Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6713/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı evin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1 otuz ildir ki tanıyır. Ailəlikcə dostluq etmişdir. Gediş-gəlişləri var idi. Bununla yanaşı 6 il müddətində birlikdə Texniki Peşə məktəbində işləmişlər. 2012-cı ildə cavabdeh iddiaçının evinin yaxınlığında torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində birinci ailəsi ilə birlikdə ev tikdilər. Evin tikintisi başa çatdıqdandan sonra cavabdeh içki düşkünü olduğu üçün oğlanları onu evdən qovdular. Həmin dövürdə cavabdeh küçələrdə qaldığı üçün iddiaçıdan xahiş etdi ki, evinin bir otağını ona kirayə versin. Cavabdehin heç nəyi olmadığı üçün ilkin olaraq belə razılığa gəldilər ki, cavabdeh kommunal xərcləri ödəyəcək. Özünə gəldikdən sonra isə orada qalası olsa hər ay 85 manat kirayə haqqı ödəyəcək. Cavabdeh 2 il 6 ay iddiaçının evində kirayə qaldı və ancaq kommunal ödənişləri ödəməkdə iddiaçıya köməklik etdi. 2017-ci ildə cavabdeh yenidən gələrək bildirdi ki, yenə də problemləri var, evsiz eşiksizdir, küçələrdə qalıb və iddiaçıdan xahiş etdi ki, icazə versin yenə də evində kirayədə qalsın. İddiaçı və qızı bununla heç cür razılaşa bilmədilər. Cavabdeh yalvar-yaxar edərək dedi ki, onda iddiaçı aşağıdakı “anbarı” boşaldsın, o da orada qalsın. Yenə 85 manata razılaşdılar, lakin imkanı olmadığından ancaq kommunal xərcləri ödəməyə başladı. Söz verdi ki, özünə gələn kimi kirayə haqqını da ödəyəcək. İddiaçı bu dəfə də cavabdehə mərhəmət göstərərək həyətindəki tikiliyə buraxdı və özünə məxsus olan xalça, divan, stol, qab-qacaq verdi. Bir müddət keçdikdən sonra cavabdeh ona 50 manat işıq pulu verdi ki, işığa borcu olmasın. Sonradan cavabdeh iddiaçıdan xahiş etdi ki, kirayə haqqının əvəzi kimi həyətdə hamam-tualet tikilməsinə icazə versin. İddiaçı buna etiraz etmədi. Ustaların və cavabdehin yemək, içmək xərcləri iddiaçıdan olmaqla evin qabağında mətbəx və hamam-tualet tikilmişdir. Bundan sonra cavabdeh iddiaçıya dedi ki, “ay Tünzalə bir halda ki sən məni çöllərdə qoymadın, sən dedin ki, dəyməyəcəm sənə, nə qədər istəyirsən qal məndə hörmət əlaməti olaraq sənə hələ kirayə pulu verməsəmdə, qazım, işığın, suyun pulunu vaxtında ödəyəcəm”. Cavabdeh işləyirdi, gedirdi oradan buradan qazanıb gətirirdi, 3 manat, 5 manat axır ki, yəni problemləri bir az az olurdu. İşləməyəndə də durub baxırdı bunun yerinə iddiaçı ödəyirdi. İddiaçı səhhətində problemlərin olmasına və maddi cəhətdən həddindən artıq çətinlik çəkməyinə baxmayaraq cavabdehdən kirayə haqqını istəmirdi. Fikirləşirdi ki, köhnənin tanışıdırlar, çörək kəsiblər, yəqin imkanı olanda verər. Sonralar cavabdeh ümumiyyətlə kommunal xərclərini də ödəməkdən yayındı. Belə olan halda iddiaçının qızı narazılığını bildirərək dedi ki, əziyyətlə, zülümlə işləyib əmək haqqı alır, onunda yarısını kommunal xərclərə ödəyir. İddiaçı cavabdehdən heç olmasa 20 manat su pulu ödəməsini xahiş etdi. Cavabdeh ödəyəcəyini bildirsə də su pulunu ödəmədi. İddiaçı bunun səbəbini soruşduqda dedi ki, pulum yoxdur, bəs nəvaxt olacağının sualına cavab olaraq dedi ki, 5 ildən sonra. İddiaçı cavabdehə bildirdi ki, 7 ildir ki, evində qalır, ən aşağı qiymətdən 85 manatdan hesablasa 7140 manat pul edir. Hamam və mətbəxə olan 2000 xərclərinin çıxılsa, 5140 manat, əvəzinə ödədiyi komunal xərclər görə 500 manat, iddiaçıya olan borcu isə 500 manatdır. Ümumilikdə 6.140 manat borcu var, o isə bunun əvəzində hələ ki, yalnız 20 manat istəyir. Bununla da münasibətləri pozuldu və bu ilin iyul ayında qızı evdən gedərək iddiaçını tək qoydu. Belə olan halda iddiaçı cavabdehdən borcunu ödəməyi və evi boşaltmağı tələb etdi, o isə yoldaşı ilə birlikdə iddiaçını hədələyərək evi boşaltmayacağını bildirdi. Bir həftədən sonra iddiaçını polis bölməsinə dəvət etdilər və bildirdilər ki, cavabdeh ondan polisə şikayət etmişdir. Ərizə ilə tanış olduqda məlum oldu ki, cavabdeh iddiaçını əxlaqsızlıqda günahlandırır. Araşdırma zamanı cavabdehin dediklərinin şər və böhtan xarakterli olduğu məlum oldu. Bununla yanaşı kirayə haqqının və komunalların ödəməməsinin səbəbi kimi bildirdi ki, o həmin otaqı iddiaçıdan 3 min manata almışdır. Polisin həmin alqı-satqının hansı şəraitə, kimin yanında pulun verilməsi sualına cavabdeh tərəfindən cavab verilə bilmədi və pulun verilməsinində yalan olduğu aydın oldu. Belə olan halda iddiaçı məcbur olub suyu və qazı ayırmalı oldu. Qaza 185 manat borcu tam ödəyərək bağladı. Suya isə 385 manat borcu qalıb. Cavabdeh hal-hazırda iddiaçının 6140 manat borcunun qaytarılması və evi boşaltmağa dair tələblərinı məhəl qoymur, tam əksinə olaraq əlavə səs-küy salmaqla iddiaçını narahat edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, mübahisəli evin tikildiyi torpaq sahəsi dövlət tərəfindən bir Qarabağ qazisinə verilmiş və o, İddiaçı həmin toraq sahəsinə dair etibarnamə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, 2012ci ildə yoldaşı hələ sağ idi və onlar birlikdə başqa yerdə yaşayırdı. 2016-cı ildə yoldaşı rəhmətə getdi və o, yoldaşı ilə birlikdə yaşadığı evdə qala bilmədi. Eyni zamanda tək yaşamaq ona çətin olduğuna görə 2017-ci ildə dostunun baldızını Ucardan gətirdi ki, biryerdə yaşasınlar. Bundan sonra uzun illər tanıdığı Tünzalənin yanına getdi və orada ətrafda uyğun qiymətə evin satılıb-satılmamasını soruşdu. Tünzalə soruşdu ki, nə qədər pulun var, cavab verdi ki, pulu azdır. Bir daxma göstərdi ki, buranı təmir edib yaşaya bilərmi, o da cavab verdi ki, qiymətdə razılaşsalar – bilər. Dedi 4000 pulu var, Tünzalə də razılaşdı. Bundan sonra o, Tünzaləyə dedi ki, daxmanın qabağında 2 metr yer də versin ki, o, sanitar qovşağı tikə bilsin. Tünzalə razılaşdı və onu arxayın saldı ki, polisdən narahat olmasın – heç kim onun tikintisinə mane olmayacaq, yüzcə manat xərci var. Evi alanda Tünzaləyə dedi ki, gedək notariusa, o da cavab verdi ki, adına heç bir sənəd yoxdur, notariusa gedib neynəyəcəklər. O, bilirdi ki, Tünzalə 90-cı illərin ortalarında, sonra da 2012-ci ildə insan alverinə görə tutulmuşdur. Ona görə də, pulu verməmiş soruşdu ki, köhnə işlərindən əl çəkib ya yox, Tünzalə də onu əmin elədi ki, bununla bağlı heç bir narahatçılığı olmayacaq. Amma belə olmadı. Tünzalənin evində daim səs-küy, dava, evlərində qızlar saxlayırdı, adamlar gəlib-gedirdi. Giriş-çıxışları və həyətləri ayrı olsa da, bu dözülməz idi. Bu ilin yayınadək dözdü, bundan sonra artıq dözə bilmədi və polisə müraciət etdi. Aralarında kirayə haqqı ilə əlaqədar heç vaxt söhbət olmayıb, 4000 manat pulunu verib evini alıb. Yeganə səhvi o olub ki, pulu qurtardığına görə sayğacları ayıra bilmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli tikilinin inşa edildiyi (*tərəflərin sözlərinə görə) torpaq sahəsi Qarabağ müharibəsi əlili X3 ayrılmış və o, xx.xx.2008-ci il tarixdə İddiaçı 1 il müddətində qüvvədə olmuş etibarnamə vermişdir. Halhazırda həmin etibarnamə 15 ildir ki, qüvvədən düşüb. Yəni hal-hazırda iddiaçının boşaldılıb təhvil verilməsini tələb etdiyi tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İddia ərizəsinin pul tələbinə dair hissəsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı cavabdehdən 6140 manat tələb edilməsini əsaslandıra biləcək hər hansı sübut təqdim etməmiş və tələbin hansı əsaslarla (*özünün iddia ərizəsində göstərdiyi kimi) 8 ildən çox müddət keçdikdən sonra irəli sürülməsinin ağlabatan səbəbi nə iddia ərizəsindən, nə də ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-6713/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6713/2023
12.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver