Məhkəmə qərarları › İş №e-2(001)-6760/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6760/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6760/2024 20.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 1.231,98 manat əsas borc, 91.36 manat faiz borcu və 20.00 manat dəbbə borcu olmaqla, cəmi 1.343.34 manat məbləğində borcun və işə məhkəmə baxılması üçün ödənilmiş 34.40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 09 oktyabr 2023-cüil tarixli GARA-34881-4121 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 09 oktyabr 2023-cü il tarixdə GARA-34881-4121+GARA-34893 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasənhər ay 82.00 (səksən iki) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 15 oktyabr 2024-cü il tarixi üçün Cavabdeh1 verilmiş kredit üzrə 1231.98 manat əsas borc, 91.36 manat faiz borcu və 20.00 manat dəbbə borcu olmaqla, cəmi 1 343.34 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - "xxxx" MMC ilə Cavabdeh1 arasında 09 oktyabr 2023-cüil tarixli GARA-34881-4121 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli, GARA- 34881-4121+GARA-34893 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Bank arasında 09 oktyabr 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. - maliyyə arayışından görünür ki, 09 oktyabr 2023-cüil tarixli GARA-34881-4121 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-nə 1.231,98 manat əsas borc, 91.36 manat faiz borcu və 20.00 manat dəbbə borcu olmaqla, ümumilikdə 1.343.34 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləyə əsasən, sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 34,40 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.231,98 manat əsas borc, 91.36 manat faiz borcu və 20.00 manat dəbbə borcu olmaqla, ümumilikdə 1.343.34 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 34,40 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar