Məhkəmə qərarları › İş №e-2(001)-6714/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6714/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6714/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 243.75 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(001)- 4555/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 1625 məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 243.75 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 243.75 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək bildirmişdir ki, iddia tələblərini müdafiə edirlər, iş yükünün çox olması ilə əlaqədar məhkəmə cilasında bankın nümayəndəsinin iştirakının təmin olunması mümkün olmayacaqdır. Bunu nəzərə alaraq, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: “X3 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcalana cari hesab açmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 4555/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1404,87 manat əsasə, 168,68 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1593,55 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. “X1” MMC ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və /və ya İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (vəkillik) xərci ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvə verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi) (iş qovluğu təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (bocların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və.s) yığılmasından (geri ödənişlərdən) cəmi 15% nisbətində hüquqi xidmət (vəkillik) haqqı(xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cüi il pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 243.75 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. "xxxx" MMC göstərdiyi xidmətlərə görə “X3 Azərbaycan” QSC-yə təhvil verdiyi borc ödənişləri barədə təhvil aktının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə 1625 manat (25% 243.75 manat) borc ödəmişdir. “X3 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2021-ci ildə təmin edilmiş 1625 manat məbləğində pul vəsaitinə görə “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 243.75 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-4555/2021 saylı məhkəmə qətnaməsi ilə ödənilməmiş borc kreditorun xeyrinə tutulmuşdur. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 243.75 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 6.1.2-ci maddəsinə əsasən məhkəmə əmrləri icra sənədi sayılır. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və "xxxx" MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar