Məhkəmə qərarları › İş №e-2(001)-6339/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6339/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6339/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı “X4” Bakı filialının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 15 aprel 2021-ci il tarixli 324 №-li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 18 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı ilə Cavabdeh3 arasında 460 saylı və Cavabdeh2 arasında 461 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan 26 sentyabr 2022-ci il tarixə Banka kredit borcu üzrə 6556,90 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi onun tərəfindən cəmi 3896 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4” Bakı filialının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edir, borcu ödəməkdən heç vaxt boyun qaçırmayıb, lakin hal-hazırda müəyyən çətinlikləri var və borcu birdəfəyə ödəmək iqtidarında deyil. İşə yeni daxil olub, aylıq 500 manat əmək haqqı alır, eyni zamanda kirayə yaşayır. Hal-hazırda aylıq 200 manat ödəniş edə bilər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia tələbini qəbul etdiyini məhkəməyə bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 324 saylı Kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin müqavilə “X4” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış və sonuncunun xx.xx.2022-ci il tarixə banka olan borcu 3.126,87 manat əsas borc və 78,25 manat faiz borcu olmaqla, 3.205,12 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 460 və 461 saylı Zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr “X4” Bakı filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış və müqavilələrə əsasən zaminlər xx.xx.2021-ci il tarixli, 324 saylı Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti üzərlərinə götürmüşlər. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3.126,87 manat əsas borc və 78,25 manat faiz borcu olmaqla, cəmi 3.205,12 manat məbləğində borc tutularaq “X4” Bakı filialına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3.126,87 manat əsas borc və 78,25 manat faiz borcu olmaqla, cəmi 3.205,12 (üç min iki yüz beş manat on iki qəpik) manat məbləğində borc və 53,13 (əlli üç manat on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “X4” Bakı filialına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar