Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6631/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 336699-1- 29749 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 6126.19 manat məbləğində əsas borc, 555.93 manat məbləğində faiz üzrə borcu, 446.70 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 7128.82 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 91.29 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2021-ci il tarixli 336699-1-29749 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 17.9% hesablanması şərti ilə 48 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 6126.19 manat məbləğində əsas borc, 555.93 manat məbləğində faiz üzrə borcu 446.70 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 7128.82 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı kredit müqaviləsinə, ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, illik 22,90 % olmaqla 6500 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 07 yanvar 2022-ci il, sonuncu ödəniş tarixi 08 dekabr 2025-ci il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 ı müqavilə üzrə 11 oktyabr 2022-ci il tarixinə 616,19 manat əsas borc, 555,93 manat faiz borcu və 446,70 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7128,82 manat borc hesablanmışdır.
7. İddiaçı ASC-nin cavabdeh X2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borclu X2 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
8. 13 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 123 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
9. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı kredit müqaviləsi bağlanmış və ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, illik 22,90 % olmaqla 6500 manat məbləğində kredit vermişdir. Cavabdeh əfaqətli Cahid Cəmşid oğlu müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 7128,82 manat borc hesablanmışdır. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
15. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
16. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
17. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
18. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
20. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
21. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən bankın təqdim etdiyi maliyyə arayışı ilə borcalanın əsas borc üzrə 6126,19 manat, faiz borcu üzrə isə 555,93 manat borcunun olduğu sübut edilir. Əsas və faiz borcunun əsassızlığı ilə bağlı iş materiallarında hər hansı şübhə doğuran məqam müəyyən edilməmişdir.
22. Məhkəmənin gəldiyi qənaətə görə, 07 dekabr 2021-ci il tarixli 336699-1- 29749 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 6126,19 manat, faiz borcu üzrə isə 555,93 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
23. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 446,70 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
24. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07 dekabr 2021-ci il tarixli 336699-1- 29749 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 6126,19 manat, faiz borcuna görə 555,93 manat, cərimə borcuna görə isə 300 manat olmaqla, ümumilikdə 6982,12 manat məbləğində pul vəsaiti və 91,29 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 07 dekabr 2021-ci il tarixli 336699-1-29749 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 6126,19 manat, faiz borcuna görə 555,93 manat, cərimə borcuna görə isə 300 manat olmaqla, ümumilikdə 6982.12 (altı min doqquz yüz səksən iki manat, on iki qəpik) manat məbləğində pul vəsaiti və 91,29 (doxsan bir manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev