Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-647/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində bağlanmış, 1387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 iyul 2005-ci il təvəllüdlü X3 və 30 yanvar 2009-cu il təvəllüdlü X4 adlı uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 30 yanvar 2009-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 12 dekabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 fevral 2005-ci il təvəllüdlü X3 və 30 yanvar 2009-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, ümumilikdə 174 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Hazırda uşaqlardan Gülzar yetkinlik yaşına çatmış, Mədinə isə 15 yaşındadır. Bu yaşda uşağın gündəlik tələbatlarının ödənilməsi üçün 87 manat aliment kifayət etmir. İddia ərizəsi “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmışdır. Cavabdehin vəkili iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin alimentlə bağlı qətnaməsi 11 ildir qüvvəyə minib icraya yönəlsə də, cavabdeh məhkum olunduğundan və artıq 12 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, həmçinin, cəzasını hələ də çəkməyə davam etdiyindən alimenti ödəyə bilməmiş, həmin vaxtdan aliment borcu yığılmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat həddində müəyyən edilsə də, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyətinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır...İddiaçı özü işləmək və uşaqları saxlamaq qabiliyyətindədir, cavabdeh isə 12 ildir cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan başqa, yuxarıda qeyd olunan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən də hazırki halda iddiaçının 11 il ərzində aliment almadan uşaqları saxlaya bilməsi, tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyinin olmaması, əksinə cavabdehin hələ də məhkum olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməsi, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə heç bir təsirinin olmaması, eləcə də cavabdehin aliment məbləğini ödəmək imkanının və qabiliyyətinin olmaması aliment məbləğinin artırılmasını istisna edən hallardır və bu halda aliment məbləğinin artırılması üçün əsaslar mövcud deyildir. İddiaçı tərəfindən cavabdehə 109431 manat pulun ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi isə icraya yönəldiyi tarixdən 1 il keçməsinə baxmayaraq, bugünədək qətnamə icra olunmamış, pul ödənilməmişdir. İddiaçı 11 il ərzində aliment məbləğinin artırılması barədə iddia qaldırmaması, məhz ondan 109431 manat pulun tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi uşağın saxlanması üçün deyil, məhz Cavabdeh ödəməli olduğu pul vəsaitini əvəzləşdirmək məqsədi daşıyır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənləri təsdiq etdiyini, iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində bağlanmış, 1387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 iyul 2005-ci il təvəllüdlü X3 və 30 yanvar 2009-cu il təvəllüdlü X4 adlı uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(103)-3088/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, İddiaçı 109431 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qərara alınmış, qətnamə icraya yönəldilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki illərdəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, təhsili, geyimi və s. ilə bağlı xərclərin mövcudluğunu və iddia tələbini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği 220 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşağın üstün maraqlarına uyğundur. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazda göstərdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi cavabdehin maddi vəziyyətində müsbətə doğru heç bir dəyişikliyin olmamasına, əksinə, onun uzun illərdir ki cəzaçəkmə müəssisəsində cəza çəkməklə, maddi gəlirinin olmamasına, əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş alimenti ödəyə bilmədiyi üçün alimentin məbləğinin yığıldığına istinad etsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 109431 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və qətnamə icraya yönəlmişdir. Bu isə o deməkdir ki, toplanmış aliment borcunun, habelə bu qətnamə ilə müəyyənləşdirilmiş alimentin həmin məbləğ hesabına ödənilməsi mümkündür və bu hal cavabdehin maddi vəziyyətində müsbətə doğru nəzərə çarpacaq dəyişiklik deməkdir. Digər tərəfdən, məhkəmə onu da vurğulayır ki, iddiaya etirazda göstərilən xüsusatlar uşağın hazırki dövrdə aylıq 87 manat aliment hesabına saxlanması üçün əsas ola bilməz. Bu məbləğdə alimentlə uşağın yuxarıda sadalanan heç bir maddi tələbatının təminatı mümkün olmamaqla, alimentin bu məbləğdə saxlanması uşağın mənafeyinə ciddi dərəcədə ziddir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, həy ay 220 manat sabit pul məbləğində müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 133 manat) 1596 manat olduğuna (133 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 35,9 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilməklə, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 30 yanvar 2009-cu il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bu məbləğdə alimentin hesablanması qətnamə çıxarıldığı 29 yanvar 2024-cü il tarixdən aparılsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Dövlət rüsumunun əvəzi kimi 35,9 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə, mediasiya xərci kimi isə 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-647/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-647/2024
29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver