Məhkəmə qərarları › İş №e-2(001)-6315/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6315/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6315/2025 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Məhyəddin qızının sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh5 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh4 (qanuni nümayəndə qismində Cavabdeh2)qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh5 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh4 (qanuni nümayəndə qismində Cavabdeh2) müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6211.98 manat məbləğində kredit bоrcu, 1355.10 manat məbləğində faiz bоrcu və 156.54 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7723 (yeddi min yeddi yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 97.24 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən X3 aylıq faiz dərəcəsi 2% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3488.02 manat ödəniş etmiş və оnun iddiaçıya 6211.98 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 390 gün üçün hesablanmış faiz borcu 1355.10 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 390 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 156.54 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabdeh X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı vəkil sorğularına verilən cavab məktublarına əsasən vərəsəlik işinin açılması ilə bağlı heç bir məlumata rast gəlinmədiyi qeyd edilmişdir. AR Bərdə rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışa əsasən X1 ailə üzvlərinin, həyat yoldaşı-Cavabdeh2, qızı-Cavabdeh3, qızı- Cavabdeh1, qızı-Cavabdeh5, oğlu-Cavabdeh4 ibarət olması müəyyən edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6329/**********6329 saylı cavab məktubundan məlum olur ki, X1 adına Bərdə rayonu, Samux kəndində yerləşən 0.1200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-170A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin AR DİN BDYPİ tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-13-16/2-1751/2025 saylı məktubdan X1 adında hər hansı nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmçinin bildiririlir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi X1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, əri xərçəng xəstəsi olmuşdur. Yataq vəziyyətində olanda banka borcunun olduğunu bildirmiş və ödənilməsini istəmişdir. Özünün isə maddi durumu olmadığından ərindən sonra ödəniş edə bilməmişdir. Ərinin ölümündən sonra ölüm haqqında şəhadətnaməsini banka təqdim etmişdir. Bununla bağlı ona 6 ay vaxt verilməsi üçün ərizə yazdırılmışdır. Lakin bu müddət ərzində də ödəniş edə bilməmişdir. Daha sonra ona 8000 manat borcun yığılması barədə məlumat verilmiş, 4500 manat ödəniş edəcəyi təqdirdə gözəşt olunacağı və borcun silinəcəyi bildirilmişdir. Lakin 4 övlad saxlayan tək qadın kimi borcun ödənilməsini təmin etməmişdir. Bərdə rayonunun Samux kəndində qaynanası ərinin adına 12 sot torpaq almışdır. Həmin torpaq sahəsi miras qalmışdır.

Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı QSC ilə X3 arasında sonuncunun Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” ilə tanış olmasını təsdiq edən ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi bağlanmış və bank borcalana 48 ay müddətinə, 24 % dərəcəsi ilə, aylıq ödəniş 318 manat olmaqla, 9700 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

6. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışının surətinə əsasən X2 xx.xx.2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 18 avqust 2022-ci il tarixinə 6211,98 manat əsas borc, 1355,10 manat faiz borcu, 156,54 manat cərimə borcu olmaqla, cəmi 7723,62 manat hesablanmışdır.

7. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışının surətinə əsasən X2 xx.xx.2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 04 iyul 2024-cü il tarixinə 6211,98 manat əsas borc, 37,70 manat faiz borcu, 9,62 manat cərimə borcu olmaqla, cəmi 6259,30 manat hesablanmışdır.

8. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məxaric orderinin surətindən görünür ki, bank tərəfindən X1 hesabına 9700 manat məbləğində vəsait köçürülmüşdür.

9. İddiaçı QSC tərəfindən borclunun vərəsəsi Cavabdeh2 ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2 banka olan borcunu xx.xx.2025-ci il tarixinədək icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

10. Bərdə rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 140 saylı arayışdan görünür ki, X1 ailə üzvləri aşağıdakılardır: Cavabdeh2 həyat yoldaşı, Cavabdeh3 (qızı), Cavabdeh1 (qızı), Cavabdeh5 (qızı), Cavabdeh4 Kmaal oğlu (oğlu).

11. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 adına ləğv edilmiş DTXK tərəfindən Bərdə rayonu, Samux kəndində yerləşən 0,1200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-170A aylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.

12. ünvan 1 ünvanlanan xx.xx.2025-ci il tarixli 68/2025 saylı məktubda göstərilir ki, xx.xx.1981-ci il tarixində doğulmuş, Bərdə rayonu, Samux kəndi ünvanında qeydiyyatda olmuş, xx.xx.2024-cü il tarixində vəfat etmiş X1 barəsində vərəsəlik işinin açılmasına dair “Elektron notariat” AİS-də məlumat axtarışı bazasında 11 yanvar 2025-ci ilədək olan dövrdə heç bir məlumat aşkar edilməmişdir.

13. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 97,24 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. X2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən X3 aylıq faiz dərəcəsi 2% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür, ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışının surətinə əsasən X2 xx.xx.2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 04 iyul 2024-cü il tarixinə 6211,98 manat əsas borc, 37,70 manat faiz borcu, 9,62 manat cərimə borcu olmaqla, cəmi 6259,30 manat hesablanmışdır.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh ərindən miras əmlak kimi Bərdə rayonu, Samux kəndində yerləşən 12 sot torpaq sahəsi qaldığını bildirmiş, lakin digər vərəslərin miras əmlakdan imtina edəcəyi təqdirdə rəsmiləşdirmənin aparılmasını mümkün olacağını bildirmişdir. Ümumiyyətlə borcun mövcudluğunu inkar etməmiş, lakin vəsaiti olmadığından ödəniş edə bilmədiyini bildirmişdir.

Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

18. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

22. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

25. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

27. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X3 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalanın mirasını rəsmi olaraq, qəbul etməsə də faktiki olaraq qəbul etmiş sadəcə sənədləşmənin aparılması üçün digər vərəsələrin əmlakdan imtinasına nail olmağa çalışdığını bildirmişdir.

32. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı faktiki olaraq qəbul etdiyindən, vərəsənin miras payının həcmi qismində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən mirasın dəyəri tələb edilən borc məbləğindən artıq olduğundan iddia əsaslıdır.

33. Məhkəmə cavabdehin etirazının dəlillərini ona görə əsassız hesab edir ki, əvvəla cavabdehin hazırda borcu ödəmək iqtidarında olmaması iddianın rədd edilməsi üçün əsas deyildir. Digər tərəfdən cavabdeh miras əmlakı qəbul etdiyini inkar etməməklə, əslində sadəcə olaraq miras əmlakdan digər vərəsələrin imtinasına nail olmağa çalışır. Tətbiq edilən prosessual normalar:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

37. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

38. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

40. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

41. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh5 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh4 (qanuni nümayəndə qismində Cavabdeh2) müştərək qaydada 6211,98 manat əsas borc, 37,70 manat faiz borcu, 9,62 manat cərimə borcu olmaqla, cəmi 6259,30 manat məbləğində pul vəsaiti, həmçinin 97,24 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı QSC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6211,98 manat, faiz borcuna görə 37,70 manat, cərimə borcuna görə 9,62 manat olmaqla, ümumilikdə 6259,30 (altı min iki yüz əlli doqquz manat, otuz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 97,24 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh1 (qanuni nümayəndə qismində Cavabdeh2), Cavabdeh5 (qanuni nümayəndə qismində Cavabdeh2) və Cavabdeh4 (qanuni nümayəndə qismində Cavabdeh2) müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar