Məhkəmə qərarları › İş №e-2(001)-6344/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6344/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6344/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə kredit müqaviləsi üzrə 4.113,14 manat əsas borcun, 463,22 manat faiz borcunun, cərimə üzrə 111,18 manat və 66,88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı 18 iyun 2021 il tarixli kredit limit müqaviləsinə əsasən Cavabdeh bankdan 19 iyun 2023-ci ilədək qaytarmaq və illik 20% ödəmək şərti ilə aldığı 5.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 20 iyul 2022 il tarixə olan borcun məbləği əsas borc üzrə 4.113,14 manat, faizlər üzrə 463,22 manat, cərimə üzrə 111,18 manat təşkil edir. Borcalan dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. Tələbin əsaslılığını təsdiq edən sənədlər: kredit limit müqaviləsi və ona əlavə (ödəniş cədvəli); bank hesabından çıxarış; borc haqqında arayış. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh 10 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada bildirişi alsa da, 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2021-ci il tarixli, 1180***-*******01L saylı kredit limiti müqaviləsinin 2.1-ci bəndindən görünür ki, kredit verən borcalana 50.000 manat məbləğində 120 ay müddətinə, 18 iyun 2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi min. 15% - max. 40% təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kreditverənə təqdim etdiyi mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir. Müqavilənin 2.7-ci maddəsinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəlikləri icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cərimə ödəyir. Borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq kredit verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş SMS-dən görünür ki, sonuncuya 24 ay müddətinə illik 20% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit təklif edilmiş, X1 həmin kredit təklifini qəbul etmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 iyul 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə bank ilə arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 3 bank iş gün müddətində yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin onlardan tutulması barədə xəbərdarlıq edilmişdir; İddiaçı ASC tərəfindən 28 sentyabr 2022-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 4.113,14 manat əsas, 463,22 manat faiz borcu, cərimə üzrə 111,18 manat, cəmi 4.687,54 manat məbləğində borcu yaranmışdır. 29 sentyabr 2022-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 18 iyun 2021-ci il tarixli, 1180***- *******01L saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh əsas borc 4.113,14 manat, faiz borcu 463,22 manat, cərimə üzrə 111,18 manat olmaqla, cəmi 4.687,54 manat məbləğində borc və 66,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. 18 iyun 2021-ci il tarixli, 1180***-*******01L saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh əsas borc 4.113,14 (dör min bir yüz on üç manat, on dörd qəpik) manat, faiz borcu 463,22 (dörd yüz altmış üç manat, iyirmi iki qəpik) manat, cərimə üzrə 111,18 (bir yüz on bir manat, on səkkiz qəpik) manat olmaqla, cəmi 4.687,54 (dörd min altı yüz səksən yeddi manat, əlli dörd qəpik) manat məbləğində borc və 66,88 (altmış altı manat, səksən səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar