Məhkəmə qərarları › İş №e-2(001)-6172/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6172/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6172/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi(anası) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün atası Cavabdeh hər ay tutulan 170 manat məbləğində alimentin artırılaraq, 235 manat sabit pul məbləğində müəyyən edilərək, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə qeyd olunmuş 170 manat sabit pul məbləğində aliment uşağın tələbatını ödəmir. Uşaq orta məktəbin 5-ci sinfində təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün ehtiyaclarını tamamilə özü ödəyir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. Bundan əlavə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü il üçün hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə uzun müddət vaxtında ödəmədiyi üçün və ölkədən kənara qaçdığı üçün polis orqanları tərəfindən axtarışa verildiyi vaxtlar olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, uşaq artıq böyüyüb, dolayısı ilə xərcləri də, artıb. Onu 4 müəllim yanına hazırlığa qoymuşdur.Əlavə olaraq məktəb xərcləri də, kifayət qədərdir. Öz aldığı əmək haqqı evin kirayəsinə, uşağa və məişət ehtiyaclarının qarşılanmasına yönəlib. Cavabdeh 2 il ərzində aliment ödənişi etməmiş, hətta beynəlxalq səviyyədə axtarışa verilmişdir. Hazırda müğənnidir və gəliri kifayət qədər yaxşıdır. 5 il ərzində nə cavabdeh nə də, ailəsi uşaqla maraqlanmamışlar. Hazırda respublika səviyyəsində müəyyən edilmiş məbləğdə, yəni 235 manat məbləğində alimentin tutulmasını xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə nikahları pozulandan sonra iki il aliment ödəməmişdir. Hətta cavabdeh barəsində axtarış qərarı qəbul edilmişdir. Daha sonra cavabdeh ondan şikayət etməməyini xahiş etmişdir. Cavabdehin kifayət qədər qazancı vardır. Belə ki, cavabdehin “revanbağırov” instaqram internet səhifəsində paylaşdığı video və şəkillərdən maddi durumunun kifayət qədər yaxşı olduğu görsənir. Uşaq hazırda hazırlıqlara gedir və hazırlıqlara 180 manat ödəniş edir. Cavabdehin uşaqla ünsiyyətinə maneçilik etmir. Əksinə uşağa hər dəfə atası ilə əlaqə saxlamasını bildirir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı uşağı oğluna göstərmədiyindən, oğlu alimenti ödəməmişdir. Hazırda oğlu xəstə atasına, anası baxdığından tələb edilən həcmdə alimenti ödəyə bilməyəcəkdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı uşağa baxa bilmirsə, onlara verə bilər. İddiaçı ümumiyyətlə uşaqla ünsiyyətlərinə mane olur, onu və ailəsini nalayiq ifadələrlə söyür. Oğlunun rəsmi iş yeri olmasa da, müğənnidir və ikinci dəfə nikaha daxil olmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4862/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 1235 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və s. qət edilmişdir.

8. Hazırda cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında müəyyən edilmiş məbləğdə aliment tutulur.

9. İddiaçı isə qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əsaslandırır. İddiaçının isə müğənni olduğunu və gəlirinin yaxşı olduğunu iddia edir.

10. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmir. Etirazını onunla əsaslandırır ki, iddiaçı uşağı atasına göstərmir. Digər tərəfdən oğlu müğənni olsa da, qazancı alimentin artırılmasına imkan vermir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

16. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

19. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

20. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2020-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

21. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağını ən azından minimal səviyyədə saxlamaq vəzifəsini qəbul etməlidir.

22. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. Belə olan halda alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

23. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar