Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6150/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə 4245 əsas borca hesablanmış 5% məbləğində 809.50 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 7483.42 manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri məhkəmədə iddia qaldırılmış, xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə 7459,03 əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 7667,15 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən 4246,19 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat məbləğində pul tutularaq ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli, İK№1139/İK-19 saylı kredit müqaviləsi 60 aylıq müddətə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sonuncu ödənişini etsə də gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2024-cü il tarixə cavabdehin Banka əsas borcunun qalığı 4245 manat təşkil edir. Hesab edirlər ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% (beş faiz) pul cavabdehlərdən tutularaq Banka ödənilməlidir.
İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı ASC faktiki olaraq kredit müqaviləsinə dair pul tələbi üzrə əldə bilmədiyini əlavə iddia əsasında əldə etmək istəyir. Belə ki, əlavə edilmiş sənədlərdən, eyni zamanda elektron icra sənədlərindən ilkin iddia üzrə icraatın İddiaçı ASC-nin rəsmi müraciəti əsasında dayandırılması, 15 iyul 2024-cü ildə yenilənməsi müəyyən olunur. Qətnamə üzrə müəyyən olunmuş pul tələbi isə könüllü icra müddətində 2024-cü ilin sentyabr ayında ödənilmiş və məhkəmə qərarı icra edilmişdir. Belə olan halda əldən çıxmış faydanı hansı müddətdən hansı ana qədər hesabladığını yəqin ki, bir Bank özü bilir. Məhkəmə qərarınının icra edilməsi tarixi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı özlüyündə iddianın rədd edilməsi üçün yetərlidir. İddiaçı ASC bu məhkəmə müraciətləri ilə yalnız cavabdehlərin kredit reyestri məlumatlarını ləkələmək istəyir və prosesi uzatmaqla cavadehlərin kredit reyestri tarixçəsini bacardığı qədər korlamaqla məşğuldur. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ASC-nin iddiası əsassızdır və rədd edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
6. xx.xx.2019-cu il tarixli, İK 1139/İK-19 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 7483,42 manat kredit verilmişdir.
7. xx.xx.2019-cu il tarixli, 1139/İK-19 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh2 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən 4246,19 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat məbləğində pul tutularaq ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
15. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
20. İş materiallarından görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin bitdiyi tarixdən etibarən banka əldən çıxmış fayda şəklində dəymiş 809,50 manat məbləğində ziyanın ondan tutulmasını tələb edir.
21. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
23. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir.
25. Müəyyən edilmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdehlər vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bunun nəticəsində cavabdehlərin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsini gecikdirdiklərinə görə əsas borca hesablanmış 5 faiz məbləğində 809,50 manat məbləğində borc yaranmışdır ki, iddiaçı həmin borcun ödənilməsini tələb edir.
26. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə və eləcə də Konstitusiya Məhkəməsinin Qərarlarına əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borca hesablanmış 5 faiz məbləğində 809,50 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borca hesablanmış 5 (beş) faiz məbləğində 809,50 (səkkiz yüz doqquz manat əlli qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova