Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-643/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti ev 69, 110 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 87.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi üzrə “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi” və “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” tələbləri hissəsində icraata xitam verilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00270-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 17.150 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti ev 69, 110 №-li mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya MA 0225172, tarix: xx.xx.2011) ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tariхli 2022/000270-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 87.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 21 sentyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 15.576,66 manat məbləğində qalıq, ona hesablanmış 2128,86 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.705,52 manat məbləğində borc yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Cavabdeh1 məhkəmə iclaslarında nümayəndə və vəkili vasitəsilə təmsil edilmiş və sonuncu məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndə Vəkil əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ekspert rəylərinə hər hansı etirazları yoxdur, Cavabdeh1 alacağını aldıqdan sonra banka olan borcundan ödənişlər edəcəkdir. Cavabdehlər ər-arvaddır və hazırda da nikahdadırlar.
6. Digər Cavabdeh2 məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi bağlanmış, borcverən (İddiaçı BOKT ASC) borcalana (Cavabdeh1) 24 may 2021-ci il tarixli, 2021/00132-01 saylı kreditin restrukturizasiyası üçün 36 ay müddətinə, 17150 manat kredit vermişdir, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30 faizi təşkil etdiyi müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 17150 manat məbləğ Cavabdeh1 "xxxx" ASC-nin Universal filialında olan hesabına köçürülmüşdür.
9. İpoteka saxlayan İddiaçı BOKT ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 2022/00270-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 24 may 2021-ci il tarixli 2021/00132-01 kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzildən ibarət olmuş və ipoteka predmetinin dəyəri 87000 manat məbləğində müəyyən edilmişdir.
11. Ödəniş qrafikinə əsasən borcalan kredit müqaviləsi üzrə hər ay 728.04 manat olmaqla 36 ay ödəniş etməli idi.
12. xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarış məlumatına əsasən borcalan tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş edilmişdir.
13. Kreditor tərəfindən borcalan və ipoteka qoyana ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manat tələb edilmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra İddiaçı BOKT ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir.
14. İddiaçı 21 sentyabr 2023-cü il tarixə tərtib edilmiş maliyyə arayışına əsasən borcalandan kredit müqaviləsi üzrə əsas borca görə 15576.66 manat, faiz borcuna görə 2128.86 manat, dəbbə borcuna görə 1000 manat pul tələb edir.
15. Borcun məbləği borcalanın nümayəndəsi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli rəyinə əsasən borcalanın xx.xx.2023-cü il tarixə olan borcunun əsas borc üzrə 16322.86 manat, faiz borcu üzrə 1517.13 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri isə 100 manat təşkil etmişdir.
16. Məhkəmənin təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün onun likvid dəyəri ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0116 saylı Hesabatına əsasən, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 89800 manat olduğu müəyyən edilmişdir.
17. Məhkəmə iclaslarında təmsil edilən Cavabdeh1 borcunun olduğunu faktiki olaraq qəbul etmiş, lakin maddi vəziyyəti ilə bağlı borcunu ödəmək imkanında olmadığını bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. İşin müəyyən edilən hallarından göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
27. Bununla belə məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə tələb etdiyi məbləği qismən əsaslı hesab edir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər
29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2023-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixinə əsas borca görə 15906.66 manat, faiz borcuna görə 1357.84 manat, dəbbə borcuna görə 1697.85 manatın ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda isə iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışına görə isə borcalandan xx.xx.2023-cü il tarixinə hesablanan 15576.66 manat əsas, 2128.86 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 18705.52 manat məbləğində borcun ödənilməsini tələb edir.
30. Göründüyü kimi iddiaçı müqavilədən imtinadan sonrakı dövr üçün edilmiş ödənişi nəzərə alaraq əsas borcu azaltsa da, müqavilə münasibətinin davam etdiyinə əsaslanaraq borcluya faiz borcu hesablamışdır. Bu isə yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin tələbinə uyğun deyildir.
31. Odur ki, məhkəmə faiz məbləğinin tutulması hissəsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir və müqavilədən imtina edildiyi vaxta qədər olan faiz borcunun borcalandan tutulmalı olduğu qənaətinə gəlir. Əsas və cərimə borcuna münasibətdə isə məhkəmə həm ekspert rəyini, həm hesabdan çıxarış məlumatlarını nəzərə alır və iddiaçının tələbi ilə razılaşır.
32. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı krediti müqaviləsi üzrə borcalanın əsas borcunun 15576.66 manat, faiz borcunun 1357.84 manat, cərimə borcunun isə 1000 manat olduğu müəyyən edilməli və həmin məbləğlər Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
33. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
36. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
37. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
38. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
39. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
40. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
41. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
42. 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
43. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
44. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
45. 34.1.4.-cü maddəsinə əsaəsn bu Qanunda nəzərdə tutulmuş digər hallarda;
46. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
47. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
48. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
49. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;
50. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
51. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borcalan tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
52. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mütəxəssis rəyi ilə razılaşır və o qənaətə gəlir ki, ilkin satış qiyməti 89800 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
55. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
57. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
58. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 15576.66 manat, faiz borcuna görə 1357.84 manat, cərimə borcuna görə 1000 manat olmaqla, ümumilikdə 17934,5 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə 17934,5 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilə yönəldilməli; ünvan 1 ünvanında yerləşən 75.18 kv.m ümumi, 48.08 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilin ilkin satış qiyməti 89800 manat müəyyən edilməklə açıq hərracdan satılmalı; satışdan əldə olunan vəsait hesabına xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə borc ödənilməli; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılmalı; ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
59. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT ASCyə ödənilməlidir.
60. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 15576,66 manat, faiz borcuna görə 1357,84 manat, cərimə borcuna görə 1000 manat olmaqla, ümumilikdə 17934,5 (on yeddi min doqquz yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli, 2022/00270-01 saylı kredit müqaviləsi üzrə 17934,5 manat məbləğində borcun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 75,18 kv.m ümumi, 48,08 kv.m yaşayış, 27,1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 75,18 kv.m ümumi, 48,08 kv.m yaşayış, 27,1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 110 nömrəli mənzilin ilkin satış qiyməti 89800 (səksən doqquz min səkkiz yüz) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli, 2022/00270- 01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 (yüz qırx bir) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100(bir yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev