Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6124/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 12882,79 manat əsas borc, 1711,97 manat məbləğində faiz borcu və 814,10 manat cərimə borcu olmaqla, cəmi 15408,86 manat borcun və 137 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% faiz olmaqla, 18000 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, işləri lə bağlı 18000 manat bankdan pul götürdüyünü, 15 ay ödəniş etdiyini, sonradan maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirdi. Yalnız əsas borcu qəbul edərək qismən qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
6. MK/26180/89/18 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% faiz olmaqla, 18000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 696,77 (sonuncu ay 705,25) manat kredit ödənişi etməyi öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
7. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 12882,79 manat əsas borc, 1711,97 manat məbləğində faiz və 814,10 manat məbləğində cərimə borcu vardır.
8. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
17. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
21. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
27. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Eləcə də Cavabdeh1 iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
28. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
30. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
32. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
33. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh2 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh2 12882,79 manat əsas borc və 1711,97 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
34. Bundan başqa məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmədiyindən, həmin zaminliyə xitam verilə bilməz.
35. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 MK/26180/89/18 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsi üzrə iddiaçı-kreditor Bank İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır.
36. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 814,10 manat cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ümumilikdə 80 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir
43. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12882,79 manat əsas borc, 1711,97 manat faiz borcu, 80 manat cərimə olmaqla olmaqla, cəmi 14674,76 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 137 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12882,79 manat əsas borc, 1711,97 manat faiz borcu, 80 manat cərimə borcu olmaqla, cəmi 14674,76 (on dörd min altı yüz yetmiş dörd manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 137 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova