Məhkəmə qərarları › İş №e-2(001)-6595/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6595/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6595/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı maddi ziyan və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X3 Cavabdeh qarşı maddi ziyan və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X3 ilə abonent Cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış AKX-0060634/01 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqaviləyə əsasən Azəriqaz İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmiş, cvabadehə Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04270 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və qazdan istifadə qaydalarının tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, Azəriqaz İB-nin əməkdaşları istehlakçının istifadəsində olan qaz sayğacını dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə edilməsini, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında Azəriqaz İB-yə 216 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa cavabdehin ödənilməmiş 2021-ci ilin may-dekabr ayları üzrə 332,40 manat sərfiyyat borcu, limitdən əlavə 13,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-may ayları üzrə 84,96 manat sərfiyyat borcu olmaqla cəmi 430,46 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra abonentin 120,30 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmiş, həmin borcundan abonent 103,20 manat ödəniş etmişdir (430,46+17,10=447,56 manat). 2021-ci ilin may ayından 2022-ci ilin sentyabr ayına qədər cavabdeh cəmi 100 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 347,56 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin Azəriqaz İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 563,56 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Azəriqaz İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də Cavabdeh iddiaçı Azəriqaz İB-yə vurduğu maddi ziyana görə 216 manat, debitor borcna görə 347,56 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 593,56 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı X3 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında Cavabdeh izahatında iddiaçının 347,56 manat borc tələbini qəbul etdiyini, borcunu hissəhissə ödəyəcəyini, lakin, sayğaca müdaxilə etmədiyindən 216 manat maddi ziyan tələbini qəbul etmədiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). X2 Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli № AKX- 00606xx/xx-2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində istifadə olunan qaz sayğacı mənfiyə işlədiyi üçün yenisi ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2021-ci il tarixli ******* saylı aktından müəyyən olunur ki, 29/1710-02132-2 laboratoriya rəyinə əsasən G4 **********3 №-li sayğacın mənfiyə işləməsi, klapanının işlək olmadığı müəyyən olunmuşdur. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli 29/1710-02132-2 saylı aktına əsasən G4 **********3 №-li sayğacın klapanının işlək olmadığı, klapanın açıq olması, element yuvasının qapağının ətrafında kənar təsir izinin olması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 qaz sərfiyyatına görə (4x6x90=2160 m3) maddi ziyanın ödənilməsi qərara alınmışdır. X3 tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qaz sərfiyyatına görə qalıq və aktlar üzrə cəmi borcu 563,56 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu səbəbdən iddiaçı cavabdehin qaz sayğacının yarasız vəziyyətə salınmasında təqsirini sübuta yetirmək vəzifəsi daşıyır. İddiaçı Azəriqaz İB Cavabdeh hərəkətləri, yəni sayğaca müdaxilə etməsi nəticəsində ona 216 manat maddi ziyan vurmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərtib etdiyi sənədlərlə sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcısına dəymiş maddi ziyan üçün iddiaçı məsuliyyəti cavabdehin üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmadığından, iddiaçının müdaxiləni sübut edən sənəd kimi, təqdim etdiyi akt və rəy, yalnız sayğacın kənar təsir nəticəsində düzgün işləmədiyini təsdiq etməklə bu müdaxilənin məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmədiyindən iddiaçının maddi ziyana görə cavabdehə qarşı 216 manat tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə eyni zamada hesab edir ki, araşdırma zamanı cavabdehin qaz sərfiyyatına görə iddiaçıya 347,56 manat borcunun olması öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu bərabər hissələrdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qaz səriyyatına görə yaranmış borca görə 347,56 manat, dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 362,56 manat X1 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar