Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5934/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 538,72 ABŞ dolları məbləğində əsas borcun, 666,99 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1.205,71 ABŞ dolları məbləğində borcun və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28% olmaqla 2.500 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, iddiaçı ondan 1.217,95 ABŞ dolları alınıb bankın hesabına keçirilməsi barədə Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə reyestr qeydi 8i-15369 saylı icra qeydi verilmişdir. Həmin icra qeydi qanuna zidd, iddia müddəti keçəndən sonra verildiyi üçün Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(029)-2052/2021 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş və verilmiş icra qeydi ləğv edilmişdir. İddiaçı ilk dəfə iddia müddətindən yayınmaq üçün icra qeydi çıxartdırır, məhkəmə icra qeydini ləğv edir, bundan sonra ikinci dəfə məhkəməyə müraciət edir və güman edir ki, o, iddia müddəti məsələsini mübahisələndirməz və məhkəmə qətnamə çıxarar və yol verdiyi ciddi qanun pozuntularını bununla ört basdır edə bilər. Lakin iddiaçı iddia müddətini buraxıb və iddiaçı məhkəmədə müddətin buraxılmasına heç bir qanuni don geyindirə bilməz. Hətta icra qeydi üçün notariat orqanına müraciət edən iddiaçı öhdəliyin yaranma tarixini 19 sentyabr 2016-cı il tarixdə yaranmasını göstərməli olduğu halda, notariat orqanını aldadaraq 19 oktyabr 2017ci il tarix göstərmişir. Göstərilənlərə əsasən iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək həmçinin bildirdi ki, iddiaçı 28 iyun 2018-ci il tarixdə məhkəməyə müraciət etmiş lakin müraciətindən imtina olunmuşdur. Daha sonra məlum Fərmana görə 1 il iddialar qaldırılmamışdır. Hətta cavabdehin kredit borcu Fərmanın təsiri altına düşmüş və ona 2019-cu ilin aprel ayında borcundan 764,72 manat silinmişdir. Fərmanla borcun silinməsi borcun etirafına bərabərdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək iddia müddətini tədbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin iddiaçıya yalnız əsas borc məbləğində borcu olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli, CC/53001/44/3 nömrəli kredit sazişindən, kredit şərtlərindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh Əaiziağa qızına illik 28% hesablanmaqla 24 ay müddətinə 2.500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 18 sentyabr 2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 07 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Əliyeva (Həsənova) Fərəh Əzizağa qızının 18 sentyabr 2014-cü il tarixli müqaviləsinə əsasən banka 538,72 ABŞ dolları əsas, 666,99 ABŞ dolları faiz borcu vardır. Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(049)-2052/2021 saylı qətnaməsindən görünür ki, X1 1.217,95 ABŞ dollarının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi barədə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 13 oktyabr 2020-ci il tarixdə verilmiş reyestr qeydi 8i-15369 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir. 08 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit sazişinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28% hesablanmaqla 24 ay müddətinə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya 538,72 ABŞ dolları məbləğində əsas, 666,99 ABŞ dolları məbləğində faiz, cəmi 1.205,71 ABŞ dolları məbləğində borcu qalmışdır. Hazırda iddiaçı həmin borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qaytarılmasını tələb edir, cavabdeh isə yalnız əsas borc məbləğində iddiaçıya borcunun olduğunu bildirərək iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, cavabdeh kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit sazişindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 19 sentyabr 2016-cı il tarixdə bitmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının 19 sentyabr 2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik müddət ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə 13 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edtmi, cavabdeh isə hazırki mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyeva (Həsənova) Fərəh Əzizağa qızına qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5934/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5934/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver