Məhkəmə qərarları › İş №e-2(001)-6402/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6402/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6402/2022 04.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Paşa Bank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Bank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Paşa Bank ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 876İB/2017 saylı razılıq ərizəsi imzalanmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli GTC-876İB/2017 saylı ÜŞT-yə əlavə olan K2881 saylı xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 180% olmaqla 3500 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-876İB/2017 saylı razılıq ərizəsi imzalanmışdır. Tərəflər arasında xx.xx.2019-cu il tarixli GTC-876İB/2017 saylı ÜŞT-yə əlavə olan KX840 saylı xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 180% olmaqla 600 manat məbləğində istehlak xərcləri məqsədilə kredit xətti açılmışdır. Razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri müvafiq redaksiyada qəbul etmiş, lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı K2881 saylı maliyyələşdirmə üçün ərizə üzrə 327 gün, KX840 saylı maliyyələşdirmə üçün ərizə üzrə 638 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə Paşa Bank ASC qarşısında öhdəliyi K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 241,34 manat əsas borc, 10,29 manat faiz borcu, 368,38 manat cərimə borcu olmaqla cəmi 620,01 manat və KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 598,6 manat əsas borc, 14,24 manat faiz borcu, 918,54 manat cərimə borcu olmaqla cəmi 1531,38 manat təşkil edir. Ümumi şərtlər toplusuna əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada, yəni kreditin müddəti bitənədək və kreditin müddəti bitdikdən sonra müəyyən olunur. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Ona görə də K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 241,34 manat əsas borc, 10,29 manat faiz borcu, 368,38 manat cərimə borcu olmaqla cəmi 620,01 manat məbləğində borcun və KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 598,6 manat əsas borc, 14,24 manat faiz borcu, 918,54 manat cərimə borcu olmaqla cəmi 1531,38 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Paşa Bank ASC Cavabdeh arasında tərtib olunan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 №-li versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2018-ci il tarixli GTC-876İB/2017 saylı razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2018-ci il tarixli 1.1.1 №-li versiyası ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. Paşa Bank ASC Cavabdeh arasında tərtib olunan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2019-cu il tarixli GTC-876İB/2017 saylı razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyası ilə razı olmasını imzası ilə təsdiq etmişdir. xx.xx.2018-ci il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə illik 16% dərəcəsi ilə Paşa Bank ASC-dən 3500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2019-ci il tarixli fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə illik 24% dərəcəsi ilə Paşa Bank ASC-dən 600 manat məbləğində kredit götürmüşdür. Paşa Bank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə öhdəliklərini 7 iş günü müddətində yerinə yetirmədiyi təqdirdə məhkəməyə iddia ilə müraciət edəcəyini bildirmişdir. Paşa Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh Paşa Bank ASC-yə xx.xx.2022-ci il tarixinə K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 241,34 manat əsas borc, 10,29 manat faiz borcu, 368,38 manat cərimə borcu olmaqla cəmi 620,01 manat, KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 598,6 manat əsas borc, 14,24 manat faiz borcu, 918,54 manat cərimə borcu olmaqla cəmi 1531,38 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Paşa Bank ASC ilə arasında bağlanan müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca görə 241,34 manat, faiz borcuna görə 10,29 manat, KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca görə 598,6 manat, faiz borcuna görə 14,24 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının müqavilələr üzrə əsas və faiz borcu tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2022-ci il tarixinə K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 20 manat, KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 290-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh K2881 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, əsas borca görə 241,34 manat, faiz borcuna görə 10,29 manat, cəriməyə görə 20 manat, KX840 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, əsas borca görə 598,6 manat, faiz borcuna görə 14,24 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 42 manat olmaqla cəmi 976,47 manat Paşa Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar