə notariat qaydasında təsdiq edildiyi halda etibarlı olur. İndiki halda isə tərəflər, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakın nisyə alqı-satqısına dair müqaviləni forma şərtinə riayət etmədən bağlamışlar. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız müqavilədi və etibarsız müqavilə bağlandığı andan etibarsız olduğundan ona xitam verilməsi də qeyrimümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, K-183A-PCC-19 nömrəli “Avtomobilin müddətli satışı üzrə” adlı müqaviləyə xitam verilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, “RAVON R4 LTZ” minik markalı, **-PB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olduğundan və onun cavabdehin sahibliyində qalmasına hər hansı qanuni əsas olmadığından iddia tələbi həmin nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçınə verilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçınə verilməli, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Ravon R4 LTZ” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçınə verilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5918/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5918/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver