Məhkəmə qərarları › İş №e-2(001)-6113/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6113/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6113/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********80 nömrəli X1 müqaviləsinə əsasən nağd kredit üzrə 823,84 manat əsas borc, 269,14 manat faiz borcu olmaqla, cəmi 1092,98 manat borcun, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, kart limiti üzrə 499,17 manat əsas borc, 201,39 manat faiz borcu olmaqla, cəmi 700,56 manat borcun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 37,94 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********80 nömrəli X1 müqaviləsinə əsasənə əsasən illik 19 %-lə, 36 ay müddətinə 1000 manat nağd kredit və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kart limiti verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 823,84 manat əsas borc, 269,14 manat faiz borcu olmaqla, cəmi 1092,98 manat borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, kart limiti üzrə 499,17 manat əsas borc, 201,39 manat faiz borcu olmaqla, cəmi 700,56 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 37,94 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2023-cü il tarixində 6-2-22/2-15354/2023 və 6-2- 22/2-15355/2023 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış BPM**********80 nömrəli X1 müqaviləsindən görünür ki, Cavabdeh illik 19 %-lə, 36 ay müddətinə 1000 manat nağd kredit və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kart limiti verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borclu 1000 manat məbləğindəki krediti ayda 36,66 manat olmaqla xx.xx.2024-cü ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2021-ci il tarixli BPM**********80 nömrəli X1 müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka nağd kredit üzrə ödənilməmiş 823,84 manat əsas borc, 269, 14 manat faiz borcu olmaqla, cəmi 1092.98 manat borcu, xx.xx.2023-cü il tarixinə əsasən, kart limiti üzrə 499,17 manat əsas borc, 201,39 manat faiz borcu olmaqla, cəmi 700,56 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişlərdən və bildirişlərin tərəfə göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləlikdə yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********80 nömrəli X1 müqaviləsinə əsasən nağd kredit üzrə 823,84 manat əsas borc, 269,14 manat faiz borcu olmaqla, cəmi 1092.98 manat borc, kart limiti üzrə 499,17 manat əsas borc, 201,39 manat faiz borcu olmaqla, cəmi 700,56 manat borc tutularaq, iddiaçıya ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, ödənilmiş 37,94 manat dövlət rüsumu, eləcə də 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********80 nömrəli X1 müqaviləsinə əsasən nağd kredit üzrə 823,84 (səkkiz yüz iyirmi üç manat 84 qəpik) manat məbləğində əsas borc, 269,14 (iki yüz altmış doqquz manat 14 qəpik) manat məbləğində faiz borcu, kart limiti üzrə 499,17 (dörd yüz doxsan doqquz manat 17 qəpik) manat məbləğində əsas borc, 201,39 (iki yüz bir manat 39 qəpik) manat məbləğində faiz borcu, 37,94 (otuz yeddi manat 94 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 1831,88 (bir min səkkiz yüz otuz bir manat 88 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar