Məhkəmə qərarları › İş №e-2(001)-6220/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6220/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6220/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 118253-1- 9327/2 saylı nağd pul krediti müqaviləsinə əsasən cavabdehə illik 1% hesablanması şərti ilə 60 ay müddətinə 15622,15 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 13153,38 manat əsas borcu və 55,34 manat faiz borcu olmaqla, ümumilikdə 13208,72 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank VTB (Azərbaycan) ASC tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı nağd kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 13153,38 manatın, faiz borcuna görə 55,34 manatın və ödənilmiş dövlət rüsumuna görə 129,63 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Bank VTB (Azərbaycan) ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli 118253- 1-9327/2 saylı nağd pul krediti müqaviləsinə əsasən bank ona illik 1% hesablanması şərti ilə 60 ay müddətinə 15622,15 manat kredit vermişdir. İddiaçı banka müraciət etdikdən sonra o, qalıq borcundan 150 manat ödəniş etmişdir. Borcun qalan hissəsini hər ay 200 manat olmaqla hissə-hissə banka ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 15622,15 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.-cü bəndinə əsasən müqavilə üzrə güzəştli müddət tətbiq olunduqda, faizlər kreditin verilmə tarixindən etibarən kredit banka tam məbləğdə faktiki qaytarılan günədək illik 1% olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 15622,15 manat, faiz borcuna görə 477,46 manat olmaqla cəmi 16099,61 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 8154p saylı pretenziyadan müəyyən olunur ki, bank borcalana xx.xx.2019-cu il tarixli 118253-1- 9327/2 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 13153,38 manat, faiz borcuna görə 55,34 manat borcu vardır. Borcalan müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci il tarixdən icra etmir. xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, Cavabdeh tərəfindən Bank VTB-nin hesabına 10 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, Cavabdeh tərəfindən Bank VTB-nin hesabına 140 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı Cavabdeh xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 13153,38 manat, faiz borcuna görə 55,34 manat borcunun yaranması, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehin borcundan 150 manat ödəməsi öz təsdiqini tapdığından iddiaçının əsas borca görə cavabdehdən 13058,72 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 118253-1-9327/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13058,72 manat, dövlət rüsumuna görə 129,63 manat olmaqla cəmi 13188,35 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar