Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5918/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan göründüyü kimi, hər iki tərəf ünvan 1i ünvanında qeydiyyatdadır, iddiaçı tərəfindən isə özünün faktiki yaşayış ünvanına dair hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.5-ci maddəsinə görə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da verilmişdir. Lakin qanunvericilik iddiaçıya həm qeydiyyata alındığı (lakin yaşamadığı) yerin, həm də yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququnu deyil, ya yaşadığı yer üzrə (həmin ünvanda qeydiyyatda olması istisna edilmədən), ya da cavabdehin qeydiyyatı üzrə rayon məhkəməsinə müraciət etmək hüququ vermişdir. Belə ki, iddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və s. sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Əks yanaşma prosessual qanunvericiliyin göstərilən normalarının mahiyyəti ilə ziddiyət təşkil edərdi. Belə ki, şəxsin qeydiyyatda olduğu yer heç də həmişə onun yaşadığı yerlə üst-üstə düşmür və bu səbəbdən prosessual qanunvericiliyin tanıdığı imkan sırf şəxsin yaşayış yeri ilə bağlıdır. Yəni iddiaçı hazırkı tələblə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyi halda, Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yaşamasını təsdiq edə biləcək sənədi iddia ərizəsinə əlavə etməli idi. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5918/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5918/2024
13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver