Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5997/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 208685.74 (iki yüz səkkiz min altı yüz səksən beş manat, 74 qəpik) manat əsas borc və 3245.76 (üç min iki yüz qırx beş manat, 76 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931.50 (iki yüz on bir min doqquz yüz otuz bir manat, 50 qəpik) manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 502 (beş yüz iki) manat məbləğində xərcin tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylı mənzillərə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 (yüz səksən) ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 218000 (iki yüz on səkkiz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 113/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylı mənzilləri İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzillərin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 208685.74 (iki yüz səkkiz min altı yüz səksən beş manat, 74 qəpik) manat əsas borc və 3245.76 (üç min iki yüz qırx beş manat, 76 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931.50 (iki yüz on bir min doqquz yüz otuz bir manat, 50 qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmətinə yönəldilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinə istinad etsə də, həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Çünki, bankda ipoteka müqaviləsi yoxdur. Sadəcə sənədlərin məhv edilməsi ilə bağlı akt tərtib edir. Hesab edir ki, iddia tələbi maddi hüquq normaları, yəni, subutların təqdim edilməməsi səbəbindən əsassızdır. Lakin, buna baxmayaraq, qanunda nəzərdə tutulan hüquqlarından istifadə etməklə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Daşınar əmlaklarla bağlı iddia müddəti 6 ildir və müqavilə 2008-ci ildə bağlanmışdır. Onda iddiaçı iddia tələbi irəli sürməklə bağlı iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, kassa məxaric orderi mövcud olmasa da, 2008-ci il tarixli kassa sənədlərinin vaxtı keçdiyinə görə, 16 dekabr 2015-ci il tarixli aktla sənədlər ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, Bank tərəfindən iddia tələbi əsassızdır. Belə ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə kredit müqaviləsinin surətini əlavə etsə də, cavabdehə kredit məbləğinin ayrılması barədə kassa məxaric orderi iş materiallarına əlavə edilməmiş və həmin sənədin məhv edilməsi ilə bağlı akt tərtib edilmiş və yalnız Hesabdan Çıxarış sənədi əlavə olunmuşdur. Kredit müqaviləsi təklikdə kredit vəsaitinin ayrılmasını təsdiq edən sənəd deyildir, həmin kreditin ayrılması və cavabdehə verilməsini təsdiq edən əsas sənəd kassa məxaric orderidir. Həmin sənədin iddiaçı tərəfindən təqdim edilə bilməməsinin səbəbi isə, ümumiyyətlə bu sənədin mövcud olmaması, yəni cavabdehə heç bir kredit vəsaitinin ayrılmaması ilə bağlıdır. Belə ki, hələ ödənilməmiş kredit borcuna dair kassa məxaric orderinin məhv edilməsi inandırıcı deyildir. Həmçinin müqavilə 2008-ci il tarixdə bağlanmış olsa da cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda iddiaçının müqavilənin bağlanmasından 15 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi də Bank tərəfindən cavabdehə pul verməməsi halını təsdiq edir. Həmçinin hesab edir ki, 15 il müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi üçün iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə İddiaçı ASC-nin borcalan Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin alınması üçün 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 218000 (iki yüz on səkkiz min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, kreditor Borcalana alınan yaşayış sahəsinin dəyərinin 100% hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 218000 (iki yüz on səkkiz min) manat məbləğində kredit verir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, verilmiş kreditlərin aylıq ödənişləri 3051 manat olmaqla, xx.xx.2023-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır. xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə xx.xx.2008-ci il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 033 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və Cavabdeh ayrılmış 218000 (iki yüz on səkkiz min) manat məbləğində kreditin təminatı üçün ipoteka verən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin ipoteka qoyulması nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 208685.74 (iki yüz səkkiz min altı yüz səksən beş manat, 74 qəpik) manat əsas borc və 3245.76 (üç min iki yüz qırx beş manat, 76 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ olmaqla, cəmi 211931.50 (iki yüz on bir min doqquz yüz otuz bir manat, 50 qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən və bildirişin göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdeh xx.xx.2008ci il tarixli müqavilədən gələn öhdəliklərlə bağlı xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, 113/R saylı və 112/R saylı müqavilələrin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı mənzilin və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin hər birinin 109000 (yüz doqquz min) manata alınması üçün "xxxx" MTK ilə razılığa gəlmişlər. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, kredit dosyeləri təhvil verilib, 2008-ci il tarixli kassa sənədlərinin vaxtı keçdiyinə görə, 16 dekabr 2015-ci il tarixli aktla sənədlər ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arıasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan maddələrin tələblərindən görünür ki, kredit müqaviləsi üzrə borc verən krediti borc alanın mülkiyyətinə verdiyi halda, borc alanın da kredit müqaviləsində nəzərdə tutulmuş qaydada həmin krediti borc verənə qaytarmaq öhdəliyi yaranır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 218000 manat məbləğində kredit götürülməsinə dair müqavilə xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 218000 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 218000 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş,yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 218000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Çünki, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, 208685.74 (iki yüz səkkiz min altı yüz səksən beş manat, 74 qəpik) manat əsas borc və 3245.76 (üç min iki yüz qırx beş manat, 76 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931.50 (iki yüz on bir min doqquz yüz otuz bir manat, 50 qəpik) manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 502 (beş yüz iki) manat Cavabdeh tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, “tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı mənzilin və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.3-cü maddəsinə əsasən, Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 307.7-ci maddəsinə əsasən,İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, xx.xx.2008-ci il tarixli, 033 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, Cavabdeh ipoteka qoyan kimi xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllar da tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə isə qeyd edilir ki, “iddia müddəti” iddia tələbi əsaslı olduğu halda tətbiq edilərək iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı iddia tələbi əsaslı olmadığından, iddia müddətinin tətbiqinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən. vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə almaqla, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5997/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5997/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver