Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-621/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO Dəmirbank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DəmirBank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002572 nömrəli bank xidmətləri müqaviləsinə əsasən, bank borcalanla xx.xx.2017-ci il tarixdə 5 saylı əlavə saziş bağlayaraq Cavabdeh2 36 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərti ilə 2000 manat kredit vermişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı LPO Dəmirbank ASC-nin xeyrinə əsas borca görə 894,72 manat, faiz borcuna görə 1132,43 manat, cəriməyə görə 522,14 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 128,16 manat borc olmaqla cəmi 2677,45 manat borcun və 46,78 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, o, Dəmirbank ASC-dən 2017-ci ildə kredit götürmüşdür. O vaxtı dollarla banka borc ödəyənlərin artıq ödədikləri pul hesablanıb vətəndaşlara geri qaytarılarkən Bank of Baku ASC-də ona pul qaytarmış, lakin həmin pul vəsaiti də onun özünə deyil, Dəmirbank ASC-yə olan borcuna görə köçürülmüşdür. Bank tərəfindən mümkün qədər nə güzəşt oluna bilərsə, güzəşt olunmasını xahiş edir. Bankın tələb etdiyi cərimə və faiz borcu ilə razı deyildir. Hazırda borcundan 525 manat ödəniş etmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə bilir, lakin hesab edir ki, borcu ödəməli deyildir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsindən müəyyən olunur ki, bank borcalana bank xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavədən müəyyən olunur ki, borcverən Dəmirbank ASC borcalan Cavabdeh2 36 ay müddətinə qaytarmaq, illik 30% ödəmək, kredit ödənişi gecikdirildikdə illik 60% cərimə ödəmək şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Dəmirbank ASC-nin xx.xx.2017-ci il tarixli məxaric orderinin surətindən müəyyən olunur ki, bank ayırdığı kreditə 2000 manatı Cavabdeh2 vermişdir. Dəmirbank ASC-nin xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cı il tarixə qədər əsas borca görə 2000 manat, faiz borcuna görə 1056,65 manat olmaqla cəmi 3056,65 manat borcu banka ödəməlidir. Borcverən Dəmirbank ASC, borcalan X4 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM1/036T10170008 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavədən irəli gələn öhdəliklərinin icrasına görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. LPO Dəmirbank ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən borclu Cavabdeh2 əsas borca görə 894,72 manat, faiz borcuna görə 1132,43 manat, cəriməyə görə 522,14 manat, 5% əsasən hesablanmış faizə görə 128,16 manat olmaqla cəmi 2677,45 manat borcu vardır. LPO Dəmirbank ASC-nin xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 300 manat ödəniş etmişdir. LPO Dəmirbank ASC-nin xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 225 manat ödəniş etmişdir. LPO Dəmirbank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı birgə borclular olan cavabdehlərə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-16/2- 9619/2023 saylı məktubundan müəyyən olunur ki, X4 ilə LPO Dəmirbank ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh X4 xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən, öhdəliklərini icra etməmiş, iddiaçı məhkəməyə müraciət etdikdən sonra yaranmış borcundan 525 manat ödəniş etmiş, nəticədə iddiaçıya əsas borca görə 894,72 manat, faiz borcuna görə 607,43 manat, 5% görə 128,16 manat borcu qalmışdır. Ona görə də məhkəmə iddianı bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə borcalan cavabdehdən 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının zaminə qarşı tələbinə münasibət bildirib qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün xitam verildiyindən, icrası müddəti xx.xx.2020-ci il tarixdə başa çatan əsas öhdəlikdən irəli gələn tələbə görə xx.xx.2023-cü il tarixdə, yəni zaminlik müqaviləsində göstərilmiş onun xx.xx.2021-ci il tarixədək verilmə müddəti qurtardıqdan sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. İstinad olunanlara əsasən məhkəmə iddiaçının zaminə qarşı tələbini əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X2 xx.xx.2017-ci il tarixli 002527 saylı bank xidmətləri müqaviləsinə 5 saylı xx.xx.2017-ci il tarixli əlavəyə əsasən, əsas borca görə 894,72 manat, faiz borcuna görə 607,43 manat, cəriməyə görə 10 manat, 5% görə 128,16 manat, dövlət rüsumuna görə 46,78 manat olmaqla cəmi 1687,09 manat LPO Dəmirbank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-621/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-621/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver