Məhkəmə qərarları › İş №e-2(001)-6316/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6316/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6316/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehlərə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüquqlarının olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 100821-78672/10 saylı Güzəştli kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, 100821-78672/10 saylı Zaminlik müqaviləsi və maliyyə arayışından görünür ki, kredit müqaviləsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış; zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin icrası üçün məsuliyyəti üzərinə götürmüş; xx.xx.2022-ci il tarixə Cavabdeh2 Banka 1098,95 manat əsas borc və 16,72 manat faiz borcu olmaqla, cəmi 1115,67 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehlər mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1098,95 manat əsas borc və 16,72 manat faiz borcu olmaqla, cəmi 1115,67 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ərizədə 31,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun ona cavabdehlərdən tutularaq ödənilməsini xahiş etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, ərizə verilərkən iddiaçı tərəfindən dövlət rüsumu qismində 31,16 manat ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1098,95 manat əsas borc və 16,72 manat faiz borcu olmaqla, cəmi 1115,67 (min yüz on beş manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 31,16 (otuz bir manat on altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar