Məhkəmə qərarları › İş №e-2(001)-621/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-621/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-621/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (K@TV1) cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 52.20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun ümumilikdə 182.60 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Binəqədi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC iləmüqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 72 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, cavabdeh ünvan 1 saylı evin, 18 №;-li mənzilinin sahibidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2008-ci ildə təmin edilmişdir. Həmçinin qeyd edirik ki, qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 1 saylı evin 18 №-li mənzilinin sahibi Cavabdeh ilə İddiaçı MMC arasındahər hansı müqavilə münasibətləri (kabel televiziyasının və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasındakı 18 3-li mənzilə sonuncu dəfə xx.xx.2011-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra, xx.xx.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1982 K saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmçinin yoxlama zamanı qeyd edilən mənzilə baxış keçirilmək istənilsə də, mənzil sakini olan və özünü Abbasov Babək kimi təqdim edən şəxs mənzilə baxış keçirməyə icazə verməmişdir. Akt tərtib edilərək ona təqdim edilmiş və o, akta imza atmaqla qəbul etmişdir. Daha sonra yəni xx.xx.2013-cü ildə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1765 KA saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmçinin yoxlama zamanı özünü Abbasov Cabir kimi təqdim edən şəxs əvvəlcə KATV1-ə baxdığını inkar etsə də, lakin mənzilə baxış keçirilən zaman televizorun KATV1-in kanallarını göstərməsi halı müəyyən edilmişdir. Bundan sonra mənzil sakini “Kurtlar Vadisi”nə baxmaq üçün kabeli özü qoşmasını etiraf etmişdir. Akt tərtib edilərək ona təqdim edilmiş və o, akta imza atmaqla qəbul etmişdir. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirəm ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Bildirilir ki, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş akt üzrə iddia müddəti ötməsi səbəbindən həmin akt üzrə hər hansı tələb yoxdur. Həmin ünvana xx.xx.2012-ci ildə tərtib edilmiş 1982 K saylı aktdan xx.xx.2013-cü ildə tərtib edilmiş akta qədər olan müddət 174 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 52.20 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilsə də, lakin ünvanın düzgün olmaması səbəbindən geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və cavabdehin iştirakı mümkün olmadığı təqdirdə işə qiyabi icraat qaydasında baxılması və məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı MMC “K@TV1”-in əməkdaşı X6, “Ədalət-A” hüquq firmasının əməkdaşı X3 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1982 K saylı, 22 sentyabr 2012-ci il tarixli aktın surətinə əsasən ünvan 3 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur.

6. İddiaçı MMC “K@TV1”-in əməkdaşı X9, “Ədalət-A” hüquq firmasının əməkdaşı X7 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1765 KA saylı, 15 mart 2013-cü il tarixli aktın surətinə əsasən ünvan 4 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Aktda qeyd edilmişdir ki, rəngi bo olan qapını 20-25 yaşlarında oğlan açmışdır. Ona “KATV 1” baxsalar da, pul ödəmədiklərini bildirsələr də, oğlan “biz baxmırıq2 deyə onları evə dəvət etmişdir. Televizorda “K@TV1” yayımlarını aşkar etmişlər. Həmin oğlan sonra etiraf etmişdir ki ,”Kurtlar Vadisi” serialına baxmaq üçün özü kabeli “K@TV1” şəbəkəsinə qanunsuz qoşulmuşdur.

7. İddiaçı MMC-nin (“K@TV1”) 22 iyun 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 2 saylı yaşayış binası (“K@TV1”) kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Həmçinin qeyd edilir ki, qanunsuz qoşulmanının həyata keçirildiyi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 2 saylı evin, 18 №-li mənzilinin sahibi Cavabdeh ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır.

8. AG Telekom” MMC-nin (“K@TV1”) 22 iyun 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 2 saylı yaşayış binasındakı 18 saylı mənzilə sonuncu dəfə xx.xx.2011-ci il tarixində baxış keçirilmişdir.

9. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 1177 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, 8-ci mkr, S.S.Axundov küçəsi, 2 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Mənzil sakinləri Cavabdeh həyat yoldaşı-X2, oğlu-X4, oğlu-X5 qeydiyyatdadırlar.

10. 04 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir;

11. Mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş sübutlarla işin müəyyən edilən halları:

12. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 2 saylı yaşayış binası (“K@TV1”) kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanının həyata keçirildiyi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 2 saylı evin, 18 №-li mənzilinin sahibi Cavabdeh ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır.

13. xx.xx.2013-cü ildə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1765 KA saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmçinin yoxlama zamanı özünü Abbasov Cabir kimi təqdim edən şəxs əvvəlcə KATV1-ə baxdığını inkar etsə də, lakin mənzilə baxış keçirilən zaman televizorun KATV1-in kanallarını göstərməsi halı müəyyən edilmişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

20. Göründüyü kimi, şəbəkədən ayrıldıqdan sonra K@TV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulması və kabel televiziyasının yayımlanması üçün iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni əsas olmadan iddiaçının Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və nəticədə iddiaçıya zərər vurmuşdur.

21. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd olan və mülki qanunvericiliyin normalarını pozan əməl kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh bu hərəkətlərinə görə mülki hüquq məsuliyyəti daşımalı, iddiaçıya vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Odur ki, məhkəmə iddia tələbinin cavabdehdən 52,20 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin zərər məbləğini tələb etməkdə haqlı olmuşdur.

22. Məhkəmə iddia tələbinin göstərilən xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər;

29. 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.

30. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

31. 241.4-cü iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 52,20 manat, göstərilmiş xidmətlərə görə çəkilən xərclərin əvəzi olaraq 100 manat, habelə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı İddiaçı MMC-nin (K@TV1) xeyinə tutulmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 52,20 manat, göstərilmiş xidmətlərə görə çəkilən xərclərin əvəzi olaraq 100 manat, habelə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı İddiaçı MMC-nin (K@TV1) xeyinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar