Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6751/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı «X3» Bakı Filialının etibarnamə əsasında nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X3”-ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “X3” Bakı Filialının xeyrinə 21 oktyabr 2022-ci il tarixinə olan 1622,17 manat əsas borc, 72,93 manat faiz borcu olmaqla, cəmi 1695,10 manat kredit borcunun və 36,95 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “X3” Bakı Filialı ilə Cavabdeh1 arasında imzalanmış 04 noyabr 2020-ci il tarixli, 497 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 19 faizlə, 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı Filialı ilə Cavabdeh2 arasında 789 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 21 oktyabr 2022-ci il tarixə banka kredit borcu üzrə 3478,29 manat ödəniş yerinə yetirilməli idi. Lakin, 21 oktyabr 2022-ci il tarixə kimi borcalan tərəfindən banka 2164 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. 21 Oktyabr 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 1695,10 manat təşkil edir. Bundan 1622,17 manat əsas borc və 72,93 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini, qeyd edilən məbləğdə borcunun olduğunu və maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini, gələcəkdə həmin borcu hissə-hissə ödəməyi nəzərdə tutduğunu bildirmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın ona aid hissədə qəbul etmədiyini Bankdan kredit götürülən zaman zamin dursa da həmin borcun ondan tutulmasına razı olmadığını və onun başqa Banka da borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini və maddi imkanı olmadığı üçün ödənişlər edə bilmədiyini bildirərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini ona aid hissədə qəbul etmədiyini, əsas borclunun Cavabdeh1 olduğunu və onun ancaq zamin olduğunu və özünün də başqa banklara borcu olduğunu bildirərək, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli, 497 saylı Kredit müqaviləsindən görünür ki, «X3» Bakı Filialı ilə Cavabdeh1 arasında illik 19% olmaqla 24 ay müddətə Cavabdeh1 3000 (üç min) manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 151,23 manat olmaqla, 04 noyabr 2022-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 04 noyabr 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 3000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 noyabr 2020-ci il tarixli, 497 saylı Kredit müqaviləsi üzrə 1622,17 manat əsas borc və 72,93 manat faiz borcu olmaqla, cəmi 1695,10 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 04 noyabr 2020-ci tarixli 789 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 «X3» Bakı Filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli, 497saylı Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi zamin durmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Zamin Bank qarşısında borcalanın 04 noyabr 2020-ci il tarixli 497 saylı Kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində həmçinin bu kreditlə əlaqədar yaranan və yaraana biləcək hər cür zərər komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişin surətlərindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlər 04 noyabr 2020-ci il tarixli, 497saylı Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsi ilə, Cavabdeh2 04 noyabr 2020-ci il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və «X3» -a ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1622,17 manat əsas borc və 72,93 manat faiz borcu olmaqla, cəmi 1695,10 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehlərdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 36,95 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 noyabr 2020-ci il tarixli Kredit müqaviləsi üzrə 1622,17 (min altı yüz iyirmi iki manat 17 qəpik) manat məbləğində əsas borc, 72,93 (yetmiş iki manat 93 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1695,10 (min altı yüz doxsan beş manat 10 qəpik) manat məbləğində borc və 36,95 (otuz altı manat 95 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «X3» Bakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-6751/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6751/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver