Məhkəmə qərarları › İş №e-2(001)-602/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-602/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-602/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin əmək müqaviləsi ilə işləyən işçisi X3 iş vaxtı cavabdehə məxsus nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən zaman törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulmuş, ona məxsus avtomobilə maddi zərər dəymiş, sağlamlığına vurulmuş maddi zərərə görə pul xəcləmişdir. 24 may 2022-ci il tarixdə, saat 17 radələrində “T, TK, TT, H” kateqoriyalı sürücülük vəsiqəsi və əmək müqaviləsi üzrə operator işlədiyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi, həmin QSCyə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini Lənkəran rayonu Kənarmeşə kəndində, asfalt yolda, yağışlı hava şəraitində, üzü Lənkəran rayonu Şilim kəndi istiqamətində 50 km/saat sürətlə idarə edərkən diqqətini ekskavatorun idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsinin sürücüsü hər hansı səbəblərdən sürətini kəskin azaltdıqda və ya nəqliyyat vasitəsini gözlənilmədən dayandırdıqda onunla toqquşmanın qarşısını ala biləcək, yəni tormozlamaqla idarə etdiyi avtomobili qarşısında hərəkətdə olan nəqliyyat vasitəsi sürətini azaldaraq dayandığı vəziyyətdə həmin nəqliyyat vasitəsinə çatmadan öz hərəkət zolağında dayandırmağa imkan verən ara məsafəsi seçməli olduğu, bununla da "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin "sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 50 km/saat sürətlə idarə edərkən qarşısında onunla eyni zolaqda hərəkətdə olan, istintaqla müəyyən edilməyən avtomobil sürətini azaldaraq dayandığı vəziyyətdə hərəkətin təhlükəsizliyini təmin edən ara məsafəsini saxlamayıb ekskavatoru qarşı hərəkət zolağına çıxararaq yol hərəkəti qaydalarını pozması nəticəsində hər ikisi dayanmış vəziyyətdə olan, X8 məxsus "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı, sonra isə İddiaçı məxsus "Hyundai Accent” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub sonuncu avtomobilin arxa hissəsində yolun kənarında dayanmış Lənkəran rayonu Xolmili kənd sakini olan xx xxxx 1977-ci il təvəllüdlü piyada İddiaçı ekskavatorun ön qabarıq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldır sümüklərinin açıq yerini dəyişən sınığı, döş qəfəsi, sağ sağrı və sol bud nahiyyələrində qançırlardan ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxs İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini etibarnamə əsasında idarə edən sürücü X7 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(049)-166/2023 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib iki il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Hazırkı mülki mübahisə üzrə iddiaçı-zərərçəkmiş şəxs İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(049)-166/2023 saylı hökmündən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023- cü il tarixli, 1(106)-565/2023 saylı qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(049)-166/2023 saylı hökmü dəyişdirilmiş, iş üzrə maddi sübut olan “New Holland B90B” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmış, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-565/2023 saylı Qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş apellyasiya qərarı ilə yol-nəqliyyat hadisəsini törədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində əmək müqaviləsi üzrə operator işləmiş və QSC-yə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini etibarnamə əsasında idarə etmiş X3 təqsirli olması sübuta yetirilmiş, cavabdeh QSC-nin əmək müqaviləsi üzrə işçisi Ş.Nəbili əmək vəzifələrinin icrası zamanı İddiaçı maddi zərər vurmuşur, ona görə də cavabdeh-hüquqi şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində qarşı tərəfə yetirdiyi zərəri ödəməlidir. Cavabdehin işçisinin cinayət əməli nəticəsində iddiaçı-zərərçəkmiş şəxs İddiaçı məxsus və onun faktiki sahibliyi və istifadəsində olan "Hyundai Accent” markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşmüş, avtomobilə yetirilən zərər (avtomobilin ehtiyat hissələri və usta xərci ilə birlikdə) qüsur aktına əsasən 8531 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda sözü gedən yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus ekskavator yükləyicinin ön qabarıq hissəsi ilə iddiaçı-zərərçəkmiş İddiaçı ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldır sümüklərinin açıq yerini dəyişən sınığı, döş qəfəsi, sağ sağrı və sol bud nahiyyələrində qançırlardan ibarət sağlamlığına ağır zərər vurmuşdur. İddiaçı hadisə baş verən 24 may 2022-ci il tarixdən son vaxtlara kimi 13 dəfə Lənkəran şəhərindən Bakı şəhərinə avtomaşınla gətirilmiş, Azərbaycan Tibb Universitetinin X2 4 dəfə cərrahi əməliyyata alınmışdır, şəxsi vəsaiti hesabına tibbi müayinə, müalicə və əməliyyatlara cəlb edilmiş, şəxsi vəsaiti hesabına çox sayda dərman preparatları almış, hazıra kimi iddiaçının ayağı sağalmayıb, yeriyə bilmir, müalicəsi davam etdirilir, yeni cərrahiyyə əməliyyata alınması gözlənilir. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş ağır zərərlə bağlı müayinə, müalicə və cərrahi əməliyyatlara görə, Lənkəran şəhərindən Bakı şəhərində yerləşən Azərbaycan Tibb Universitetinin X4 uzanıqlı vəziyyətdə minik avtomobili ilə gətirilib geri Lənkərana qaytarılmasına görə, dərman preparatları almasına görə şəxsi pul vəsaitini xərcləmişdir. Belə ki, Lənkərandan Bakıya ümumilikdə 13 dəfə gəlmişdir, 1 dəfə X11 avtomobili ilə, qalan 12 dəfə Lənkərandan Bakıya və Bakıdan Lənkərana hər gediş haqqı 120 manat olmaqla 1440 manat, ATU X2 yataq xidmətləri, laboratoriya, KT müayinəsi və s. 2497 manat, müxtəlif növ müayinələr və tibbi avadanlıq üçün 2683 manat, müxtəlif dərman və “RİF” məhlul preparatlarını sistematik aldığına görə 4003,58 manat və 591,37 manat, İddiaçı avtomobilinə dəymiş 8531 manat ziyan, iddia ərizəsini məhkəməyə vermək üçün 160 manat dövlət rüsumu pulu, 700 manat vəkil xərcləri, ümumilikdə 20.605,95 manat pul vəsaitini ödəyərək maddi ziyan çəkmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və izahatında məhkəməyə bildirmişdir ki, hökmdə də qeyd olunub ki, dəymiş maddi ziyanın bir qismi ödənilib. İslam adlı şəxs iddiaçının yanına gedib, pul təklif ediblər. Zərərçəkmiş şəxs özü də bunu hökmdə təsdiq edir. Ona deyilənə görə iddiaçıya 6000-7000 manat təklif olunub, özü razılaşmayıb. 2000 manata yaxın ödəniş olunub, iddiaçı özü də bunu etiraf edib. O, həmin vaxt şirkətdə işləmirdi, özü bu proseslərdə iştirak etməmişdir. Onda olan sübutlara əsasən bilir ki, pul təklif olunub və hətta bir miqdar pul ödənilib. Bəlkə də 100-ə yaxın qəbz qoyulub, o, haradan bilə bilər ki, reseptlər əsasında iddiaçının dərman aldığı qəbzlərdir, iddiaçı özü də xəstəxanada işləyir. Hal-hazırda şirkət 10000 manatadək ödəməyə hazırdır. Şirkət hadisəni danmır, müdiriyyət sürücünü işdən çıxarıb, çox insaflı adamdırlar, başa düşürlər ki, insanın sağlamlığına ziyan dəyib. 10000 manat ödəməyi öhdələrinə götürürlər. İddiaçı deyir ki, 4000 manat taksiyə verib, taksi şahid kimi gəlib nə deyəcək? İddiaçı qəbzlər təqdim edib ki, həmin tarixdə həmin dərmanları alıb, amma özü də xəstəxanada işləyib – bəlkə heç özünə aid qəbzlər deyil. Bunu sübut edən sənəd lazımdır ki, dərman dövlət qeydiyyatına alınmış reseptə əsasən alınmış olsun. Şişirdilmiş qiymətlər olmasın, onlar da aralarında məsələni həll edə bilsinlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-166/2023 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ … Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, 15 mart 2022-ci il tarixdən “EN COM” şirkətində sürücü işləməklə ona “Nev Holland” markalı **-AC-*** qeydiyyat nömrə nişanlı traktor verilmişdir. Traktoru idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 24 may 2022-ci il tarixdə saat 16:30-da şirkətin göstərişi ilə Kənarmeşə kəndindəki bir işini bitirib Lənkəran rayonu Liman şəhərinə digər işini davam etdirmək üçün yola düşmüşdür. Saat 17 radələrində Kənarmeşə kəndi ərazisində yerləşən orta məktəbin yaxınlığındakı asvalt yolla Şilim kəndi istiqamətində hərəkətdə olduğu zaman qarşısında, eyni istiqamətdə hərəkətdə olan Mersedes markalı ağ rəngli avtomobilin sürücüsü avtomobilinin qarşısında eyni istiqamətdə hərtəkətdə olan sərnişin avtobosunu ötərək ondan təxminən 5 metr qarşısında avtomobilini saxlamışdır. Həmin avtomobilin dayandığını görüb avtobusun sürücüsü də avtobusunu dayandırmışdır. Həmin vaxt saat da 40 km sürətlə traktoru idarə etmişdir. Avtobusun dayandığını görüb ötmə əməliyyatını etdiyi zaman əvvəl qarşıdan gələn BMVV markalı avtomobili vurmuş, daha sonra isə yolun sol ehtiyyat hissəsində dayanmış “Hunday Aksent” markalı avtomobillə toqquşmuşdur. Bundan sonra “Hunday Aksent” markalı avtomobil sürüşərək yolun kənarında olan kanala düşmüş və arxası “Mersedes Benz” markalı avtomobilə dəymiş, yolun sol ehtiyyat hissəsində dayanmış “Hunday Aksent” markalı avtomobilin sürücüsü olan, adını sonradan bildiyi və futbol oyununa tamaşa edən İddiaçı sağ ayağından vurmuş və sonuncu xəsarət almışdır. Hadisə zamanı hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə İddiaçı xəstəxanaya aparılmışdır. O və digər iki sürücü isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə spirtli içki qəbul edibetmədiklərinin yoxlanılması üçün Lənkəran rayon xəstəxanasına getmişlər. Yol-nəqliyyat hadisəsindən sonra İddiaçı ümimilikdə 1800 manat pul ödəmişlər. … İşdə olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli etibarnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixədək "xxxx" QSC-nin mülkiyyətində olan ** AC *** dövlət nömrə nişanlı “Nevv Holland B90B” markalı avtomobilin idarə edilməsini X5 (sürücülük vəsiqəsi seriya : SV014721, dərəcəsi: T, TK, TT, H) etibar etmişdir. … X7 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin”. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-565/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ … Məhkəmənin hökmünə əsasən X7 idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 24 may 2022-ci il tarixdə, saat 17 radələrində “T, TK, TT, H” kateqoriyalı sürücülük vəsiqəsi və əmək müqaviləsi üzrə operator işlədiyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi, həmin QSC-yə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini Lənkəran rayonu Kənarmeşə kəndində, asfalt yolda, yağışlı hava şəraitində, üzü Lənkəran rayonu Şilim kəndi istiqamətində 50 km/saat sürətlə idarə edərkən diqqətini ekskavatorun idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsinin sürücüsü hər hansı səbəblərdən sürətini kəskin azaltdıqda və ya nəqliyyat vasitəsini gözlənilmədən dayandırdıqda onunla toqquşmanın qarşısını ala biləcək, yəni tormozlamaqla idarə etdiyi avtomobili qarşısında hərəkətdə olan nəqliyyat vasitəsi sürətini azaldaraq dayandığı vəziyyətdə həmin nəqliyyat vasitəsinə çatmadan öz hərəkət zolağında dayandırmağa imkan verən ara məsafəsi seçməli olduğu, bununla da "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin "sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddənin və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 50 km/saat sürətlə idarə edərkən qarşısında onunla eyni zolaqda hərəkətdə olan, istintaqla müəyyən edilməyən avtomobil sürətini azaldaraq dayandığı vəziyyətdə hərəkətin təhlükəsizliyini təmin edən ara məsafəsini saxlamayıb ekskavatoru qarşı hərəkət zolağına çıxararaq yol hərəkəti qaydalarını pozması nəticəsində hər ikisi dayanmış vəziyyətdə olan, X8 məxsus "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı, sonra isə İddiaçı məxsus "Hyundai Accent” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub sonuncu avtomobilin arxa hissəsində yolun kənarında dayanmış Lənkəran rayonu Xolmili kənd sakini olan xx xxxx 1977-ci il təvəllüdlü piyada İddiaçı ekskavatorun ön qabarıq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldır sümüklərinin açıq yerini dəyişən sınığı, döş qəfəsi, sağ sağrı və sol bud nahiyyələrində qançırlardan ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxs İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. … İşin hallarından görünür ki, Şahhüseyn Nəbili ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Onun əməli nəticəsində bir neçə avtomobilə, daha böyük ölçüdə isə zərərçəkmiş İddiaçı sağlamlığına və “Hyundai Accent” markalı avtomaşınına dəymişdir. İstər hadisədən dərhal sonra, istərsə də cinayət işinin sonrakı icraatı zamanı təqsirləndirilən şəxs Ş.Nəbili tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. … Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 1(049)-166/2023 saylı hökmü dəyişdirilsin. İş üzrə maddi sübut olan “New Holland B90B” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi olan Cavabdeh QSC-yə qaytarılsın. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9889 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Auto Azərbaycan Hyundai Lənkəran” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktında 2008-ci il buraxılışlı Hyundai Accent minik markalı, 10UR311 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7097 manat müəyyən edilir. O cümlədən dəyişdirilməli hissələrin qiyməti – 5547 manat, təmirbərpa işlərinin qiyməti – 1550 manat. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışında aşağıdakılar göstərilmişdir: “ ... Verilir, xx.xx.1997 təvəllüdlü İddiaçı, ondan ötrü ki, həqiqətən xx.xx.2022 tarixində klinikamızda sağ aşağı ətrafın baldır sümüklərinin açıq sınığı diaqnozu ilə ekstemal fiksator vasitəsilə osteosintez cərrahi əməliyyatı icra olunub. xx.xx.2022 tarixinə dəri köçürülmə əməliyyatına qədər müalicə prosesi ərzində xəstənin açıq yara nahiyəsi Rifampisin 250mq-lıq, 9%-li NaCl məhlulu, betadin, steril salfet və bint vasitəsilə ilə gündə 3 dəfə təmizlənmişdir. Reablitasiya müddəti ərzində moksikum 400mq, flukanazol, dolex 25mq,pantap 40mq tabletlər və bonacef 1.0 parentral inyeksiya üçün istifadə olunmuşdur”. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X6 tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı həmin tarixlərdə Azərbaycan Tibb Universitetinin X2 travmatoloq və travmotoloq cərrah yanında ambulator müayinədə olmuşdur. İş materiallarında olan epikrizlərdən görünür ki, İddiaçı ilkin olaraq Azərbaycan Tibb Universitetinin X4 xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə onun üzərində ümumi anesteziya altında sol qamış və incik sümüklərinin osteosintezi cərrahi əməliyyatı həyata keçirilmiş, xx.xx.2022-ci il tarixdə o, 2 gün fasilə ilə 1 ay sarğı edilməsi şərtilə evə buraxılmış; xx.xx.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X4 qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə üzərində sərbəst dəri flebi köçürülməsi əməliyyatı icra edilmiş; xx.xx.2023-cü il tarixdə o, yenidən Azərbaycan Tibb Universitetinin X4 daxil olmuş, xx.xx.2023-cü il tarixdə ona ümumi anesteziya altında osteosintezi cərrahi əməliyyatı icra edilmiş, xx.xx.2023-cü il tarixdə o, 2 gün fasilə ilə 18 gün sarğı edilməsi şərtilə evə buraxılmışdır. İş materiallarında olan və tədqiq edilməsi mümkün olan qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ~ məhkəməyə müraciət etdiyi tarixədək müayinə və müalicəsinə 8447,45 manat məbləğində pul xərclənmişdir. Qəbzlərin bir hissəsinin oxunması mümkün olmadığından, onlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 510 saylı müqavilədən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün vəkil Nümayəndə1 (Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu) cəmi 850 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Onkoloji Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 25/A saylı arayışından görünür ki, İddiaçı 2020-ci ildən Lənkəran Şəhər Onkoloji Xəstəxanasında Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir, əmək haqqı 498 manat təşkil edir, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirimişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə münasibətdə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında səsləndirdiklərini əsaslı hesab etmir. Belə ki, iddiaçının özünün xəstəxanada Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləməsi özüözlüyündə müalicə dövrünü əhatə edən, müalicə, müayinə və reabilitasiyasına aid olan tibbi xərclərə dair ödəniş qəbzlərini şübhə altına alınması üçün əsas olaraq qəbul edilə bilməz. Cavabdeh tərəfindən isə etirazını əsaslandıracaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən iddia ərizəsinin 1440 manat taksi xidmətlərinə görə ödənilmiş pulun tələb edilməsi hissəsi əsaslı hesab edilmir. Belə ki, İddiaçı həmin tairxlərdə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin X1ması iş materialları ilə təsdiq olunsa da, iddiaçı məhz həmin məbləğdə pulun cavabdehdən tələb edilməsini əsaslandıra biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. ... Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. ... İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.”. Məhkəmə yuxarıda qeyd olunanları, həmçinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında faktiki olaraq iddianı 10000 manat hissəsində qəbul etməsini və iddiaçıya həmin məbləğdə təklifi irəli sürməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cəmi 15544,48 (*8447,48+7097) manat məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardıma görə ödənilmiş pulun 700 manat hissəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 15544,48 (on beş min beş yüz qırx dörd manat qırx səkkiz qəpik) manat məbləğində dəymiş maddi ziyanın əvəzi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun 136,64 (yüz otuz altı manat altmış dörd qəpik) manat hissəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar