Məhkəmə qərarları › İş №e-2(001)-609/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-609/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-609/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 6000 manat, nəqliyyat vasitəsinin zərəri nəticəsində dəyərdən düşməsinə görə 25.000 manat, 2000 manat mənəvi ziyanın və tərəfindən ödənilmiş 190 manat dövlət rüsumu olmaqla, 33.190 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 iyul 2023-ci il tarixdə 253.300 manata Lexus LX500D markalı avtomobil almışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məxsus “Otokar Kent LF12M” CNG markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtobus ilə iddiaçıya məxsus avtomobil toqquşmuş və iddiaçının avtomobilinə ciddi zərər dəymişdir. Bundan sonra avtomobil zəmanətdə olduğu üçün "xxxx" MMC-də dəymiş ziyan qiymətləndirilmiş və qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş zərər 11.215 manat hesablanmışdır. Sığorta şirkəti həmin məbləğdən 5000 manat ödəniş etmişdir. Bu səbəbdən də iddiaçı dəymiş zərərin qalan hissəsini cavabdehdən tələb edir. Həmçinin qəza nəticəsində avtomobil ən azı 15 faiz dəyər itirmişdir. Bu səbəbdən də iddiaçı həmin itirilmiş dəyərin də cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa bu müddət ərzində keçirdiyi həyəcan və stresə görə 2000 manat mənəvi ziyan tələb edir.

3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddiaçının iddia tələbinin əsassız olduğunu, qeyd edilən məbləğin şişirdilərək yazıldığını bildirmiş. Həmçinin avtomobilin dəyərinin 15 faiz itirilməsi ilə bağlı tələb üzrə hər hansı bir meyar mövcud olmadığından iddianın rədd edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

6. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Mülki işin materialları:

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Lexus LX500D” markalı avtomobilə dəymiş zərərin məbləği 11.215 manat müəyyən edilmişdir.

8. X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Lexus LX500D” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 11.215 manatdır. Dəymiş zərər nəticəsində avtomobilin dəyərinin təqribi orta bazar qiymətlərinə uyğun olaraq 198.000 manat məbləğində olduğu və avtomobilin 22.000 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. 21.2-ci maddəsinı əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:

16. 114.3.3. Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları nəqliyyat vasitələrində 25 faizədək müəyyən edilir.

17. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin qəzanı törətməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh iddiaya etiraz verərkən, hadisəni-qəzanı mübahisələndirməmiş, yalnız qeyd edilən məbləğin həddən artıq şişirdildiyini qeyd etmişdir.

18. Beləliklə cavabdeh "xxxx" MMC-yə məxsus avtobus tərəfindən yol-nəqliyyat hadisəsi törədilməsi nəticəsində İddiaçı məxsus avtomobilin vurulması tərəfin məhkəmə iclasında verdiyi izahatı, mütəxəssis rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edildiyini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması ilə bağlı hüquqi mövqeyin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:

21. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;

22. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;

23. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;

24. zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

25. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyətdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

26. Beləliklə, hüquqa zidd əməli törətmiş ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

27. Zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hər hansı sübutla müəyyən edilmir.

28. Bundan başqa məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zəruri maddi şərt şəxsin yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olması, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəətinin olması və ondan yararlanması lazımdır. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

29. Bundan başqa məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halıdır və buna görə vurulmuş ziyan iddiaçıya ödənilməli vurulmuş ziyanın həcminə münasibətdə iddia tələbi təmin edilməlidir.

30. Məhkəmə iddia tələbinin avtomobilin itirilmiş dəyərinin ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir.

31. Belə ki, iş materiallarına olan mütəxəssis rəyinə əsasən, dəymiş zərər nəticəsində avtomobilin dəyərinin təqribi orta bazar qiymətlərinə uyğun olaraq 198.000 manat məbləğində olduğu və avtomobilin 22.000 manat məbləğində dəyər itirdiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehdən avtomobilin itirilmiş dəyərinə görə 22.000 manat tutulmalıdır.

32. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

33. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

34. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.

35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 190 (bir yüz doxsan) manat məbləğində dövlət rüsumunun 174 (bir yüz yetmiş dörd) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

37. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən “Lexus LX500D” markalı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 6000 manat, avtomobilə dəymiş zərər nəticəsində dəyərinin itirilməsinə görə 22.000 manat və 174 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən “Lexus LX500D” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 6000 (altı min) manat, avtomobilə dəymiş zərər nəticəsində dəyərinin itirilməsinə görə 22.000 (iyirmi iki min) manat və 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar