Məhkəmə qərarları › İş №e-2(001)-6404/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6404/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6404/2025 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayədəsi və eyni zamanda vəkili Vəkil2, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, onun nümayədəsi və eyni zamanda vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 11 saylı Notariat ofisinin də üçüncü şəxs qismində cəlb olunduğu “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 20 oktyabr 2023-cü il tarixdə ondan 332.000 (üç yüz otuz iki min) manat məbləğində borc almışdır. Cavabdehlə aralarında bağlanmış borc müqaviləsi Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Aralarında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən borc alan – Cavabdeh ondan aldığı 332.000 (üç yüz otuz iki min) manat məbləğində borc pulu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu – Cavabdeh müqavilənin şərtlərini pozaraq 332.000 (üç yüz otuz iki min) manat məbləğində borcdan 62.000 manatını qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəfindən borcluya ona borclu olduğu pul məbləğinin ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, borclu bu günə kimi ona olan 62.000 (altmış iki min) manat məbləğində borcunu qaytarmamışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 433.1, 442, 739 və 741-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 62000 manat pul vəsaitinin, həmçinin məhkəməyə verilmiş iddia tələbinə görə ödənilmiş 276 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 11 saylı Notariat ofisinin də üçüncü şəxs qismində cəlb olunduğu “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, əvvəllər DƏDRX-də işləmiş Sədi Bağırov adlı tanışı 2017ci ildə atası Telman Rüstəmova müraciət etmiş, hazırkı iş üzrə İddiaçı direktoru olduğu «Təməl» KM-nin balansında olan, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin 1.68 ha hissəsini özəlləşdirib çıxarış alınması köməklik edilməsini demişdir. Qarşılıqlı razılıqdan sonra X9 Ağayevin onun atasının adına verdiyi etibarnaməni və torpaq sahəsinin sənədlərinin surətini atasına vermişdir. Ümumi razılıqla Sədi Bağırov hissə-hissə olmaqla, İddiaçı 367.000 manat pul götürmüşdür. Həmin puldan 27.000 manatını X9 Ağayev üçün torpaq sahəsi alan, onun adından çıxış edən maklerlər Məmməd Bəşirov və Cavad Qasımova vermişdir. Nəhayətdə Məmməd və Cavad atasının və X8 Ağayevdən aldıqları pulları hədə-qorxu, aldatma yolu ilə əllərindən almışlar. İddiaçı alınan pulların Məmməd və Cavad vasitəsilə qaytarılmasına baxmayaraq, atasının və Sədi Bağırovun barəsində AR CM-nin 178.3.2 maddəsi ilə başlanmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Atası və Sədi Bağırov məhkəmənin hökmü ilə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilmişlər. Həmçinin həmin cinayət işindən Ruslan Abbasov və qeyriləri barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi ayrılmış və hökm çıxarılmışdır. Ayrılmış cinayət işi üzrə atası 60.000 manat məbləğində zərərçəkmiş şəxs kimi tanınmış və çıxarılmış hökm qanuni qüvvəsini almışdır. Hələ istintaq müddətində İddiaçı aldıqları pulları qaytarmaq məqsədilə atası və Sədi Bağırov tədbirlər görmüşlər. Atası xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan, ümumi dəyəri 250.000 manat olan iki qaraj, iki yarımzirzəmi olmaqla, dörd obyektini borcun əvəzində təminat kimi İddiaçı girov qoyulması üçün, Sədinin adına etibarnamə vermişdir. Atası ona görə Sədinin adına etibarnamə vermişdir ki, Əliəfsərin adından hərəkət edən Məmməd və X13 borca görə ailəsi ilə təhdid edirdilər, hətta Sədi Bağırovun mərhum həyat yoldaşı gəlib atasından xahiş etmişdir ki, uşaqları təhlükədədir, yalvarmışdır ki, obyektləri girov qoymaq üçün əri Sədi Bağırovun adına etibarnamə versin. Atası da vəziyyətin belə olmasını görüb obyektləri borcun təminatı kimi girov qoymaq üçün Sədi Bağırovun adına etibarnamə vermişdir. Sonradan məlum olmuşdur ki, Sədi Bağırov atasının əmlaklarını borcun təminatı kimi girov qoymaq əvəzinə, təhdid altında Bakı şəhəri 19 saylı Notariat kontorunda əvvəldən İddiaçı adından çıxış edən Məmməd Bəşirovun va Cavad Qasımovun adına və onların təqdim etdikləri adamların adına formal alqı-satqı qaydasında özgəninkiləşdirmişlər. Məmməd və X13 ailəsi və uşağı ilə təhdid etdiklərindən, hədə qorxu ilə atasının mülkiyyətində olan obyektləri dəyərindən əhəmiyyətli dərəcədə ucuz qiymətə rəsmiləşdirərək ələ keçirmişlər. Sonradan məlum olmuşdur ki, İddiaçı olan borca görə təminat kimi girov qoyulması üçün verilmiş obyektlər, nə də obyektlərin alqı-satqısı nəticəsində əldə edilmiş pul vəsaiti İddiaçı verilməmişdir. Obyekləri Məmməd və Cavad ələ keçirmişlər. Obyektərin formal alqısatqısına görə müqavilədə göstərilən pul Sədi tərəfindən atasına verilməmişdir. Sədi Bağırov bildirir ki, bankda qol çəksə də, ona bir manat da pul verilməmişdir. Nəticədə atasının əmlakları əlindən çıxmış və alqı-satqı pulu da atasına verilməmişdir. Əslində daha artıq qiymətə olan obyektləri cəmi 70.000 manata alqı-satqı etmişlər. Qeyd etdiyi kimi obyektlərin hələ, o dövrə görə 250.000 manat qiyməti vardır. Bu mübahisəyə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Həmin məsələ ilə bağlı atası 4 ilə yaxın müddətdə CCM-də Sədi Bağırovla birlikdə məhkum kimi cəza çəkmişlər. Məhkəmələr işə baxdığı müddətdə İddiaçı olan 367.000 manat borcu atası təkrar ödəməli olmuşdur. Atası və Sədi Bağırov CÇM-də olarkən İddiaçı ərizə yazaraq bildirmişdir ki, atasından hər hansı bir tələbi yoxdur. Onun pullarını Məmməd və Cavad adlı maklerlər (əslində onun işlərini görən maklerlər idi) ələ keçirmişlər. Əliəfsər həm Binəqədi RPİ-nin 6-cı PB-nə şikayət ərizəsi vermişdir, həm də ərizənin surətini CÇM-də olarkən, poçt vasitəsilə atasına da göndərmişdir. Hazırkı işə gəldikdə bildirmişdir ki, o, İddiaçı bir manat da olsun pul almamışdır. Bu hal ərizədə göstərdiyi əhvalatın davamıdır. Borc müqaviləsi formaldır, İddiaçılə aralarında kreditor-borclu münasibəti olmamışdır. O, ondan borc istəməmiş və o, da ona borc verməmişdir. Hazırkı müqavilə formal olaraq, atasının cinayət işi üzrə İddiaçı şikayətini geri götürməsinə görə bağlanmışdır, hansı ki, cinayət işi üzrə borc Əliəfsər tam olaraq ödənilmişdir. Cinayət işi üzrə icraat zamanı Əliəfsərə həmin borc məbləği iki dəfə ödənilmişdir. İddiaçı isə borcun qaytarılması və tələbinin olmaması barədə məhkəməyə ərizə vermirmiş, prosessual imkandan sui-istifadə edirmiş. Onun məhkəməyə vermiş olduğu 750.000 manat pul tələbinə dair mülki iddiası məhkəmə tərəfindən təmin edilməsə də, tələbindən əl çəkməmişdir. İş materiallarında təqdim etdiyi kredit müqaviləsindən görünür ki, müqavilə xx.xx.2023-cü il tarixdə 11 saylı Notariat ofisində təsdiq edilmişdir. İş materiallarında təqdim etdiyi İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanmış “Mən İddiaçı yazıb Sizə bildirirəm ki, X1 mənə vurduğu zərər tam ödənilmişdir. Onunla barışmışam, ona qarşı heç bir şikayət, tələbim və iddiam yoxdur. Xahiş edirəm ərizəmi nəzərə alasınız” məzmunda ərizəsi xx.xx.2023-cü il tarixdə, həmin 11 saylı Notariat Ofisində təsdiq edilmişdir. İş materiallarında təqdim etdiyi qəbzlərdən görünür ki, atası X7 Ağayevə olan borcdan xx.xx.2020-ci il tarixdə 8.000 manat və istintaq dövründə 17.200 manat pul vəsaitləri ödəmişdir. Bundan başqa, atası və Sədi Bağırovun barəsində cinayət işinə apellyasiya qaydasında baxılarkən İddiaçı 10.000 manat pul vəsaiti ödənilmişdir. Bu xüsusat Bakı Apellyasiya Məhkəməsinin qərarında və İddiaçı kassasiya şikayətində və dövlət ittihamçısının kassasiya protestində öz əksini tapmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nə daxil olmuş ərizədən, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş ərizədən, xx.xx.2022-ci il tarixli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə daxil olmuş ərizədən və İddiaçı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizədən görünür ki, o, etibarnamə verdiyi makler Məmmədin əməllərindən zərər çəkdiyini bildirir, atası və Sədi tərəfindən ona çatması üçün verilən pulu, əmlakı ələ keçirdiyini bildirmişdir. Qeyd edilənlərlə və təqdim etdiyi yazılı sübutlarla təsdiq edilir ki, əslində İddiaçılə atası Telman Rüstəmov və Sədi Bağırov arasında pul münasibətləri olmuşdur. Həmin məsələ məhkəmə orqanlarında baxılmış və qəbul edilmiş qərarlarla həllini tapmışdır. Qeyd etdiyi kimi istintaq və məhkəmə dövründə İddiaçı vurulmuş zərərin əvəzi ödənilsə də, şikayətini geri götürməmiş, müxtəlif yazılarında fərqli tələblər irəli sürmüşdür. Ona görə də, Əliəfsərin özünün təklifi ilə aralarında belə bir formal kredit müqaviləsi bağlanmışdır. Hər bir halda onunla Əliəfsər arasında heç bir münasibət olmamış və ona bir manat da, pul verilməmişdir. Atasının işinə Ali Məhkəmədə baxılarkən, yəni xx.xx.2023-cü il tarixdə atasının və qeyrisinin işi üzrə zərərçəkmiş şəxs olan İddiaçı ona 332.000 manat məbləğində borca pul verməsi qeyd etdiyi kimi formaldır. Atasının işinin yüngülləşdirilməsi üçün məcbur idi ki, Əliəfsərin dediklərini etsin. Özü də bilirdi ki, aralarındakı müqavilə formaldır. Notariusla özü danışıb müqavilənin təsdiq edilməsini razılaşdırmışdır. İddiaçı atasını təsir altında saxlamaq üçün onunla formal kredit müqaviləsi bağlamışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337 və 743.1-ci maddələri ilə əsaslandıraraq, İddiaçı ilə aralarında Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, SM-1622 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı nümayədəsi və eyni zamanda vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə Vəkil2 eyni zamanda iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62000 manat pul vəsaitinin, həmçinin məhkəməyə verilmiş iddia tələbinə görə ödənilmiş 276 manat dövlət rüsumunun və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, onun nümayədəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, nümayəndə Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası etibarsız müqaviləyə əsaslandığından və tələb üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh arasında kreditor-borclu münasibəti olmamış, iddiaçı cavabdehin atasından və qeyrisindən olan tələbinə görə cavabdehlə formal kredit müqaviləsi bağlamışdır. Əslində müqavilə bağlandığı gün və ümumiyyətlə iddiaçı cavabdehə kredit verməmişdir. İş üzrə bu xüsusat məhz xx.xx.2023-cü il tarixdə iddiaçının həmin notariat ofisində cavabdehin atasından şikayət və tələbinin olmamasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim etmək üçün təsdiq etdiyi ərizəsi ilə təsdiq edilir. İddiaçının istinad etdiyi müqavilə etibarsızdır və bu barədə cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi-vəkil olaraq hesab edir ki, iddiaçı hazırkı tələb üzrə həm də iddia müddətini ötürmüşdür. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh əlavə olaraq bildirmişdir ki, Əliəfsərin özünün təklifi ilə aralarında belə bir formal kredit müqaviləsi bağlanmış, onunla Əliəfsər arasında heç bir münasibət olmamış və ona bir manat da, pul verilməmişdir. Atasının işinə Ali Məhkəmədə baxılarkən, yəni xx.xx.2023-cü il tarixdə atasının və qeyrisinin işi üzrə zərərçəkmiş şəxs olan İddiaçı ona 332.000 manat məbləğində borca pul verməsi qeyd etdiyi kimi formaldır. Atasının işinin yüngülləşdirilməsi üçün məcbur idi ki, Əliəfsərin dediklərini etsin və həmin məbləğ fərqli də ola bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs Bakı şəhəri 11 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsinin, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 332000 manat məbləğində pul vəsaitini borca vermiş, borc alan Cavabdeh krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən X2 aid hissədə dəyişdirilmiş və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 il müddətinə endirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə təqdim edilmiş Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq olunmuş zərərçəkmiş şəxs İddiaçı ərizəsinə və məhkəmə çıxışına nəzər yetirilərkən X1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyi, qarşı tərəfin ondan heç bir şikayətinin və hər hansı iddia və tələbinin olmaması müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanmış və ünvan 1n görünür ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, ərizəsində X4 tərəfindən vurulmuş zərərin ona tam olaraq ödənildiyini, onunla barışdıqlarını və ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını qeyd etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilədə İddiaçı öz xətti ilə Cavabdeh vermiş olduğu 320.000 manatdan 250.000 manatının qaytarıldığını qeyd etmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı bildirmişdir ki, Telman Rüstəmov tərəfindən ona dəymiş ziyandan 17200 manatı Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də ibtidai istintaq zamanı və 8000 manat ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “Milliön” ödəniş sistemi vasitəsi ilə İddiaçı tərəfindən “Ekol” vəkil bürosuna hüquqi xidmətin göstərilməsi ilə bağlı 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 İddiaçı tərəfindən ona pul verilmədiyini, ona 400000 manat məbləğində pul vəsaitinin Mamed Bəşirov və Cavad Qasımov tərəfindən verildiyini, Mamed Bəşirov və Cavad Qasımov onun 4 ədəd əmlakını 250000 manat məbləğində qiymətləndirərək cinayət işi üzrə icraata xitam verilməsi məqsədilə onlara verilməsini istəmişlər. O, borcu bağlamaq üçün onlara sözügedən 4 ədəd əmlakını və əlavə olaraq 88000 manat məbləğində pul vəsaitini vermiş, daha sonra isə həmin əmlakların notariat orqanlarında satıldığını öyrənmişdir. O, cəzaçəkmə müəssisəsində cəza çəkərkən dostu - Ramazan adlı şəxs onun borcundan təmənnasız olaraq iddiaçıya ümumilikdə 270000 manat məbləğində pul vəsaiti vermişdir. Bu söhbət Ramazan adlı şəxsin otağında baş tutmuş, iddiaçı ilə cavabdeh də orada olmuşlar. Cavabdeh, yəni övladı Cavabdeh onun həbsdən azad edilməsi məqsədilə formal olaraq məcburiyyət qarşısında sadəcə müqaviləni imzalamış, cavabdeh iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Məhkəmə ilk növbədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında olan mövqeyinə əsaslanaraq iddianın hüquqi əsasını təşkil edən 20 oktyabr 2023-cü il kredit müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Maddə 337.3) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Maddə 340.1) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.(Maddə 340.2.) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bununla yanaşı, qeyd edilməlidir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir. Odur ki, əqdin tərəfi yalnız bu hallara istinad edərək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətlərdə məhkəmədə iddia qaldırdıqda əqdi mübahisələndirmiş sayılır. Göstərilənlərə əsasən, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Beləliklə, Mülki Məcəllənin 354-cü maddəsinə ümumi şəkildə və formal mülahizələrlə istinad etməməli, əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilibedilmədiyinə qiymət verməli, etibarsızlığın digər növləri üzrə 354.2-ci maddəni ümumiyyətlə müzakirə və tətbiq etməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. (maddə 743.1) Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (maddə 743.2) Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.(maddə 745.4) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda Plenum qeyd etmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Məhkəmə ilkin olaraq tərəflər arasında münasibətlərin müəyyənləşdirilməsini zəruri hesab edir. Belə ki, hazırkı iş üzrə Cavabdeh ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ata-oğuldurlar. Tərəflər arasında mübahisənin yaranmasına səbəb isə hazırkı iş üzrə şahid qismində dindirilmiş şəxsin müxtəlif tarixlərdə İddiaçı qarşı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda dələduzluq cinayətinin törədilməsi nəticəsində, həmin şəxsin cəzasının təyini zamanı yüngülləşdirici hal kimi zərərçəkənə dəyən zərərin ödənilməsi ilə bağlı Cavabdeh ilə borc (kredit) müqaviləsinin bağlanması nəzərə alınmışdır. Mülki işdə olan sübutlarla müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi barədə ittiham irəli sürülmüş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2023cü il tarixli Qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkum X1 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən X2 aid hissədə dəyişdirilmiş və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 il müddətinə endirilmişdir. Həmin iş üzrə zərər çəkmiş şəxs qismində İddiaçı (hazırki iş üzrə ilkin iddia tələbi üzrə iddiaçı) cəlb edilmiş və sonuncu hazırki mübahisənin predmeti olan kredit müqaviləsinə əsaslanaraq ona dəymiş ziyanın tam ödənildiyini, X2 qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Bununla da təsdiq edilir ki, cavabdehin atası ilə İddiaçı arasında borc münasibətləri mövcud olmuş, cavabdehin atasının hərəkətlərində məhz dələduzluq əlamətləri sübut edildiyi, bu hərəkətləri nəticəsində onun tərəfindən İddiaçı maddi zərərin vurulması, həmçinin həmin zərərin ödənilməsi üçün İddiaçılə Cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda kredit müqaviləsinin bağlanması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə İddiaçı ilə Cavabdeh arasında borc verən İddiaçı borc alan Cavabdeh 332000 manat məbləğində pul vəsaitini borca vermiş, borc alan Cavabdeh krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda ilkin iddia tələbi üzrə Cavabdeh 11 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin məhz cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı olduğunu, müqavilənin predmeti olan 332000 manat məbləğində pul vəsaitinin məhz İddiaçı tərəfindən notariat ofisinə təqdim edildiyini, bununla da sözügedən müqavilənin formal olaraq bağlandığına istinad etməklə onunla İddiaçı arasında bağlanmış 20 oktyabr 2023cü il kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilən hallar, o cümlədən tərəflərin xx.xx.2023-cü il tarixli müqaviləyə qədərki və sonrakı danışıqları, habelə hərəkətləri belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən kredit müqaviləsi qeyd edilən cinayət işi ilə bağlı cavabdehin atası tərəfindən hazırki iş üzrə iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsinin təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi iddiaçı, borclu kimi isə cavabdeh qeyd olunmuşdur. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pul kredit (borc) qismində verilməmiş, hüquqi nəticə etibarı ilə həmin müqavilə cinayət işi çərçivəsində cavabdehin atasının iddiaçıya vurduğu zərərin (mövcud olan borcun) etirafının sənədləşdirilməsi məqsədi ilə bağlanmışdır. Hər bir halda, həm İddiaçı tərəf, həm də cavabdeh 332000 manatın xx.xx.2024-cü il tarixədək ödənilməsi ilə bağlı razılığa gəldiklərini bildirirlər, lakin cavabdehin atası ilə hazırki iş üzrə iddiaçının arasında borcun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşmanın tərtib edildiyi, habelə kredit müqaviləsinin bağlandığı müəyyən edilmir. Belə olan halda, iddiaçının onun etibarından sui-istifadə edərək, ona maddi ziyan vuran, buna görə barəsində cinayət işi qaldırılan şəxsin adi sözünə (vədinə) inanaraq, ona dəymiş ziyanın ödənilməsi barədə ərizə verməsi nəinki inandırıcı deyil, ümumiyyətlə həmin vaxt mövcud olan vəziyyətə görə onların arasında belə bir razılığın olması mümkün deyildir. Təqsirləndirilən şəxsin verdiyi vəd birmənalı şəkildə zərərçəkmiş şəxsə münasibətdə təminat altına alınmalı idi. Mübahisələndirilən kredit müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlanması, məhz bundan sonra cinayət işi üzrə zərərçəkmiş şəxsin, yəni hazırki iş üzrə iddiaçının Ali Məhkəmənin Cinayət Kollegiyasına maddi ziyanın ödənilməsi ilə bağlı ərizə ünvanlaması ilə eynilik təşkil etməsi belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi təqsirləndirilən şəxsin etirafına uyğun olaraq iddiaçıya dəyən real maddi zərərin qaytarılması üçün təminat məqsədilə bağlanmışdır. Huquqi nəticə etibarı ilə qeyd edilən müqavilə ilə təqsirləndirilən şəxs razılaşma yolu ilə etiraf etdiyi borcun icrası öhdəliyini aralarında olan razılığa və iddiaçının (kreditorun) icazəsi ilə cavabdehə vermiş, bu münasibətlərdə cavabdeh əvvəlki borclunu, yəni atası olan təqsirləndirilən şəxsi əvəz etmişdir. Məhkəmə o halı da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birbaşa olaraq cinayət işi üzrə tərəf kimi çıxış etməsə də, atasının iddiaçıya vurduğu real maddi zərərin borc kimi sənədləşdirmək düşüncəsi ilə hərəkət etmiş, yəni notariat ofisində kredit müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun, faktiki iddiaçıya dəyən real zərərin ödənilməsi öhdəliyinin üçüncü şəxsə (cavabdehə) verilməsi sənədləşdirilmişdir. Bu hal həmin əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə, həmin müqavilə mövcud borcun icrası öhdəliyinin üçüncü şəxsə verilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan tərəflərin sərbəst iradə ifadəsi arasında bağladıqları xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsızlığını şərtləndirən hər hansı hal müəyyən olunmur. Cavabdeh atasına yüngül cəza verilməsinə nail olduqdan sonra hazırki iddia ilə buna əsas olmuş kredit müqaviləsinin etibarsızlığını mübahisələndirməklə hüquqi nəticə etibarı ilə vicdanlıq prinsipinə zidd hərəkət edərək, hüquqdan sui-istifadə edir ki, bu da yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, 20 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə razılaşdırılmış 332000 manat pul vəsaitindən ödənilməmiş 62000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan, yəni kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən Cavabdeh tərəfindən 20 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı ilə bağlı mülki qanunvericlikdə müəyyən edilmiş iddia müddətinin ötürülməsini də nəzərə almışdır. Cavabdeh tərəfindən ilkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi məsələsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Mülki Məcəllənin 745.4-cü madəsinə istinad edərək, borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir il olmasına əsaslanmaqla, iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən mübahisənin predmeti olan kredit müqaviləsi mövcud borcun etirafı müqaviləsi kimi qiymətləndirildiyindən hazırkı mübahisəyə mülki məcəllədə müqavilə tələbləri ilə bağlı müəyyən edilmiş 3 illik iddia müddəti tətbiq edildiyindən məhkəmə cavabdehin vəsatətini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası təmin olunsun. Cavabdeh 62000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 276 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 11 saylı Notariat ofisinin də üçüncü şəxs qismində cəlb olunduğu “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar