Məhkəmə qərarları › İş №e-2(001)-6387/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6387/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6387/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 15/876 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.

3. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 993,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş və həmin zərərdən cavabdeh 233,52 manat ödəniş etmişdir.

4. İddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 760,08 manat (yeddi yüz altmış manat 08 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 625,12 (altı yüz iyirmi beş manat 12 qəpik) manat və 33,86 (otuz üç manat 86 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1419,06 (bir min dörd yüz on doqquz manat 06 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 15/876 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00510 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 993,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Həmin zərədən cavabdeh 233,52 manat ödəniş etmişdir. Belə ki, cavabdehin akt əsasında 760,08 manat (yeddi yüz altmış manat 08 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2023-cü ilin yanvar-dekabr ayları üzrə 266,80 manat sərfiyyat borcu və limitdən əlavə 3,04 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 243,76 manat sərfiyyat borcu və limitdən əlavə 11,44 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-avqust ayları üzrə 159,32 manat sərfiyyat borcu və limitdən əlavə 0,76 manat sərfiyyat borcu, cəmi 685,12 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayına qədər cavabdeh 60 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 625,12 (altı yüz iyirmi beş manat 12 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 385,20 (bir min üç yüz səksən beş manat 20 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Cavabdehin etirazları:

2. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Tərəflərin izahatları:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə prosesində iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək debitor borcu etiraf etmiş, lakin dəymiş ziyanı qəbul etmədiyini, yəni cəmi 1 gün qanunsuz qoşulma etdiyini etiraf etmiş, ona görə də həmin müddətə münasibətdə vurulmuş ziyanı qəbul etdiyini bildirmiş, oğlunun qazi və özünün də xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

5. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 15/876 saylı müqavilədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır.

6. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 15/876 saylı müqavilənin “müqavilənin predmeti” bəndindən müəyyən edilir ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı da aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.

7. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 15/876 saylı müqavilənin 2.1.6-ci bəndindən müəyyən edilir ki, “İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək)” paylayıcının vəzifəsidir.

8. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, abonent kodu **********00510 olan Cavabdeh ödənilməmiş 2023-cü ilin yanvar-dekabr ayları üzrə 266,80 manat sərfiyyat borcu və limitdən əlavə 3,04 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 243,76 manat sərfiyyat borcu və limitdən əlavə 11,44 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-avqust ayları üzrə 159,32 manat sərfiyyat borcu və limitdən əlavə 0,76 manat sərfiyyat borcu, cəmi 685,12 manat sərfiyyat borcu qalmışdır və o, 2023-cü ilin aprel ayından 2025-ci ilin avqust ayına qədər 60 manat məbləğində ödəniş etmişdir.

9. İş materiallarında olan təbii qazdan istifadə qaydalaraının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli AKT-dan müəyyən edilir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir.

10. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə qəbul edilmiş qərarından müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 90 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün; QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 90 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün; Xarici sobaların maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 1.2x4x90=432 m³; 1.2x6x90-648 m³; 1.5x4x90-540 m³; 1.5x8x90-1080 m³; 1.4x18x90=2268 m³; cəmi: 4968 m².

11. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən məhkəmə qərardadı əsasında verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, "Azəriqaz" İB tərəfindən 2018-ci ilin yanvar ayında 1 aktla abonentə qazdan qanunsuz İstifadəyə görə 993,60 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m³; 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m³; 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m³. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "X1"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifade dövrünü maksimum 3 ay nəzərə almaqla ("X1"-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m³ + 1.4 m³ +1.5 m³) x12saat x 30 gün=1476 m³. 2018-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 1476 m³ =4428 m³, dəyəri 885,60 manat. Beləliklə istehlakçının qazdan qanunsuz istifadəsi təsdiq edilərsə (abonent saldosunun təhlili bu faktı istisna etmir) qaz paylayıcısına dəymiş zərərin məbləği 885,60 manat ola bilər. Qaz paylayıcısına dəymiş zərərin məbləğinin 885,60 manat təşkil edə biləcəyini, bu məbləğdən 233,52 manat ödənildiyini nəzərə alsaq, abonentin cavabdehə qazdan qanunsuz istifadəyə görə olan borcu (mövcud istehlak borcu nəzərə alınmadan) 653,08 manat təşkil edə bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1998-ci il tarixli): - Maddə 11. (6.) Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 13. (8). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2025-ci il tarixli): - Maddə 11.1. Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir. - Maddə 11.3. Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır: 11.3.5. istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək; 11.3.9. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək. - Maddə 12.3. İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. - Maddə 12.6. Pərakəndə satıcının vəzifələri aşağıdakılardır: 12.6.3. istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək; 12.6.6. bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək. - Maddə 16.3. Qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”: - Maddə 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - Maddə 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. - Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

18. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh iddiaçı qarşısında öhdəlik (istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi) götürmüş, lakin öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun iddiaçıya 625,12 manat məbləğində ödənilməmiş debitor borcu qalmışdır. İddia tələbinin debitor borca dair hissəsi cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf edilməklə qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın debitor borca dair hissəsi mübahisəsizdir və iddia bu hissədə təmin edilməlidir.

19. İddia tələbinin vurulmuş ziyana dair hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qaz sayğacından kənara qoşulmaya görə iddiaçı tərəfindən müəyyən edilmiş 4968 m3 qaz sərfiyyatına görə hesablanmış 993,60 manat məbləğində ziyanı cavabdeh qəbul etməmiş və cavabdeh qaz sayğacından kənar qoşulmanın yalnız bir gün olduğunu bildirməklə müəyyən edilmiş qaz sərfiyyatının həddindən artıq şişirdildiyini qeyd etmişdir. Ona görə də məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması üçün ekspertiza təyin edilmişdir.

20. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qaz paylayıcısına dəymiş zərərin məbləği 885,60 manat ola bilər. Qaz paylayıcısına dəymiş zərərin məbləğinin 885,60 manat təşkil edə biləcəyini, bu məbləğdən 233,52 manat ödənildiyini nəzərə alsaq, abonentin qazdan qanunsuz istifadəyə görə olan borcu (mövcud istehlak borcu nəzərə alınmadan) 653,08 manat təşkil edə bilər.

21. Məhkəmə cavabdeh tərəfindən sayğacdan kənar qazdan istifadəyə görə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, bu qətnamənin 13 (AR MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) və 15-ci bəndlərində qeyd edilən qanunvericilik aktlarının tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamaq və bu barədə istehlakçıya məlumat vermək vəzifəsi daşıdığından bu vəzifənin icrası üçün qaz paylayıcısı hər ay istehlakçının sayğac göstəricilərinə baxış keçirməlidir. Qaz paylayıcı tərəfindən istehlakçıya məxsus sayğaca baxış keçirilərkən həmin istehlakçının qaz sayğacından kənar qaz xəttinə qoşulubqoşulmadığını da aşkar etmək imkanına malik olur. Hazırda iddiaçı tərəfindən cavabdeh barəsində qaz sayğacından kənar qaz xəttinə qoşulmaqla bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan öncə, yəni 2017-ci ilin dekabr ayında, eləcə də akt tərtib edildikdən sonra, yəni 2018-ci ilin fevral və ya mart ayı ərzində sayğacından kənar qaz xəttindən istifadəyə dair hər hansı başqa akt tərtib edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə 2018-ci ilin yanvar ayı ərzində baş verdiyindən (qaz paylayıcı daşıdığı vəzifəyə uyğun olaraq 2017-ci ilin dekabr ayında, eləcə də 2018-ci ilin fevral və ya mart ayları ərzində istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablayıb istehlakçıya verməli idi) və sonrakı aylarda cavabdehin sayğacdan kənar qaz xəttindən istifadəsinə dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia dəymiş ziyana münasibətdə hesablanmış 3 aylıq (90 günlük) müddət üçün deyil, 1 aylıq müddət üçün müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmiş 653,08 manat məbləğində borcun 1/3 hissəsi, yəni 1 ay üçün hesablanmış hissəsi, başqa sözlə 217,69 manat (653,08 manat (90 gün üçün hesablanmış borc) : 90 gün (3 ay) = 217,69 manat (1 ay üçün hesablanmış məbləğ)) məbləğində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən debitor borc olaraq 625,12 manat, İddiaçı İB-yə vurulmuş zərərə görə 217,69 manat olmaqla, ümumilikdə 842,81 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Məhkəmə həmçinin, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla da dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

25. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə (ümumi iddia tələbi 1385,20 manat olmuş və bu tələbin 842,81 manat olan hissəsi, yəni 60%-i təmin edilmişdir) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 20,32 manat olan hissəsi (ödənilmiş 33,86 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (60%) münasibətdə olan hissə (33,86*60%=20,32 manat)) cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

26. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı İB-yə vurulmuş zərərə görə 217,69 manat, debitor borca görə 625,12 manat və dövlət rüsumu olaraq ödənilmiş 20,32 manat, ümumilikdə 863,13 manat məbləğ tutularaq İddiaçı hesabına ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

27. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh İddiaçı İB-yə vurulmuş zərərə görə 217,69 manat, debitor borca görə 625,12 manat və dövlət rüsumu olaraq ödənilmiş 20,32 manat, ümumilikdə 863,13 manat məbləğində vəsait tutularaq İddiaçı hesabına (Azərbaycan Beynəlxalq Bankı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin.

3. İddia qalan hissədə təmin edilməsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar