Məhkəmə qərarları › İş №e-2(001)-6821/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6821/2025

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6821/2025 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, iddiaçı – İddiaçı cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı **-GA-*** dövlət nömrə nişanlı, istehsal ili 2005-ci il olan X1 markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh2 vermişdir.

2. Cavabdeh2 avtomobili təhvil aldıqdan sonra 2025-ci ilin aprel ayının 15-dək avtomobili icarəsində saxlamış, həmin avtomobil ilə fərqli tarixlərdə, fərqli inzibati xətalar törətmişdir.

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobilinə vurulmuş 1350 manat maddi zərərin, 1126 manat məbləğində ödədiyi cərimənin əvəzinin və 1180 manat icarə haqqının, fevral ayından sentyabr ayınadək aylıq 600 manat olmaqla 4200 manat əldən çıxmış faydanın, 98,56 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının doğma qardaşıdır. Cavanşir 2024-cü ildə Şövqi adlı bir tanışına maşın lazım olduğunu və satdığı maşını ona satmağını xahiş etdi. İddiaçı isə qardaşına olan etibarına görə avtomobilini Şövqiyə satmağa razı oldu. Həmin vaxt avtomobili Şövqiyə göstərmiş, ondan xeyrinə əlyazma almış, sonradan bütün danışıqları da məhz cavabdehlə ikisinin arasında olmuşdur. Belə ki, ona məxsus **-GA-*** dövlət nömrə nişanlı, istehsal ili 2005-ci il olan X1 markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh2 vermişdi. Həmin etibarnamənin müddəti xx.xx.2026-cı ilə qədər olduğundan avtomobili onun istifadəsinə vermişdi. Aralarında olan razılaşmaya əsasən avtomobili 14000 manata qiymətləndirməklə, Cavabdeh2 xx.xx.2024-cü ildən 2000 manat ilkin ödəniş etməklə, 20 ay müddətinə gündəlik 20 manat ayda 600 manat ödəməklə avtomobildən istifadə etməli, avtomobili saz vəziyyətdə saxlamalı və nasaz, vuruq vəziyyətdə geri qaytardıqda təmir və nasazlığı aradan qaldırmalı idi. Ödəniş 2 ay gecikdirildikdə avtomobili geri götürməli, cavabdehin istifadəsində olduğu müddətdə heç bir xərcini qarşılamamalı idi. Razılaşmaya əsasən 20 ay ərzində aylıq 600 manat icarə haqqını tam və vaxtında ödədiyi təqdirdə müddətin sonunda avtomobili onun mülkiyyətinə keçirməli idi. Lakin Cavabdeh2 avtomobili təhvil aldıqdan sonra 2025-ci ilin aprel ayının 15-dək avtomobili icarəsində saxlamış, həmin avtomobil ilə fərqli tarixlərdə, fərqli inzibati xətalar törədərək 15 aprel 2025-ci ildə avtomobilinin mühərrikini, şinlərini və bir çox ehtiyyat hissələrini xarab etmişdir. 2025-ci ilin fevral, mart və aprel aylarının 600 manat məbləğində icarə haqqını da ödəmədiyindən ondan icarə haqqını tələb etdikdə avtomobili nasaz vəziyyətdə qaytarmış və nə cərimələrini ödəmiş, nə də avtomobilin yararsız hala saldığı ehtiyat hisslərini düzəltmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi cavabdeh avtomobilə 1350 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh həmçinin törətdiyi inzibati xətalar üzrə cərimələrini də ödəmədiyindən avtomobilinin həbsə görə cərimə meydançasına yerləşdirilməməsi və faizlərin hər gün şişməməsi üçün onun cərimələrini də ödəməli oldu. Belə ki, onun törətdiyi EQ25136393 nömrəli protokola görə 160 manat, EQ26302621 nömrəli protokola görə 80 manat, EQ25553915 nömrəli protokola görə 80 manat, EQ24863834 nömrəli protokola görə 80 manat, EQ24552923 nömrəli protokola görə 80 manat, EQ25553916 nömrəli protokola görə 80 manat, EQ26304270 nömrəli protokola görə 78.50 manat, İXP6753642 nömrəli protokola görə 64 manat, EQ24595562 nömrəli protokola görə 80 manat, EQ26838228 nömrəli protokola görə 61 manat, EQ26844829 nömrəli protokola görə 59 manat, AYN1214668 nömrəli protokola görə 20.60 manat, EQ25095481 nömrəli protokola görə 16 manat, EQ26575573 nömrəli protokola görə 18 manat, AYN0782968 nömrəli protokola görə 32 manat, EQ24748735 nömrəli protokola görə 32 manat, EQ25083621 nömrəli protokola görə 16 manat, EQ25596360 nömrəli protokola görə 16 manat, AYN1147950 nömrəli protokola görə 24.80 manat, EQ25592096 nömrəli protokola görə 16 manat, EQ25083329 nömrəli protokola görə 16 manat olmaqla, cəmi 1126 manat məbləğində cərimə ödəməli oldu. Beləliklə cavabdeh ümumilikdə avtomobilə vurulmuş zərərə görə 1350 manat məbləğində maddi ziyan vurmuş və fevral ayından 280 manat, mart və aprel ayına görə 1200 manat icarə haqqınının cəmi kimi 1480 ödəməmişdir. Cavabdehdən dəfələrlə avtomobilini düzəltməsini və ya vurulmuş zərəri, cərimələri və icarə haqqını ödəməsini tələb etsə də həmin məbləği ödəməmişdir. Artıq hadisədən 7 ay müddət keçməsinə baxmayaraq nə ilkin ödəniş kimi ödəməli olduğu məbləği ödəmiş, nə dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamış, nə avtomobilimə dəymiş maddi zərər, nə cərimələrin əvəzi, nə də icarə haqqı ilə bağlı heç bir qanuni tədbir görülməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maşında olan cərimələr və texniki nasazlıq səbəbindən iddiaçı maşınını idarə edə, sata, icarəyə verə bilmədiyindən 7 ay ən azı ayda 600 manat faydadan məhrum olmuşdur. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək köməklik göstərilməsini xahiş etdi. Həmin xidmətin göstərilməsi üçün 100 manat ödəniş etməli oldu.

Cavabdehin etirazları:

5. Cavabdehlər tərəfindən məhkəməyə hər hansı yazılı etiraz ərizəsi təqdim edilməmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı ilə qardaş olduğunu, iddiaçıya məxsus avtomobili iddiaçının adından digər Cavabdeh2 onun verdiyini, hazırki tələblə bağlı məhz buna görə məsuliyyət daşıdığını bildirmişdir.

8. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X1 markalı, **-GA-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən İddiaçı mülkiyyətindədir.

10. İş materiallarında olan nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, X1 markalı, **-GA-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək etibar edilmişdir.

11. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsinin surətindən müəyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında razılaşma əldə olunmuş, avtomobil 14000 manata qiymətləndirməklə, Cavabdeh2 xx.xx.2024-cü ildən 2000 manat ilkin ödəniş etməklə, 20 ay müddətinə gündəlik 20 manat, ayda 600 manat ödəməklə avtomobildən istifadə etməli, avtomobili saz vəziyyətdə saxlamalı və nasaz, vuruq vəziyyətdə geri qaytardıqda təmir və nasazlığı aradan qaldırmalı, ödəniş 2 ay gecikdirildikdə avtomobili geri götürməli, cavabdehin istifadəsində olduğu müddətdə heç bir xərcini qarşılamamalıdır.

12. İş materiallarında olan protokol üzrə çıxarışlardan və Azərbaycan Beynəlxalq Bankı ASC-nin hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, EQ25592096 nömrəli protokola görə 16 manat, EQ25083329 nömrəli protokola görə 16 manat, EQ25083621 nömrəli protokola görə 16 manat, EQ25596360 nömrəli protokola görə 16 manat, AYN1147950 nömrəli protokola görə 24.80 manat, AYN0782968 nömrəli protokola görə 32 manat, EQ26575573 nömrəli protokola görə 18 manat, EQ25095481 nömrəli protokola görə 16 manat, AYN1214668 nömrəli protokola görə 20.60 manat, EQ26844829 nömrəli protokola görə 59 manat, EQ26838228 nömrəli protokola görə 61 manat, EQ24595562 nömrəli protokola görə 80 manat, İXP6753642 nömrəli protokola görə 64 manat, EQ26304270 nömrəli protokola görə 78.50 manat, EQ24863834 nömrəli protokola görə 80 manat, EQ24552923 nömrəli protokola görə 80 manat, EQ25553916 nömrəli protokola görə 80 manat, EQ25553915 nömrəli protokola görə 80 manat, EQ26302621 nömrəli protokola görə 80 manat, EQ25136393 nömrəli protokola görə 160 manat, EQ24748735 nömrəli protokola görə 32 manat olmaqla, cəmi 1124,4 manat məbləğində cərimə iddiaçı tərəfindən ödənilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. - Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

18. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən hazırki iddia tələbinin hüquqi əsası kimi zərər vurmadan (deliktdən) əmələ gələn öhdəlik çıxış edir.

19. Məhkəmə iddia tələbinə münasibətdə isə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.

22. Məhkəmə işin hallarını, eləcə də təqdim edilmiş sübutları araşdıraraq qeyd edir ki, iddiaçı avtomobilinə vurulmuş ziyanla, həmçinin ödənilmədiyini iddia etdiyi icarə haqqı və əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, eləcə də iddia ərizəsində qeyd etdiyi bu tələblərini digər vasitələrlə də sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mülkiyyətində olan avtomobili cavabdehlərdən Cavabdeh2 icarəyə verdiyini iddia etsə də, o, bu halla bağlı da sübutları məhkəməyə təqdim edə bilməmiş, sadə yazılı formada əlyazma ilə yazılmış “alqı-satqı” müqaviləsi adlandırdığı və yalnız şəklinin olduğunu bildirdiyi “müqavilə”ni məhkəməyə təqdim edərək cavabdehlə aralarında rəsmiləşdirdiyi müqavilənin ondan ibarət olduğunu bildirmişdir. Sözügedən “müqavilə”yə münasibətdə məhkəmə bildirir ki, iddiaçı həmin müqavilədə razılaşdırdıqlarını bildirdiyi halları – ilkin olaraq Cavabdeh2 tərəfindən 2000 manat məbləğində ödənişin edildiyi, daha sonra isə razılaşdırılmış məbləğləri müəyyən müddət ödədiyini bildirməsinə baxmayaraq, bu halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilmədiyindən və həmin “müqavilə”nin əslinin olmadığını bildirdiyindən iddiaçının müqavilə adlandırdığı həmin sənəd mötəbər sübut olaraq qəbul edilə və ona istinad edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə vurulmuş ziyana, icarə haqqına və əldən çıxmış faydaya münasibətdə sübuta yetirilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.

23. Məhkəmə iddianın ödənilmiş cərimə məbləğlərinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırki qətnamənin 12-ci bəndində də qeyd edildiyi kimi cavabdehlərdən Cavabdeh2 tərəfindən iddiaçıya məxsus avtomobil idarə edilərkən müxtəlif vaxtlarda yol hərəkəti ilə bağlı müxtəlif qayda pozuntularına yol verilmiş və bu səbəbdən də Cavabdeh2 barəsində inzbibati xəta haqqında protokollar tərtib edilərək inzibati qərarlar qəbul edilmiş və o, müxtəlif məbləğlərdə inzibati qaydada cərimə edilmişdir. Cavabdeh2 barəsində tətbiq edilmiş inzibati cərimə məbləğləri iddiaçı tərəfindən ödənilmiş və beləliklə də iddiaçı cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış cərimə məbləğlərinin ödənilməsinə görə ümumilikdə 1124,4 manat məbləğində zərərə məruz qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş cərimə məbləğlərinə münasibətdə qismən təmin edilməli və iddiaçı tərəfindən Cavabdeh2 əvəzinə ödənilmiş 1124,4 manat məbləğində vəsait Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsində qeyd edir ki, məhkəmə tədqiqatı zamanı, eləcə də mülki iş materiallarına əsasən hazırki iddia tələbi üzrə Cavabdeh1 hər hansı məsuliyyəti və öhdəliyi müəyyən edilmədiyindən, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz.

25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,8 manat məbləğində vəsait (iddia tələbi ümumilikdə 7856 manat olmuş və ona görə də iddiaçı tərəfindən 98,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iddia qismən təmin edildiyindən və iddianın təmin edilən hissəsi 1124,4 manat məbləğindən ibarət olduğundan, sözügedən məbləğ isə ümumi tələbin 14 faizini (1124.4 / 7856=14 faiz) təşkil etdiyindən, ödənilmiş 98,56 manat dövlət rüsumunun 14%-i (iddianın təmin edilmiş hissəsi), yəni 13,8 manat (98.56*14%=13.8)) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

26. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ödənilmiş cərimə məbləğlərinin əvəzi olaraq 1124,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,8 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Ödənilmiş cərimə məbləğlərinin əvəzi olaraq 1124,4 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,8 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar