Məhkəmə qərarları › İş №e-2(001)-6731/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6731/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6731/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi ilə, İddiaçı «X5mayan Kredit Təşkilatı» ASC-nin nümayəndəsi X1 «X5mayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı «X5mayan Kredit Təşkilatı» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli 107/24 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 3218 əsas, 94.17 faiz, 10.92 cərimə borcu, cəmi 3323.09 manat borcunu və məhkəməyə ödənilmiş 53.77 AZN rüsumun, ümumilikdə 3376.33 Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya illik 13 faiz hesablanmaqla 36 ay müddətinə 4100 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli 107/24 nömrəli istehlak krediti müqaviləsi imzalanmışdır. Lakin cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəlik lazımınca yerinə yetirilməmişdir. Belə ki, sonuncu tərəfindən kredit ödəniş qrafiki üzrə müəyyənləşdirilmiş aylıq ödənişlər tam həcmdə ödənilməmiş,aylıq ödəniş gecikdirilmişdir. xx.xx.2025-ci il tarixindən etibarən isə borclu tərəfindən öhdəlik heç bir həcmdə icra edilməyib. Kredit müqaviləsi üzrə Cavabdeh bu gün üçün 3218 əsas, 94.17 faiz, 10.92 cərimə borcu, cəmi 3323.09 kredit borcu mövcuddur. Müvafiq öhdəliyin icra olunması ilə bağlı dəfələrlə borcalana şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Cavabdehə sonuncu yazılı rəsmi xəbərdarlıq xx.xx.2025-ci il tarixində edilmişdir. İddiaçının nümayəndəsi elektron sistem vasitəsilə ərizə ünvanlayaraq məhkəmədə iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2026-cı il tarixdə isə elektron qaydada müraciət edərək onların iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasları barədə müvafiq qaydada xəbərdarlıq edilmiş, lakin o iştirak etməmiş və bununla bağlı məhkəməyə üzürlü səbəb göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki iş materiallarını tədqiq edib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli 107/24 nömrəli kredit müqaviləsinə «X5mayan Kredit Təşkilatı» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 13 faiz ödəmək şərti ilə 4100 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə «X5mayan Kredit Təşkilatı» ASC -yə əsas borcu 3218 manat, 94.17 manat faiz borcu,10.92 manat cərimə borcu təşkil edir. xx.xx.2025-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya (bildiriş) məktubuna əsasən Cavabdeh həmin tarixə «X5mayan Kredit Təşkilatı» ASC -yə əsas borcu 3218 manat, 75.58 manat faiz, 4.20 manat cərimə borcu olmaqla ümumilikdə 3297.78 manat borcu öhdəliyi barədə məlumatlandırmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə işin faktiki halları ilə cavabdehin kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təsdiq olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, əsas borc üzrə 3218 manat, faiz borcu üzrə 75,58 manat, cərimə borcu üzrə 4.20 manat olmaqla, ümumilikdə 3297.78 manat borcu məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 53.77 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. «X5mayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 107/24 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3218 ( üç min iki yüz on səkkiz) manat, faiz borcu üzrə 75,58 manat, cərimə borcu üzrə 4.20 manat olmaqla, ümumilikdə 3297,78 (üç min iki yüz doxsan yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 53.77 (əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq «X5mayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar