Məhkəmə qərarları › İş №e-2(001)-6443/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6443/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6443/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2853 (iki min səkkiz yüz əlli üç) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 50 (əlli) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3003 (üç min üç) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı “icarəyəverən”, Cavabdeh “icarəçi” olmaqla aralarında bağlanmış 23 iyun 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən “Ravon R3” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçiyə icarəyə vermişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “minik avtomobillərin və avtofurqonların sürücüsüz icarəsi” olmaqla fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2022-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddiaçı hal-hazırkı iddia tələbində cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin icarəsinə verilmiş avtomobilə dəymiş ziyanı tələb edir. Göründüyü kimi, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Eyni zamanda o da qeyd edilməlidir ki, İddiaçı fərdi sahibkar kimi fəaliyyətini müvəqqəti dayandırsa belə, bu nüans işə kommersiya məhkəməsində baxılmaması üçün əsas deyil. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 04 oktyabr 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 04 oktyabr 2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar