Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6000/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(anası) X1, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu,Ş.Rəhimov küçəsi 57 saylı evin 25ci mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mən, xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuşam. Qediyyat yerim İsmayıllı rayonu, Kürdmaşı kəndidir. Anam ilə atam Yaqub Ağayev 13 may 1987-ci il tarixdən nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, onların birgə nikahlarından 06 noyabr 1986-cı il tarixdə bacım Emiliya, 13 mart 1989-cu il tarixdə qardaşım Emin və xx xxxxx 1996- cı il tarixdə isə o anadan olmuşdur. Həmin nikah 06 aprel 1990-cı il tarixdə rəsmi olaraq ləğv edilmişdir. Mənə sonradan məlum olmuşdur ki,Bakı şəhəri,Binəqədi rayonu,Ş.Rəhimov küçəsi 57 saylı evin 25-ci mənzili atam Yaqub Ağayev tərəfindən 07 fevral 1991-ci il tarixdə order əsasında əldə edilərkən anam Rəna Yahidova, eləcə də qardaşım və bacım ilə birlikdə həmin mənzilə köçüb orada yaşamağa başlamışlar.Hazırda qardaşı Emin və bacısı Emiliya həmin mənzildə anası ilə birlikdə yaşamaq hüququ əldə etmişlər. Qeyd edilən mənzildə hələ uşaq yaşlarından yaşayıram. Atam Ağayev Yaqub Yapon oğlu mən, uşaq yaşlarımda olarkən ailəmiz ilə maraqlanmamışdır.Bizi anam Rəna Vahidova böyüdüb boya-başa çatdırmışdır.Atam, məni 17 yaşımda olarkən, yəni 2007-ci ilin ortalarında gəlmiş, bir müddət evdə qalmış və yenidən çıxıb getmişdir. Həmin müddət ərzində-mən yetkinlik yaşına çatamayan dövrümdə anam Rəna Vahidova Bakı şəhəri, Binəqədi rayonu. Ş.Rəhimov küçəsi,57 saylı evin, 25 saylı mənzilinin atam adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdir. Mən,həmin vaxt yetkinlik yaşına çatmadığından mənzilin atamın adına rəsmiləşdirilməsinə razılıq verilməsi üçün məndən hər hansı yazılı sənəd alınmamışdır. Mən, anam Rəna, qardaşım Emin və bacım Emiliya ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar. Qeyd edilən mənzildən başqa mənim başqa yaşayış yeri yoxdur.Cavabdeh mütəmadi olaraq mənzildən sitifadə hüquqlarıma mane olur,mənzilə buraxmır. Atam Yaqub Ağayev anam Vahidova Rəna Şəmi qızının, mənim və qardaşım Ağayev Emin Yaqub oğlunun hər birinə 4900 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaqları barədə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 22 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 22 sentyabr 2014- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07 noyabr 2007-ci il tarixdə anası Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin atasının adına rəsmiləşdirilməsinə razılıq ərizəsi verdikdən sonra həmin mənzil Ağayev Yaqub Yapon oğlunun adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Mənzilin atam Yaqub Ağayevin mülkiyyətində olması, mənzil əldə edildiyi vaxtdan hazırkı vaxtadək anam ilə birlikdə həmin məzildə yaşamağım, anamın atam ilə rəsmi nikah münasibətləri davam etməsə də, anam ilə birlikdə ümumi təsərrüfatı idarə etməyi, birgə nikahndan doğulmuş biz övladların həmin mənzilə istifadə hüquqlarına maneçilik yaradır. Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İ ramsitṡ Sahəsinin 10 dekabr 2020-ci il tarixli, 385 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin sahibi Ağayev Yaqub Yapon oğludur, həmin evdə Vahidova Rəna Şəmi qızı, Ağayev Emin Yaqub oğlu və Ağayev Araz Yaqub oğlu yaşayırlar. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilin atam Yaqub Ağayev tərəfindən 07 fevral 1991-ci il tarixdə order əsasında əldə edilərkən anam Rəna Vahidova icarədar, yəni atam Yaqub Ağayevlə rəsmi nikah münasibətlərini davam etdirməsə də birgə yaşamaqla ümumi təsərrüfatı idarə etdiyindən, eləcə də birgə nikahdan doğulmuş övladları, o cümlədən Emin, Emiliya və onun həmin mənzildən atam ilə birlikdə istifadə, həmçinin maniyəszi yaşamaq hüquqlarımız yaranmışdır. Proses iştirakçılarının izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin dəlillərini uyğun izahat verdi və bundan əlavə bildirdi ki, cavabdehlə nikahda olduğu vaxt Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində mənzil almışlar, cavabdehlə formal olaraq 1990-cı ildə boşanmışdır. Belə ki, onlar belə düşünürdülər ki, 2 uşaq onda, 1 uşaq cavabdehdə qalarsa, onlara 3 və 2 otaqlı ayrı-ayrı iki mənzil veriləcəkdir. Lakin hadisələr onların düşündüyü kimi baş vermədi və Leninqraddakı 5 otaqlı mənzillərini hazırki evlə dəyişdirdilər. Leninqraddakı evə dair orderdə iddiaçının da adı olmuşdur. İddiaçı Azərbaycana köçdüyü vaxtdan hal-hazıradək həmin evdə yaşayır. Cavabdeh onu özünə məlum olan səbəbə görə(cavabdeh bu məqamda dedi: hərbi xidmətlə bağlı) İsmayıllı rayonuna qeydiyyata saldırmışdır.
4. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və bundan əlavə bildirdi ki, iddiaçı alındığı vaxtdan hal-hazıradək həmin evdə yaşayır. İddiaçı 2021-ci ildə Bakı İnzibati Məhkəməsində mübahisəli mənzilə qeydiyyata alınması ilə bağlı iddia qaldırmışdır və mənzilə qeydiyyata alınma üçün mülkiyyətçinin razılığı tələb edildiyindən iddia rədd edilmiş və onlar da qərarla razılaşaraq apellyasiya şikayəti verməmişlər. Hazırki iddianı hüquqi müəyyənlik baxımından qaldırmışlar və iddiaçının hüquqlarının təsbit edilməsi nəticəsini arzulayırlar. Bununla iddiaçının həm mübahisəli mənzildə qeydiyyata alınması üçün hüquqi əsas yaranacaq və gələcəkdə yaranacaq mübahisələrdə qeyri-müəyyənliyin qarşısı alınacaqdır.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatlarında bildirdi ki, o, hazırda Quba rayonunda işləyir və yaşayır. Mübahisəli ev onun mülkiyyətində olsa da, həmin evdə hər zaman uşaqları və keçmiş arvadı yaşamışdır. İddiaçı ona 15000 manat pul təklif edir ki, o, mülkiyyət hüququndan imtina etsin, lakin o, bununla razılaşa bilməz. Belə ki, həmin məbləğə özünə ayrıca mənzil ala bilməsi qeyrimümkündür. Onun istəyi belədir ki, ev satılsın və əldə edilən məbləğə 2 ev alınsın və nəticədə onun özünün ayrıca evi olsun. İnzibati məhkəmədə baş verən mübahisədən xəbəri olmamışdır. Bundan əlavə onun istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbi kompensasiyanın məbləği az olduğuna görə təmin edilməmişdir. Halhazırda o, istəyir ki, lazım olan məbləğdə kompensasiya ödəməklə iddiaçı tərəfin istifadə hüququna xitam verilsin və ev satılsın(bu məqamda ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edildi). Bundan əlavə onların başqa ümumi əmlakları olmuş və iddiaçı tərəf onun razılığı olmadan həmin əmlakları satmışlar. Halbuki, o mövcud 3 əmlakın satılmasını və tərəflər arasında ədalətli şəkildə bölünməsinin tərəfarı olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
6. İddiaçı cavabdehin oğludur və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində istifadədə olan 0.07548 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 60.1 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 25 nömrəli mənzildə yaşayır. Həmin mənzil xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 595 nömrəli reyestr kitabının 54671 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçının 1991-ci ildən həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil 1991-ci ildə ər-arvadın(iddiaçının valideynlərinin) birgə nikahda olduqları dövrdə Rusiya Federasiyasının, Leninqrad şəhərində olan orderli mənzilin dəyişməsi nəticəsində əldə edilmişdir. Həmin vaxtdan da iddiaçı icarədarın ailə üzvü kimi mübahisəli mənzildə yaşayır. İddiaçı gələcəkdə yaranacaq mübahisələrin qarşısını almaq və hüquqi nəticə baxımından qeydiyyata düşmək üçün mövcud olan istifadə hüququnun məhkəmə qətnaməsi ilə təsbit edilməsini xahiş edir. Cavabdeh isə evin satılmasını istəyir və iddiaçının törətdiyi maneəyə görə onun iddiasına etiraz edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
7. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
8. İddiaçının bildirdiyi və məhkəmə tərəfindən müəyyən edilən işin faktiki hallarına uyğun gələn iddia tələbinin hüquqi əsası aşağıdakılardır.
9. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin:
10. 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
11. 54-cü maddəsində qeyd edilmişdir ki, İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
14. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
15. İşin müəyyən edilmiş halları və sadalanan normalar baxımından məhkəmə o qənaətə gəlir ki, iddiaçı 1991-ci ildən icarədarın ailə üzvü kimi mübahisəli mənzildə daimi olaraq yaşayır və onun həmin vaxtdan 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Bundan əlavə mənzilin hüquqi vəziyyətinin dəyişdiyi, yəni 2007-ci ildə xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alındığı vaxtdan da iddiaçının Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ vardır. Odur ki, iddiaçının hüquqlarının təsbiti barədə, yəni istifadə hüququnun tanınması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu,Ş.Rəhimov küçəsi 57 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüququ tanınmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı Bakı şəhəri, Binəqədi rayonu,Ş.Rəhimov küçəsi 57 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüququ tanınsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Hakim İlkin Əliyev