Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-628/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 İddiaçı ASC-ninxeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə əsas borcu 8971,82 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1809,89 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1149,26 manat olmaqla, cəmi 11.930,97 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,79 manatın İddiaçı ASC-nin xeyrinə tutulması; 12 may 2023cü il tarixli, 001/GM/112/5270658 saylı Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 № -li akta əsasən iri buynuzlu (2 baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlar olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə bağlanmış 12 may 2023-cü il tarixli, 5270658-K №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 24% olmaqla, 10 000 (on min) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh2 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh2 təsərrüfatda istifadə məqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 № -li akta əsasən iri buynuzlu (2 baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlar 12 may 2023-cü il tarixli, 001/GM/112/5270658 saylı Girov müqavilələrinə əsasən Girov qoyulmuşdur. Kreditin təminatı olaraq zamin Cavabdeh1 12 may 2023-cü il tarixli, ***-*******/ZM №-li zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə əsas borcu 8971,82 manat, xx.xx.2024cü il tarixə faiz borcu üzrə 1809,89 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1149,26 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0, cəmi 11.930,97 manat məbləğində borcu yaranmışdır. Tərəflərin izahatları:
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştrakı olmadan keçirməklə, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh əvvələr də bankdan istehlak krediti götürmüşdür və kreditin təminatı olaraq zaminlik və girov müqaviləsi bağlanmışdır. Müştəri sahibkar olsa da, ona verilən kredit sahibkarlıqla əlaqədar olmayan istehlak krediti olmuşdur.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə ona istehlak məqsədi üçün kredit verilmişdir. Verildiyi andan müştəri həmin vəsaitdən istifadədə müstəqildir. Odur ki, götürdüyü pulun biznes məqsədi ilə istifadə edilməsi, hazırki mübahisənin kommersiya mübahisəsi olmasını deməyə əsas vermir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə diqqət yetirilsə müəyyən olur ki, kreditin faizi biznes kreditinə görə çox göstərilib. Adətən biznes kreditində faiz məbləği 16 faiz hesablanır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına iştirak etməmişlər.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə iclasından əvvəl Cavabdeh2 ilə aparılmış telefon danışığı zamanı cavabdeh məhkəmə iclaslarından məlumatının olduğunu, lakin ailədə xəstənin olması səbəbindən iştirak edə bilmədiyini, həmçinin girov predmeti olan heyvanların tələf olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №5270658-K saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalana 36 ay müddətinə illik 24%, aylıq 392,42 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2026-cı il olaraq müəyyən edilmişdir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 may 2023-cü il tarixli, 001/GM/112/5270658 saylı girov müqaviləsindən görünür ki, xx.xx.2023cü il tarixli, №5270658-K saylı kredit müqaviləsinin icrasını təmin etmək üçün ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus evdə bu müqaviləyə əlavə olunmuş 1№-li akta əsasən iri buynuzlu (2 baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlar girov qoyulmuşdur.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanan 12 may 2023-cü il tarixli, ***-*******/ZM saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə “zamin” 1.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən 16 sentyabr 2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, №5270658- K saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 8971,82 manat əsas, 1809,89 manat faiz borcu, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 1149,26 manat cərimə borcu olmaqla, cəmi 11930,97 manat borcu vardır.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclulara ünvanlanan 14 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə borcu 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 125,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
14. xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 36 ay müddətinə illik 24%, aylıq 392,42 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borcalan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 350 manat ödəniş etmişdir.
15. Kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli girov müqaviləsi bağlanmış və girov qoyan ona məxsus olan iri buynuzlu(2 baş dana) və xırda buynuzlu(20 baş quzu və 17 baş qoyun) heyvanları girov qoymuşdur.
16. Bundan əlavə bankla Cavabdeh1 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyacağı barədə zaminlik müqaviləsi bağlanmışdır.
17. Borcalanın kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyinə əsaslanaraq, kreditor müqavilədən imtina etməklə müqavilə üzrə yaranmış borcu və tələbin girov predmetinə yönəldilməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
27. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
30. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
31. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
32. Məhkəmə belə qənaətə gəlir ki, borcalan Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə də sübut olunur ki, kredit müqaviləsi üzrə öhdəlik lazımı qaydada icra edilməmişdir. Digər Cavabdeh1 isə zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
33. Lakin həmin kredit müqaviləsi üzrə tələb olunan cərimə borcuna münasibətdə isə məhkəmə iddianı tam əsaslı hesab etmir. Belə ki, kreditorla borclu arasında öhdəliyin icra edilmədiyi təqdirdə dəbbə pulunun ödəniləcəyi barədə yazılı formada razılaşma olmasına baxmayaraq, kreditor borcludan tənasübsüz surətdə hesablanmış dəbbə pulu tələb edir. Hansı ki, əsas borcun 8971,82 manat manat müəyyən edildiyi xx.xx.2023-cü il tarixli, №5270658-K saylı kredit müqaviləsinə görə 1149,26 manat məbləğində cərimə(dəbbə) tələb edilir. Odur ki, tələb olunan əsas borcun məbləğini, borclunun onsuz da yaxşı olmayan maliyyə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin cərimə borcu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir.
34. Məhkəmə tələbin girov predmeti olan Cavabdeh2 məxsus iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlara yönəldilməsi hissəsində iddianı əsaslı hesab edir.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
37. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
38. 279-cu maddəsinə əsasən Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
39. 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır.
40. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər.
41. 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir.
42. 285.1. Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür.
43. 294.1-ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir:
44. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə;
45. 294.1.2-ci madddəsinə əsasən bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə;
46. 294.1.3-cü maddəsinə əsasən əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə;
47. 294.1.4-cü maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda.
48. 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.
49. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
50. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
51. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
52. 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: - girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; - “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; - girov saxlayanın tələblərinin ödənilməsinə;
53. 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
54. Tərəflər arasında bağlanmış 12 may 2023-cü il tarixli, 001/GM/112/5270658 saylı girov müqaviləsi və həmin müqaviləyə əlavə olunan akt ilə Cavabdeh2 iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanları girov qoymuşdur. Girov müqaviləsi ilə təmin edilən öhdəliyi isə icra etməmişdir. Odur ki, iddiaçı tələbin girov predmeti olan daşınar əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır.
55. Cavabdeh heyvanların tələf olduğunu bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki,mübahisə üzrə girov predmeti girov qoyanın özünü sahibliyində olmuşdur. Tətbiq edilən prosessual normalar:
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
57. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
58. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
60. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
61. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, №5270658-K saylı kredit müqaviləsi üzrə əsas borca görə 8971,82 manat, faiz borcuna görə 1809,89 manat, cərimə borcuna görə 300 manat olmaqla, 11081,71 manat məbləğində pul vəsaiti və 125,79 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh2 məxsus girov ilə yüklü edilmiş iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlara yönəldilməli, iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 11081,71 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan məbləğ Cavabdeh2 qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq
qətetdi:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, №5270658-K saylı kredit müqaviləsi üzrə əsas borca görə 8971,82 manat, faiz borcuna görə 1809,89 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 11081,71 (on bir min səksən bir manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti və 125,79 (yüz iyirmi beş manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb girov predmeti olan Cavabdeh2 məxsus iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlara yönəldilsin, iri buynuzlu (iki baş dana) və xırda buynuzlu (20 baş quzu və 17 baş qoyun) heyvanlar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 11081,71 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh2 qaytarılsın. Əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev